Xoş ətirli nanə bitkiləri

Bölmələr: // Şərh yaz
Nanə dünyada geniş yayılmış və demək olar ki, bütün dünya mətbəxlərində istifadə olunan bitkilərdəndir. İstifadəsi qədim dövrlərə gedib çıxır. Növləri çoxdur, misal üçün yarpız, Amerika nanəsi, Avstraliya nanəsi, Asiya nanəsi, Korsika nanəsi, Saxalin nanəsi, yapon nanəsi və s.

"Nanə" sözümüz (türkcə "nane") ya farcadan (nana), ya da semitik (ərəb, yəhudi - nana) dillərdən götürülüb (ya farscaya ərəbcədən geçdikdən sonra, ya da birbaşa semitik dillərdən götürülüb). Digər nanə bitki adlarından isə misal üçün yarpız (türkcə yarpuz, uyğurca yalpuz) türk sözüdür. "Divanu Luğati-t-Türk" (1072-1074) əsərində belə adı çəkilib. Ola bilsin ki, nanə bitkilərinə bir zamanlar türk dillərində (semitik "nana" sözündən qabaq) "yarpız" deyilib.

Nanə bitkiləri suyun yaxınlığında bitməyi sevir. Qarışqa və arı kimi həşəratlar üçün zərərlidir. Deyilənə görə nanənin insanlar üçün faydası çoxdur. Həzm sistemi üçün xüsusən faydalıdır. Yaraların nisbətən tez sağalmasına kömək edir. Nanədən hazırlanmış yağ təbabətdə istifadə olunur.


Özünəməxsus ətri nanəni mətbəxdə və məişətdə əvəzolunmaz edir. Mətbəxdə ən çox istifadə olunan nanə növü bizim nanə dediyimiz bitkidir (ingiliscə spearmint). Onun yarpaqlarından təzə və qurudulmuş şəkildə istifadə olunur. İstifadəsi müxtəlifdir:
  • Yeməklərdə
  • İçkilərdə
  • Şirniyyatlarda
Nanə yarpaqlarının yeməklərdə istifadəsi geniş yayılıb. Misal üçün mətbəximizdə bozbaşın və ya yarpaq dolmasının farş ətinə nanə qatılır və bu da yeməyə xüsusi dad və ətir verir. Onu dad qatmaq üçün başqa yeməklərə də, misal üçün toyuq qızartmasına, ya da düşbərə süfrəyə verildikdə, əlavə etmək olar. Üstəlik salatların hazırlanmasında da istifadə olunur. 

İçki kimi də nanənin istifadəsi müxtəlifdir. Nanə çaya əlavə edilib içilir. Hətta bir çox ərəb və Afrika ölkələrində nanə çay kimi istifadə olunur. Yaxın Şərqdə nanəli limonad (limonana) populayardır. Nanə həm də mojito (moxito) kokteylinin əsas inqredientlərindəndir.

Nanədən həm də şərbət, dondurma, konfet, biş-düş hazırlanmasında istifadə olunur. Nanənin şirniyyat və dondurma hazırlanmasında istifadəsini o qədər də sevmirəm. Belə şirniyyatların və dondurmaların bir qədər diş pastasını xatırlatdığını düşünürəm. Amma nanəli içkilərin və yeməklərin çox dadlı olduğunu hesab edirəm.

Qabaqdan yay gəldiyindən maraqlı sərinləşdirici içki reseptləri ilə tədarüklənmək lazımdır. Nanənin istifadəsi ilə bu içkilərə xüsusi rəng, dad və ətir qatmaq olar. Belə içkilərdən biri yuxarıdakı limonana ola bilər.

Limonana hazırlamaq üçün blenderə bir limonun suyunu tamam sıxın. Üzərinə iki çayqaşığı şəkər, bir stəkan su, 8-10 təzə nanə yarpağı (əzərək) əlavə edin və çox az qarışdırın (2 dönüş). Dadını yoxlayın və lazım gəlsə bir qədər çox şəkər əlavə edin. Stəkana buz parçaları əlavə edib hazırladığınız içkini buz parçalarının üzərinə süzün və ləzzətlə için. Nuş olsun!

0 comments:

Post a Comment