İspan tortillası və ya kartof-yumurta

Bölmələr: // Şərh yaz

İspan tortillası (tortiya oxunur) ənənəvi İspaniya yeməyidir. İspanca adı "tortilla de patatas", yəni kartof keksi və ya piroqu (yaxud da "blin") deməkdir (tortilla "torta", yəni tort sözünün kiçiltməsidir). Bir az kreativlik göstərsək buna "kartof fəsəlisi" deyə bilərik.

Kartof Yeni Dünyanın kəşfindən sonra avropalıların rasionuna daxil olduğundan ispan tortillası nisbətən yeni yeməkdir. Kartof tortillası İspaniyada və ispandilli ölkələrdə iştahaçan və ya əsas yemək kimi populyardır. İsti və ya soyuq yeyilir.

Image by hurdiantonia0


Müxtəlif variantları olsa da, adından göründüyü kimi əsasən kartofdan və yumurtadan hazırlanır. Bəzi versiyalarında soğan (yəni "cebolla") da əlavə olunur. Kartof nazik qatlara kəsilir və sonra zeytun yağında (başqa yağdan da istifadə etmək olar) bir qədər bişirilir (soğanlı variantda soğan əlavə edilir). Sonra odun üzərindən götürülür və çalınmış yumurta ilə qarışdırılır.

Yeni alınmış qarışıq tavaya qaytarılır və yağda qızardılır. Alt tərəf bişdikdən sonra üst tərəfi alta çevrilir və qızardılır. Təbii ki, hazırlayarkən ədviyyatlar da əlavə olunur. Üstəlik başqa inqredientlərdən, misal üçün sarımsaq və ya keşnişdən də istifadə olunur. Bəzi variantlarda ət və ya tərəvəzlər əlavə edilir.

Bizim mətbəxdən bir qədər pomidor-yumurta və ya kükünü xatırladır. Əminəm ki, oxucular arasında kartof-soğan-yumurta yeməyi hazırlamış şəxslər vardır. Bundan sonra hazırladığınız kartof-yumurta yeməyini, xüsusən də qonaqlar üçün, bir qədər ekzotik səsləndirərək "ispan tortillası" adlandıra bilərsiniz. Üstəlik tort və ya kükü kimi üçbucaq hissələrə kəsərək süfrəyə verə bilərsiniz.

0 comments:

Post a Comment