Soğan və sarımsaq cütlüyü haqqında

Bölmələr: // 1 comment
Misirdə havayı yediyimiz balığı, həm də xiyarı, yemişi, kəvəri, soğanı və sarımsağı xatırlayırıq. 

Tövrat, Saylar 11:5

Bir çox tərəvəz və göyərti adlarımız fars sözləridir. Çox güman ki, bu tərəvəz adlarının türk variantları zamanla dilimizdən sıxışdırılıb çıxarılıb, ya da ümumiyyətlə olmayıb. Yeni dünyadan gələn tərəvəzlər, misal üçün pomidor və kartof, istisnadır. Onlara adları rus qonşularımıza uyğunlaşdıraraq vermişik.



Soğan və sarımsaq sözləri isə öz doğmaca sözlərimizdir. "Soğan" sözü yəqin ki, "soymaq" felindən kökünü götürüb və qabıqlarının çoxluğuna görə bu adı alıb. Elə "sarımsaq" sözü də çox fərqlənmir və gərək ki, "sarımaq" sözündən yaranıb (dilimləri sanki bir sarınmış boxçada yerləşir).

Maraqlıdır ki, sarımsaq sözündən digər türkdilli ölkələrdə, Türkiyədə, Türkmənistanda, Özbəkistanda və Qazaxıstanda istifadə olunur (Qırğızıstanda sarımsağa "acı piyaz" deyirlər). Soğan sözündən isə yalnız Türkiyə və Türkmənistanda istifadə olunur. Özbəkistanda, Qırğızıstanda və Qazaxıstanda soğana "piyaz" deyirlər. Piyaz fars sözüdür və İranda və farsdilli ölkələrdə (misal üçün Tacikistanda) soğana deyilir.

Bu cütlük haqqında yazmaqda məqsədim onların faydalarını araşdırmaq idi:

Soğan 89% sudan ibarətdir. Qalan 9%-i karbohidrat və 1%-i protein təşkil edir. Tərkibində fitokimyəvi maddələr və flavanoidlər var. Bu kimyəvi maddələrin xərçəng də (xüsusi mədə xərçəngi) daxil olmaqla müxtəlif xəstəliklərin əleyhinə xeyirli olduğu araşdırılıb. Üstəlik iltihab əleyhinə təsiri var və qan təzyiqini aşağı salır. Soğanı çiy və ya bişirilmiş yemək olar, amma çiy soğan, xeyirləri çox olan üzvi kükürd birləşmələri ilə zəngindir. Soğanın üç əsas növünün (sarı, ağ və qırmızı) tərkibi fərqlənir. Sarı soğanın tərkibi flavanoidlərlə daha zəngindir.

Gerrit Dou (1613-1675), Holland rəssamı, Sogan doğrayan qız, 1646-cı il. Mənbə: Link
Sarımsaq isə 59% sudan, 33% karbohidrat və 6% proteindən ibarətdir. Soğan kimi tərkibində fitokimyəvi maddələr, kükürd birləşmələri və flavanoidlər var. Sarımsağın  müxtəlif xalqlar arasında soyuqdəymə və başqa xəstəliklər əleyhinə xeyirləri olduğu düşünülür, lakin bu hələ sübut olunmalıdır və ona görə də daha çox elmi araşdırmalara ehtiyac var. Sarımsağın mədə xərçənginin əleyhinə xeyirli müəyyən edilsə də, onun qan təzyiqinə təsiri sübut olunmayıb.

Həm soğan, həm də sarımsağın kalori dəyəri azdır. Hər ikisinin faydaları var, amma belə faydaların özünü göstərməsi üçün müntəzəm yeyilməlidir. Təbii ki, bəzi şəxslər üçün həm soğan, həm də sarımsaq ziyanlı ola bilər. Ona görə də ehtiyatlı olmaq lazımdır.
 
Fikrimcə soğan və sarımsaq sözlərimizin türk mənşəli olması bu tərəvəzlərin qədim türklər tərəfindən yeyildiyini və onların dietasının bir hissəsi olduğunu göstərir. Mən sarımsağı və ya sarımsaqlı yeməyi nadir hallarda yeyirəm. Amma sarımsaqlı çörəyi (italyanların və başqa qərb millətlərinin mətbəxində yeyilən) çox sevirəm.

Sarımsaqlı çörək: Sarımsağı çox xırda doğrayın və ya sarımsaq-əzən alətlə əzin. Doğranmış və ya əzilmiş sarımsağı bir qədər zeytun yağına və ya əridilmiş yağa əlavə edin və qarışdırın. Bir qədər cəfərini çox kiçik doğrayın və yağa əlavə edin və qarışdırın. Sonra bir qədər çörək götürün (əgər ciabatta və ya baguette parçası varsa; olmasa başqa oxşar çörək), dilimlərə doğrayın, hər tərəfinə sarımsaqlı və cəfərili yağ vurun. Dilimləri sobada haradasa 5 dəqiqəlik, çörək dilimləri qızılı rəng alanadək bişirin. Sonra da başqa bir əsas yeməklə, misal üçün şorbayla, süfrəyə verin. Nuş olsun.


1 comment: Leave Your Comments