Aleksandr Düma ilə 1858-ci ildə Azərbaycanda yemək mədəniyyəti

Bölmələr: // 2 comments
Aleksandr Dümanı (1802-1870) Qraf Monte KristoÜç Muşketyor kimi məşhur əsərlərə görə tanıyırıq. Bəs onun bir zamanlar Bakıya gəldiyini bilirdinizmi? Dümanın yazdıqları ilə tanış olmaq, Azərbaycan haqqında, eləcə də bu torpaqların yemək mədəniyyəti haqqında yazdıqlarını öyrənmək istəyirəm. Mənbəyim onun 1859-cu ildə çap olunmuş Le Caucase (Qafqaz) kitabıdır.

Öncəliklə qeyd etməliyəm ki, Düma gourmet idi. Onun Grand dictionnaire de cuisine (Böyük mətbəx lüğəti) əsəri ölümündən sonra çap olunmuşdu. "Qafqaz" kitabında "şişlik"-yin, yəni kababın necə hazırlanmasını təsvir edir və yazır ki:
Yeni şeylər öyrənmək üçün səyahət edirəm və haradasa dadlı bir yeməyə rast gələndə bir gün çap etdirəcəyim kulinariya kitabını zənginləşdirmək üçün həmin an yeməyin reseptini istəyirəm. Ona görə də şişliyin reseptini istədim (resept aşağıdadır).

1858-ci ilin yayında Rusiyaya yola düşərkən 56 yaşlı Düma artıq tanınmış yazıçı idi. Qarışıq irsli olduğundan diskriminasiyaya məruz qalırdı (atası mulat, babası qaradərili idi). 1848-ci ilin inqilabı ona çox baha başa oturmuşdu. 1851-ci ildə bankrot olmaqla üzləşən yazıçı Viktor Hüqo ilə Brüsselə köçməyə məcbur olmuşdu.

Düma Jan-Pyer Moyne (Jean-Pierre Moynet - 1819-1876; fransız rəssamı; rəsmləri aşağıdadır) ilə Rusiyadan Dağıstana, oradan Azərbaycana, sonra Gürcüstana və daha sonra Vladikavkaza gedir (1959-cu ildə Fransaya qayıdır). Bu yazı onun yalnız Azərbaycan səfərini əhatə edir.

Düma Azərbaycanda olduqda Gülüstan müqaviləsindən 45 il, Türkmənçay müqaviləsindən 30 il keçirdi. Bakı və Şamaxı artıq təqribən 50 il idi ki, rus hakimiyyəti altında idi. Hacı Zeynalabdin Tağıyevin təxminən 35 yaşı olardı və hələ varlanmamışdı (yəqin ki, İçəri Şəhərdə yaşayırdı). Seyid Əzim Şirvaninin 23 yaşı var idi və 11 il sonra Şamaxıda rus-azərbaycan məktəbi açacaqdı. Şəki xan sarayı 40 ilə yaxın idi ki, xansız idi və Şəki Nuxa toponimi ilə əvəz olunmuşdu.


Quba

Düma Dərbənddən (Dağıstan) Qubaya gəlir. Qubadan Dağıstanın bir hissəsi kimi söz açır. Orada 10 minə yaxın ailənin yaşadığını deyir. Qubanın əsas ticarət məhsulunun xalça və xəncər olduğunu yazır. Qubadan Şahdağ da daxil olmaqla dağ zirvələrinin göründüyünü deyir. Qubada yəhudilərin kəndindən keçir və onların ticarətlə deyil, əkinçiliklə məşğul olduğunu vurğulayır. Qubadan sonra Sumqayıt stansiyasından keçir. Burada Şah Abbasın tikdirdiyi karvansaralardan birinin xarabalıqlarından söz açır. Gecəni xarabalıqların yaxınlığında salınmış düşərgədə keçirdikdən sonra Bakıya yola düşür.

Bakı

Bakının "küləklər şəhəri" demək olduğunu, özünü Avropa şəhər kimi görmək istəsə də, bir Asiya və fars şəhəri olduğunu yazır. Deyir ki, bir ağ Bakı var, bir də qara Bakı. Ağ Bakının şəhər rusların əlinə keçdikdən sonra (1806-cı ildə) tikildiyini deyir. Qara Bakı isə köhnə Bakıdır. Fars şəhəri, xanların Bakısıdır və divarlarla əhatə olunub. Bu şəhərdə xanın sarayını, köhnə məscidin dağılmış minarəsini və Qız Qalasını görür. Qız Qalasından yazdıqda "qızına aşiq olmuş ata" əfsanəsini danışır. Sonra General Sisianovun Bakıda öldürüldüyünü (1806-cı il) söyləyir.

Jean Pierre Moynet (Düma ilə səfərindən), 1858-ci il, Bakı. Mənbə: Wikimedia Commons
Bakıda ikən Piqulevski adlı rəis onu yaxşı qarşılayır. Düma Piqulevskinin verdiyi qonaqlıqda iki tatar (yəni türk) xanzadəsindən (onlardan birinin əri də daxil olmaqla) söz açır. Məlum olur ki, bu xanzadələr ana və qızdır: Qarabağ xanı Mehdiqulu xanın arvadı və onun qızı Xurşidbanu Natəvan. Adlarını çəkmir, amma ananın haradasa qırx, qızın isə haradasa iyirmi yaşı olduğunu deyir (Natəvan xanımın bu zaman haradasa 26 yaşı vardı). Hər ikisinin milli geyimdə olduğunu deyir. Xanzadənin iki uşağının, üç-dörd yaşlı qız və beş-altı yaşlı oğlu olduğunu yazır. Oğlanın xəncərini gördükdə təəccüblənir və deyir ki, bir fransız ana uşağına heç vaxt xəncər verməzdi.

Natəvan xanımın əri Xasay xan Usmiyev haqqında 35 yaşı olduğunu və fransızca bir parisli kimi (yəni əla) danışdığını deyir. Natəvan  xanımın rus qubernatorunun evində olması təəccüblüdür, deyilmi? Bu ona görə idi ki, onun əri Xasay bəy rus ordusunda general mayor idi (çox güman ki, Xasay bəylə evlənməyə məcbur olmuşdu). Düma ilə rastlaşanda onlar artıq 8 il idi ki, evli idilər. Düma və Usmiyevlərin görüşündən cəmi 8 il sonra Xasay bəy vəfat edəcəkdi (onun ölümündən 3 il sonra isə Natəvan xanım ikinci dəfə ailə quracaqdı və bundan 1 il sonra daha bir oğlu dünyaya gələcəkdi).

Jean-Pierre Moynet (Düma ilə səfərindən), 1858-ci il, Atəşgah. Mənbə: Wikimedia Commons
Yeməkdən sonra Atəşgaha, Bakının daima yanan alovlarını görməyə gedirlər. Düma neftdən, Zərdüştdən və Atəşgahda hindu ayinindən söz açır. Sonra Suraxanı kəndinə nəzarət edən zabit onları çaya dəvət edir və məlum olur ki, çay bəhanə imiş. Zabit onlara əməlli-başlı tatar (yəni türk) qonaqlığı verir: plov, şişlik (kabab), armud, üzüm və qarpız.

Düma getdiyi yerlərdə bazarlara baş çəkir və ticarət məhsullarına diqqət yetirir. Bakıda əsas ticarət məhsullarının ipək, xalça, şəkər, zəfəran, fars parçaları və neft olduğunu yazır. Bazarda fars ipəyi, türk məxməri, Qarabağ xalçası, Lənkəran yastıqları, gürcü naxış-tikmələri və erməni paltoları görür.

Sonra Fatma məscidinə gedir və dənizin yuduğu karvansara xarabalıqlarından söz açır. Fatmanın qəbirinin sonsuz qadınlar üçün ziyarətgah olduğunu deyir. Natəvan xanımın da bu məscidə baş çəkdiyini və sonra oğlu olduğunu yazır  (Natəvan xanımın ilk övladı ailə qurduqdan təxminən 5 il sonra dünyaya gəlib: oğlu Mehdiqulu 1855-ci ildə, qızı Xanbikə isə 1856-cı ildə). Xanzadə əri də minnətdarlıq kimi məscidə yol çəkdirir.

Qafqaz paltarı geyinmiş Düma. Mənbə: İrs, link
Qafqazda mövcud olan bir çox heyvandan, qaplan, pələng, çaqqal, ilan, əqrəb, ağcaqanad və çəyirtkələrdən söz açır. Xəzər pələnglərinin (artıq nəsli kəsilmiş Panthera tigris virgata) yaşadığı mühitdən danışır. 5-6 il əvvəl Lənkəranla Astara arasında yolda bir pələngin "quldurluq" etdiyini qeyd edir. Bu yoldan keçən hər kəs pələng üçün yeməyə nəsə götürməli olur. Pələng isə hədiyyələrini aldıqda onlara toxunmur. Bundan xəbər tutan rus hakimiyyəti pələngi öldürtdürür.


Şamaxı

Şamaxının Şirvanın paytaxtı olduğunu və aşağı şəhər və yuxarı şəhərdən ibarət olduğunu yazır. Şamaxıda yerin silkələnməsindən söz açır. Bazara baş çəkir. Bazarın bir küçədə olduğunu, orada xalça və ipək parçaların satıldığını deyir. Şamaxının ən varlı tatarı (yəni türkü) Mahmud bəyin onlar üçün qonaqlıq verdiyini və rəqs əyləncəsi təşkil etdiyini yazır. Şamaxı rəqqasələrinin məşhur olduğunu və onların xan dövründən qalma adət olduğunu da qeyd edir. Yemək süfrəsində yağlı və şəkərli nar və toyuq plovu olduğunu yazır.Yeməkdən sonra hər cür çaxır verildiyini deyir. Düma Şamaxıdan Nuxaya yola düşür.


Nuxa (Şəki)

Nuxanın 12-14 min nəfərlik şəhər olduğunu yazır. Ora çatdıqda nökər onlara bir ət yeməyi, bir tüstüyə verilmiş balıq, vodka və çaxır gətirir. Yeyib içdikdən sonra samovar çayı içirlər. Çayın stəkanlarda içildiyini, yalnız bəzi xanımların fincanlarda çay içdiyini qeyd edir. Burada Tarxanov adlı rəisin (ya da qubernatorun) evində qonaq olur. Onun 12 yaşlı oğlu İvan Tarxanovun (gələcəyin məşhur gürcü fizioloqu) fransızca əla danışdığını deyir.

Jean-Pierre Moynet, 1858-ci il, Nuxa dərəsi. Mənbə: Wikimedia Commons

İvan Tarxanovla bazara gedir və bazarda xəncər və başqa silah satanları, Şamaxı xalçalarını, ipək və parça satanları görür. Şəkinin əsas ticarət məhsulunun ipək olduğunu yazır. Bazarda hər şey, misal üçün süfrə və ayaqqabı, satıldığını və bazarı bəyəndiyini vurğulayır. Orada üzüklərin, qolbaqların və boyunbağıların düzəlib satıldığını da qeyd edir. Bazarda Nuxanın sonuncu xanının nəvəsi Məhəmməd xana rast gəlir. İvan, ruslar Şəkini işğal etməsəydi, bu əyalət onun olacaqdı deyə ona bildirir. Məhəmməd xanın orduda mayor rütbəsi aldığını deyir. Düma sonra Şəki xan sarayını ziyarət edir. Daha sonra isə Tiflisə (Tbilisi) yola düşür.

Etnik mənsubiyyət

Bakını gəzməyə çıxdıqda əhalisinin əsasən fars, erməni və tatar (yəni türk) olduğunu deyir. Bu zaman izah edir ki, erməni və farsın verdiyi sözə inanmaq olmaz, amma tatarın (yəni türk) verdiyi söz kifayətdir. Ümumiyyətlə, ermənilərin reputasiyasının yaxşı olmadığını yazır. Şimalda ləzgilərdən daha çox söz açır. Onların bəzilərinin ruslara qarşı qeyri-itaətkar olduğunu, amma digər ləzgilərin belələrini satmadığını deyir. Bəzi ləzgilərin soyğunçuluqla məşğul olduğunu qeyd edir. Yazır ki, çeçenlər baş kəsirlər, ləzgilər isə sağ əl. Sonra da bu əlləri qapılarının üzərinə vururlar. Aulda qapısının üzərində ən çox sağ əl olan şəxs daha hörmətli sayılır.

Düma Azərbaycana gəldikdə azərbaycanlı anlayışı hələ bizim bildiyimiz mənanı kəsb etmirdi. İnsanlar etnik mənsubiyyətlərinə, xarici görünüşlərinə (geyim, boy-buxun və üz quruluşu) və adətlərinə görə çox fərqlənirdilər. 160 il sonra insanlarımız qaynayıb qarışdığından və Sovet dövrünün "dostluq-qardaşlıq" fəlsəfəsinin təsirindən bu fərqlilik demək olar ki, aradan qaldırılıb. Nə gözəldir ki, hansı qoldan gəlməyimizdən asılı olmayaraq bugün hamımız azərbaycanlıyıq. Fərqli irsimiz millətimizin genetik və mədəni fondunu daha zəngin edir.


Yemək mədəniyyəti

Düma yazır ki, Qafqazda yaxşı yemirlər (Avropa standartlarına görə). Əgər əlinizə yaxşı yemək fürsəti düşübsə onu əldən buraxmaq olmaz. Əsərindən belə görünür ki, plov (düyü) və kabab (ət) 19-cu əsr Azərbaycan mətbəxinin əsas yeməklərindəndir. Kabab əsasən qoyun və toyuq ətlərindən hazırlanır. Düma kababa "şişlik" (schislik) deyir. Biz bu sözü artıq unutmuşuq və kabab sözündən istifadə edirik, amma bu doğmaca sözümüz rus dilində "şaşlık" kimi qalıb. Kitabda Düma şişliyin reseptini verir:

Yaxşı hissəsini əldə edə bilsəniz, bir parça qoyun əti götürürsünüz, qoz boyda hissələrə kəsirsiniz. Ət parçalarını soğan doğradığınız, üzərinə sirkə və bolluca duz və istiot əlavə etdiyiniz bir qabda 15 dəqiqəlik marinə edirsiniz. Sonra ocaqda köz "yatağı" hazırlayırsınız. Ət parçalarını dəmir və ya taxta şişə keçirirsiniz və şişləri ət bişənədək közün üzərində çevirirsiniz. Bu sadəcə bütün səfərim boyu yediyim ən yaxşı yeməkdir. Əgər ət parçalarını bütün gecə marinə etsəniz və bişmiş parçaların üzərinə şişlərdən çıxardıqdan sonra sumax səpsəniz, şişlik daha da yaxşı alınacaq.

Düma Nuxanın şişliyini xüsusi tərifləyir və çox gözəl ətri olduğunu deyir. Belə görünür ki, yeməkdən sonra əsasən meyvə yeyilir (misal üçün armud, üzüm və qarpız) və çaxır içilir. Başqa içkilərdən Düma samovar çayının və vodkanın adını çəkir. Yazır ki, Minqreliyada (Gürcüstan) Odjalesch (ola bilsin ki, Odişi) və Yerevan çaxırı və bunlar qədər yaxşı olmayan Kizlyar (Dağıstan) və Kaxetiya (Gürcüstan) çaxırları bütün Qafqazda içilir. Qafqaz müsəlman əhalisinə baxmayaraq bəlkə də ən çox çaxır içilən yerdir. 

Heç bir yerdə Rusiyadakı kimi - Gürcüstandan başqa - içilmədiyini yazır və deyir ki, rus və gürcü içənləri arasında yarışmaya baxmaq maraqlı olardı. Kimin qalib gələcəyini deyə bilməyəcəyini, amma adambaşına 12 şüşə içiləcəyini güman edir. Bir də yazır ki, musiqilərin ən vəhşisi kalmık musiqisidir, mətbəxlərin ən dəhşətlisi isə rus mətbəxidir.

Düma və Moyne ilə 1858-ci ilə səyahətimiz bu qədər. Dümanın əsərlərini və onun haqqında yazılanları bu linkdən (fransızca) oxuya bilərsiniz.

2 comments: Leave Your Comments