Sfogliatella: italyan badamburası?

Bölmələr: // Şərh yaz

Uzun müddət idi ki, yazmaq imkanım olmurdu. Əlimə fürsət düşən kimi italyan mətbəxinin incilərindən olan sfoqliatella haqqında yazmaq qərarına gəldim.

Bu balıqqulağına bənzər biş-düş məhsulu İtaliyanın cənubunda yerləşən Kampaniya (Campania) regionunun şirniyyatıdır. Deyilənə görə, sfoqliatella 18-ci əsrdən İtaliyanın Salerno əyalətində Santa Roza monastırında ixtira edilib. Daha sonra 19-cu əsrdə bu şirniyyatın resepti Neapola gəlib çıxıb.

Sfoqliatella iki cür xəmirdən hazırlana bilər (xüsusən Neapol mətbəxində): ya "çox-qat" xəmirdən, ya da "ovulan" xəmirdən (xəmirlər haqqında burada oxu). Ovulan xəmirdən hazırlanan sfoqliatellanın xarakteristik silsilə qatları olmur.

Sfoqliatellanın araqosta növü (kofeli, limonlu, şokolad kremli və kremli)

Hazırlanması badamburanı xatırladır (xəmirlər fərqlidir) və bir az da uşaqlığımın "truboçkalarına" oxşayır. Xəmir kündələri nazik yayılır və üzərinə yağ sürtülür. Digər xəmir qatları əvvəlki qatın üzərinə qoyulur və eyni cür yağlanır. Sonra, yağlanmış xəmir qatları bir tərəfdən tutularaq xalça kimi bükülür. Bükülmüş xəmir bıçaqla kiçik hissələrə kəsilir. Kəsiklərə əllə forma verilir və içlə doldurulur.

Badamburadan fərqli olaraq sfoqliatella üçün müxtəlif içlərdən istifadə etmək olar, misal üçün şokolad kremi və yaxud da evdə hazırlanmış cem/ mürəbbə. Kəsiklər doldurulduqdan sonra xəmirin üst qatları silsilə kimi ayrılana qədər sobada bişirilir.

Bəzi yerlərdə sfoqliatellanı Milad bayramı üçün hazırlayırlar. İtaliyada olsanız oraların sfoqliatellasını dadın. Evdə badambura hazırlasanız başqa içlə doldurub azərbaycansayağı sfoqliatella hazırlaya bilərsiniz.

0 comments:

Post a Comment