Venesiyada Zeno, Kontarini və Barbaronun izi ilə

Bölmələr: // 2 comments
Bu yazını Venesiyaya səfərimə həsr etmək istəyirəm. Venesiyanın maraqlı və gözəl bir yer olduğunu çoxdan düşünsəm də uzun müddət idi ki, ayağım ora düşmürdü. Belə bir imkan bu yaxında reallaşdı. Amma məni orada maraqlandıran və heyran edən qayıq (gondola) ilə Venesiyanı gəzmək yox, başqa məsələ oldu.

Venesiya

Uzun Həsənin həyatına həsr etdiyim bu yazıda dörd Venesiyalının adını çəkmişdim. Onlardan Zeno, Kontarini və Barbaro Uzun Həsənə 1471-1478-ci illərdə elçi və səfir kimi göndərilmişdi.Venesiyada məni heyran edən bu insanların və onlarının ailələrinin izini axtarmaq və tapmaq oldu. Onların üçü də adi adamlar yox, adlı-sanlı və varlı ailələrin nümayəndələri idi. Hər üçü öz həyatlarını dövlət maraqlarına həsr edərək və hər cür əziyyətə qatlanaraq uzun bir yol qət etmişdilər. Həm də heç nəyə baxmayaraq sağ-salamat geri dönə bilmişdilər.

Kontarini ailəsi digər ailələrdən daha qədimi və imkanlısı idi. Venesiyaya çoxlu miqdarda doge (Venesiyada ölkə başçısı) tövhə vermişdi. Digər iki ailə də çox varlı və tanınmış idi. Barbarolar duz ticarəti ilə məşğul idilər. Qədim Santa Maria Zobenigo kilsəsinin fasadının 17-ci əsrdə yenidən tikilməsini Barbaro ailəsi maliyyələşdirmişdi. Fasad da buna görə Barbarolara həsr olunmuşdu və hazırda Venesiyanın ən gözəl tikililərindən biri hesab olunur.

Santa Maria Zobenigo kilsəsinin fasadından: Marinus Barbaro, Senator

Napoleonun işğalından sonra Venesiya öz statusunu və əzəmətini itirir. Nəticədə həmin adlı-sanlı ailələrin imkanları və təsiri məhdudlaşır. Amma indinin özündə də Zeno, Kontarini və Barbaro ailələrinin sarayları keçmişdə olduğu kimi durmaqdadır. Bu saraylara baxanda sanki başqa bir əsrə səyahət edirsən. Məni Venesiyada maraqlandıran da məhz bu "palazzo" yəni saraylar idi. Saraylar Venesiyanın ən yaxşı yerlərində "çayın" kənarında tikilib.

Məşhur Barbaro sarayı, 1425 (qotik) və 1694 -cü  (baroque) illərdə tikilib.
Bəzi sarayların üzərində bu ailələrin gerbləri hələ də durmaqdadır. Sarayların şəkillərinə və ailələrin gerblərinə bu linklərdə baxmaq olar: 


Venesiyada kilsələrdə bu ailələrin müxtəlif şaxələrinin türbələrini və məzarlarını belə görmək olar. Onların adına həm də çoxlu miqdarda küçə və yer adları var.
 
Bir sözlə bu ailələrin izi bütün Venesiyaya həkk olunub. Görəsən Uzun Həsənin Venesiyaya göndərdiyi səfirlər ora gəldikdə necə hislər keçiriblər? Venesiyanın Uzun Həsənə göndərilmiş ilk səfirlərindən olan Lazzaro Querini (1463) 1471-ci ilin fevralında Murad adlı Ağqoyunlu səfiri ilə Venesiyaya geri dönür. Diplomatik müzakirələrdən sonra Murad bəy həmin ilin sentyabrında Zeno ilə Ağqoyunluya qayıdır. Görəsən Murad bəy bu cah-cəlalı, imkanları, binaları görüb nələr düşünüb? "Mədəniyyət şoku" keçiribmi? Venesiyada yaşadığı 7-8 ay ona nələri öyrədib? Hər halda o da digər səfirlər kimi çox çətinliklər yaşayıb.

Venesiyanı gəzərkən və saraylara baxarkən məhz bunları düşünürdüm. Ümumilikdə, Venesiya gözəl bir yerdir və ora baş çəkməyə dəyər.

Venesiyada yemək mədəniyyəti

Bu bloq yemək mədəniyyəti haqqında olduğundan yazını Venesiyanın yemək mədəniyyəti haqqında yazmadan bitirə bilməzdim.Venesiyada turistlərin sayı çox, amma lap çox olduğundan restoran və kafelərdə yeməklər də turistlərə hesablanıb. Misal üçün pizza və pasta (makaron) yeməkləri hazırlayan yerlər saysız-hesabsızdır. Küçələrdə gəzərkən xəmir yeməklərinin ətiri çox xoş təsir bağışlayır. Amma belə kafelər və restoranlar suvenir, xüsusən də murano şüşə mağazalarının sayını keçə bilməz. Qeyri-turist Venesiya mətbəxində də xəmir yeməkləri və həm də dəniz məhsulları üstünlük təşkil edir. Misal üçün sardinadan hazırlanmış yeməklər, bigoli makaronlarından hazırlanmış pasta yeməyi və ya rizotto Venesiya mətbəxinin nümunələrindəndir.

2 comments: Leave Your Comments

  1. Əla yazıdır! Yazı üslubunuz adamı bir nəfəsə oxumağa məcbur edir. Təşəkkürlər belə bir yazı üçün!

    ReplyDelete