Braziliya fındığı ilə tanışlıq

Bölmələr: // Şərh yaz
Bügünlərdə özümçün yeni bir fındıq kəşf etmişəm: Braziliya fındığı. Buna fındıq desəm də əslində ölçüsü fındıqdan daha böyükdür. Bir Braziliya fındığı üç normal fındıq ölçülüdür. Xurma (korolek), çay və zoğalın da aid olduğu bitki dəstəsinə mənsubdur.

Braziliya fındığı

Adından göründüyü kimi bu fındıq Cənubi Amerika mənşəlidir. Yalnız Braziliyada deyil, digər Cənubi Amerika ölkələrində də bitir və ya yetişdirilir. Ağacın hündürlüyü 50 metrə çata bilir. Təbii ki, braziliyalılar bu fındığa Braziliya fındığı demir və onu "castanhas-do-pará", yəni "Para şabalıdı" adlandırırlar.

Kimyəvi tərkibinə görə qoza bənzəsə də fərqləri də var. Braziliya fındığında qoza nisbətən iki dəfə çox doymuş yağ, təxminən iki dəfə çox kalsium, maqnezium və fosfor var. Hasil etdiyi enerji cəhətdən isə o qədər də fərqlənmir. 

Başqa fındıqlar kimi Braziliya fındığından da yağ hazırlanır. Bu yağın tərkibi 25% doymuş və 75% doymamış yağlardan ibarətdir (qoz yağında daha az doymuş yağ var). Doymuş yağların ürək-damar sistemi xəstəliklərilə əlaqələndiyini nəzərə alaraq orqanizmimiz üçün qozun bu cəhətdən daha faydalı olduğunu qəbul edə bilərik. Lakin Braziliya fındığının doymamış yağlarlarla zənginliyi onu özlüyündə yüksək faydalı yemək məhsulu edir.

Üstəlik Braziliya fındığında qozdan fərqli olaraq təxminən iki dəfə çox B1, dörd dəfə çox B3 və yeddi dəfə çox E vitamini var. Bu vitaminlərin çatışmazlığı olan hallarda Braziliya fındığı qozdan daha faydalı ola bilər, misal üçün pellaqra xəstəliyi B3 vitamininin çatışmazlığı nəticəsində yaranır.

Braziliya fındığından mətbəxdə biş-düş üçün istifadə olunur. Azərbaycanda bu fındığın harada əldə oluna bilinəcəyi, ümumiyyətlə əldə oluna bilinməsinin mümkünlüyü haqqında məlumatım yoxdur. Amma rast gəlsəniz, əgər hələ baxmamısınızsa, mütləq dadına baxın. 

0 comments:

Post a Comment