Frittata, omelette, yoxsa kükü

Bölmələr: // 2 comments
Bir çox millətlərin küküyə bənzər yumurta əsaslı yeməkləri var. Bizim çığırtmalarımızı və pomidor yumurtanı da bu qrupa aid etmək olar. Bu yazıda fransız və italyan yumurta əsaslı omelette və frittata-ya diqqət çəkmək istəyirəm. Frittata, omelette və kükünün özəlliklərindən biri tez hazırlanmasıdır.

Göbələk omleti

Omelette (omlet) fransız, frittata isə italyan yumurta yeməyidir. Hər ikisi müxtəlif inqredientlərlə, misal üçün ət, göbələk, tərəvəz və ya pendir ilə hazırlanır, yumurta ilə qarışdırılır və tavada qızardılır. Frittata italyan dilindən tərcümədə "qızardılmış" deməkdir. İspan tortillası və ya bizim kartof-yumurtamız frittatanın bir növüdür.

Frittata omelette-ə nisbətən bir qədər qalın olur və daha asta od üzərində bişirilir. Süfrəyə küküyə bənzər formada verilir. Omelette qızardıldıqdan sonra süfrəyə verilərkən bəzən arasına içlik qoyularaq qatlanır (fəsəli kimi). Lakin sobada bişirilən variantı da var. Hazırlanarkən isə küküdən fərqli olaraq yumurtasına su, süd və ya qaymaq əlavə oluna bilir.  Bu zaman omelette daha yumşaq alınır.

Frittata di cipolle və ya soğanlı frittata italyanların sevilən yeməklərindəndir. Hazırlanması sadədir - soğan, pendir, yumurta və zeytun yağı ilə hazırlanır. Frittatanın başqa yeməkdən qalmış makaronla bişirilən növü var.

Omelette-in də müxtəlif və ənənəvi növləri var. Yuxarıdakı inqredientlərdən başqa fərqli otlarla misal üçün tərxun, cəfəri və s. ilə hazırlana bilir. Ümumiyyətlə, omelette dünyada ən çox tanınan yumurta yeməyi adıdır. Ona görə də başqa millətlərin yumurta yeməklərindən danışanda millətin adına omelette əlavə edilir. Misal üçün tamaqoyaki yapon omelette-dir. Təbii ki, biz omelette sözünü kükü ilə əvəz edə bilərik.

Kükü mətbəximizin gözəlliklərindən biridir. İranlılar onu (kükü səbzi) Novruz bayramında süfrəyə verirlər. Bizdə isə səhv etmirəmsə belə bir adət varsa da, geniş yayılmayıb. Sağlam yemək olmasına və dadına söz ola bilməz. Yüngül olduğuna görə günün istənilən vaxtında (səhər yeməyi, nahar və ya axşam yeməyi)"küküləmək" mümkündür, lazımdır və faydalıdır. 

2 comments: Leave Your Comments

  1. Ən yaxşısı elə küküdür. Bizdə də səhər yeməklərində yumurta-pomidorun yanında kükü də yayılsa daha xoş olar.
    Yazılarınızı çox iştahla yazırsız, acdırır adamı.

    ReplyDelete