Yeməklər gəldi anda dürlü əlvan,
Dənə, pirincü zərdə hübbi-rəmman.
Gərəkcə bişdi qəlyəvü boranı,
Şu dənlü dökdilər yoxdur oranı.
Gəlir danəvü irişir hərisə,
Dəxi zərdəvü hər nə aş ərisə.
Keyik və davşan, kəklik əti bol
Qonuldu dörd yana xoş sağ ilə sol.
Dolu nemət gümüş, altun çanaqlar,
Sinilər, təpsilər, bir-bir tabağlar.
Buna bənzər dəxi çox dürlü meyvə
Şəkər, badam, gülabü şirü xurma.
Dənə, pirincü zərdə hübbi-rəmman.
Gərəkcə bişdi qəlyəvü boranı,
Şu dənlü dökdilər yoxdur oranı.
Gəlir danəvü irişir hərisə,
Dəxi zərdəvü hər nə aş ərisə.
Keyik və davşan, kəklik əti bol
Qonuldu dörd yana xoş sağ ilə sol.
Dolu nemət gümüş, altun çanaqlar,
Sinilər, təpsilər, bir-bir tabağlar.
Buna bənzər dəxi çox dürlü meyvə
Şəkər, badam, gülabü şirü xurma.
4-cü məclis, Güləfruh və Güləndamın toyu
Dastani-Əhməd Hərami
Dastani-Əhməd Hərami
Dastani-Əhməd Hərami dil özəlliklərinə görə 1200-cü illərin sonlarına aid edilən və müəllifi məlum olmayan bir əsərdir. Əsərin yeganə məlum nüsxəsi 1500-cü illərin sonunda Məkkədə Nuh bin Mustafa adlı şəxs tərəfindən yazılmışdır. Bu nüsxəni Tələt Onay adlı türk yazıçı və şair 20-ci əsrin əvvələrində təsadüfən tapmış və şərhləri ilə dərc etdirmişdir. Həmin nüsxə sonralar çox, amma çox təəssüf ki, itirilmişdir.
Bu əsəri təhlil etmək və əcdadlarımızın 1200-cü illərə aid yemək mədəniyyətindəki özəllikləri üzə çıxarmaq istəyirəm. Mənbəyim Tələt Onayın 1946-cı ildə İstanbulda dərc etdirdiyi "Dastan-ı Ahmet Harami" kitabıdır. Kitabda müəllif əsərin dilinin "Oğuz Türkçesi, Azeri lehçesi" olduğunu qeyd edir. Ümumiyyətlə, əsər dilimizdə yazılmış ilk məsnəvi (bir-biri ilə qafiyəli ikilik beytlər) hesab olunur və 816 beyti (1632 misra) vardır. Əsərin əsas qəhrəmanları Güləndam və Əhməddir. Hər ikisi Azərbaycan türklərinin indi də istifadə etdiyi adlardandır.
Əsərin konteksti
Boaz Şoşan (1996) Ərəb Ədəbiyyatı Jurnalında yazır* ki, orta əsrlərdə islam cəmiyyətində Əhməd Danif adlı bir oğruya aid çoxlu nağıllar və dastanlar gəzib dolaşıb. Bu nağıllar çox populyar olub və populyarlaşdıqca yeni variantları və variasiyaları yaranıb. Deyilənə görə onun obrazı 943-944-cü illərdə edam olunmuş Hamdi adlı oğrunun üzərində qurulub. Əhməd oğru olsa da bu hekayələrdə daha çox Robin Hood stilində romantikləşdirilmiş müsbət qəhrəman kimi əks olunub. Versiyalardan biri 1100-cü illərdə, digəri bizim dastan kimi 1200-cü illərin sonunda (və 1300-cü illərin əvvəllərində), başqa biri isə 1500-cü illərin əvvələrində cərəyan edir.
Bu hekayələrdə Bağdada nisbətən çox isnad olunur. Əhməd Hərami dastanında Krım, Bağdad, Şiraz və Gürcüstanın adı çəkilir. Hekayə Gürcüstan ərazisindən başlayır. Güləndam Bağdadlıdır və Bağdad sultanının qızıdır. Güləfruh isə Şiraz sultanıdır. Həmin dövrlərdə Azərbaycan, Gürcüstan, İran və başqa yaxın torpaqlar Monqol əsilli Hülakülərin və ya Elxanilərin hakimiyyəti (1256 - 1335) altında idi (xəritəyə bax: Ilkhanate). Misir Məmlüklərinin daxili çəkişmələrinə görə Hülakü xan 1258-ci ildə Bağdadı ələ keçirə bilir.
Hülakü xan (1218-1265) Nestorian xristian arvadı Doqquz (Orokina) Xatunla, Cəmi ət-Təvarix (1430-1434), Fəzlullah Rəşidəddin Həmədani (1247-1318). Mənbə, Bibliothèque nationale de France |
Monqol imperiyası 1294-cü ildə. Mənbə |
Əhməd Hərami-nin Əhməd Danif-la parallelləri çoxdur. Hər ikisi oğrudur, biri müsbət, digəri mənfi qəhrəmandır. Hər ikisinin Bağdadla əlaqəsi var. Hər ikisinin hekayəsi eyni və ya yaxın dövrlərdə cərəyan edir. Ona görə də mümkündür ki, Əhməd Hərami hekayəsinin özülü Ərəb Xilafətində qoyulub. Elxanilərin Bağdadı ələ keçirməsi və adı çəkilən torpaqları birləşdirməsi ilə hekayə regionumuza və ya bu yerlərdən olan müəllifin məkanına yol tapıb.
Amma ola bilsin ki, hekayə daha öncəki dövrlərdə müəllifin yaşadığı yerlərə qədər gəlib çıxıb və yaxud da müəllif Oğru Əhməd haqqında heç vaxt eşitməyib. Müəllifin bilikli/savadlı biri olduğu düşünüldüyündən düşünürəm ki, sonuncunun ehtimalı azdır. Həmin hekayələr islam cəmiyyətində o qədər populyar olub ki, çox güman ki, regionumuzda da onun müxtəlif versiyaları gəzib dolaşıb. Əhməd Hərami dastanı da onlardan biridir.
Ərəb nağılları ilə paralellər yuxarıda sadalananlardan başqa həm də digər ərəb hekayələrinə oxşarlıqlar, misal üçün Əhmədin sehrdən istifadə etməsi və qızın adıdır. Əhməd elə bacarıqlı quldurdur ki, bütün qapıları sehr oxumaqla aça bilir və qulları sehrlə yatızdırır. Güləndamın ("gül bədənli") adı isə ərəb nağıllarındakı kimi, ya da bu dövrə xas olduğu kimi gözəl biri üçün metaforadır. Misal üçün "Min bir gecə" nağıllarında olan bir şahzadənin adı, Bədrəlbudür, ərəbcə "bütöv ayların bütöv ayı" deməkdir və onun gözəlliyini bildirmək üçün metaforadır.
Əslində bu əsər Dastan-i Şahzadə Güləndam adlandırılmalıdır. Çünki, əsərin pozitiv qəhrəmanı Güləndamdır və dastan onun qələbəsiylə nəticələnir. Amma orta əsrlərdə əsərlərə qadın adı verilməsi yəqin ki, adi bir şey olmayıb. İstənilən halda özünü və atasının mülkünü müdafiə edə bilən bir qadın qəhrəman təqdirəlayiqdir.
Yemək mədəniyyəti
Əsərdə məclislər zamanı yeməklərin, yemək qablarının, içkilərin, şirniyyatların, musiqi növlərinin və alətlərinin adları çəkilir. Gəlin yemək-içməyi və qabları nəzərdən keçirək:
- Yeməklər: Dənə düyü, qəlyə, əriştə, dənə, tuturqan, büryan, boranı, hər cür aş, hərisə
- Ətlər: quş, qoyun, geyik (ceyran), dovşan, kəklik əti
- Desert: zərdə, badam, şəkər, gülabü şirü (süd) xurma
- Meyvələr: nar, yemiş, xurma
- İçkilər: şərbət, abi-əngür (üzüm şirəsi. hərfi: suyu)
- Qablar: təpsi, çanaq, tabaq, sinilər
Qəlyə - balqabaq və lobyadan hazırlanan yeməkdir. Bu linkdə bir xanım yeməyi bişirir və onun qədim Bakı yeməyi olduğunu deyir. Hər halda yemək qədim türk yeməyidir.
Dənə - Tələt Onaya görə dənə qaynadılmış və qabığı çıxarılmış buğda deməkdir. Əsasən keşkək hazırlanmasında istifadə olunur.
Tuturqan - qədim türk və monqol dilində düyü deməkdir. Çox güman ki, burada düyüdən hazırlanmış yemək nəzərdə tutulur.
Büryan - quyu kababında deyilir. Türklər bunu quzu ətindən hazırlayırlar. Əsərdə isə "quş ətlərilə qoyun cümlə büryan" deyilir. Yəni büryan bir çox ətlərdən hazırlana bilər və ya hazırlanırmış.
Borani - bulqur ya da düyü ilə bişirilən ispanaq ya da oxşar bir göyərti üzərinə yoqurt tökülərək hazırlanan bir yeməkdir. Tələt Onay buna təzə səbzi qəlyəsi və təzə ispanaq qəlyəsi deyir. Boraninin Xəlifə Məmunun Buran adlı xanımla toyunda hazırlanmış yemək olduğunu və adını da buradan götürdüyünü qeyd edir. İranda borani soyuq yeyilən məzə və ya iştahaçan yeməkdir.
Hərisə - Tələt Onay hərisəyə keşkək (şorba növü) deyir. Bu yemək Türkiyədə müxtəlif adlarla tanınır. Bütün növlərində buğdadan istifadə olunur. Lakin yeməyə qoyulan ət fərqli ola bilir. Ola bilsin ki, keçmişdə (Azərbaycanda) həm də plovun bir növü olub.
Zərdə - zəfəranla bişirilən düyü yeməyinə deyilir. "Zərd" farsca "sarı" deməkdir. Başqa cür bu yeməyə zəfəran plov demək olar.
Çox maraqlı bir menü alınır. Düyü və ət yeməkləri menünun əsasını təşkil edir. Yeməklərin bir çoxunun adını heç vaxt eşitməmişəm. Amma çoxu qədim türk yeməkləridir. Bunlar Azərbaycanda unudulub getmiş, ya da adları dəyişdirilmiş yeməklərdir. Əsərdə olan qab adlarının da indiki zamanda istifadə olunduğunu görməmişəm. Amma bu sözləri nə vaxtsa eşitmişəm:
- Təpsi- dəyirmi xonça və ya podnos
- Çanaq - taxtadan, gildən və ya metaldan hazırlanan geniş cüxur qab
- Tabaq- taxtadan hazırlanan dayaz, uzunsov və ya dəyirmi qab
- Sini - misdən, bürüncdən və ya başqa metaldan hazırlanmış böyük dairəvi qab
Beləliklə göründüyü kimi 1200-cü illərdə əcdadlarımızın zəngin yemək mədəniyyəti, musiqili yemək zamanları, rəngarəng yeməkləri, çeşidli süfrə qabları, dadlı şirniyyatları və içkiləri, olub. Zaman keçdikcə bu yemək mədəniyyəti bəzən başqa xalqların təsiri ilə daha da zənginləşib.
Maraqlı sözlər
Yoldaş, haldaş, razdaş (sirdaş), vü (və), qızoğlan (yəni bakir), yaxşı, cegar və ya ciğer (ciyər), iy (ey), diğergün, bucuk (yarım), yürağ (ürək), gendözine (kendi özünə), erak (iraq, yəni uzaq), urmak (vurmaq), uruşmak (vuruşmaq), yaluguz (yalqız), kirpük, çenar (çinar), eyü (iyi), kocışmak (qucaqlaşmaq), muğanni (müğənni), görğərcin (göyərçin), hayad (həyət), kamusı (hamısı), kare və ya kara (qara), ejderha (əjdaha), yuca (uca), irte (ertə) və s.
* Comedy, Pornography, and Social Critique in the Romance of Aḥmad Danif. Author(s): Boaz Shoshan. Source: Journal of Arabic Literature, Vol. 27, No. 3 (Oct., 1996), pp. 216-226
Əsəri azərbaycanca bu linkdən oxumaq olar.
Əsərin qısa xülasəsi
Birinci məclis: Güləndam Bağdad sultanının qızıdır. Əhməd sehrləməyi, əfsunlamağı bacaran bir oğru, quldurdur. Doqquz dostu, yoldaşı ilə quldurluq edir. Gürcüstandan Bağdada sultanın xəzinəsini oğurlamağa gəlirlər. Hələ yatmayan Güləndam onları eşidir və arxalarınca xəzinənin qapısına gedir. Orada Əhməd bir sehr oxuyur və qapı açılır. Quldurlar qızıl, gümüş, ləl-cəvahirat, inci, gövhər, qumaş və s. götürürlər. Qapıdan bir-bir çıxmağa başlayırlar. Qapıda onları gözləyən Güləndam xəzinədən bir-bir çıxan doqquz quldurun başını qılıncla kəsir. Əhməd başını qapıdan çıxarır və sonra tez içəri salır. Güləndam bu zaman qılıncı ilə onun başının dərisini saçı ilə birlikdə siyirir. Əhməd ona hücüm edənin qız/kim olduğunu görür. Güləndamı daha öncə gördüyündən onu tanıyır. Əhməd qaçıb gedir. Güləndam qılıncını silir və heç nə olmamış kimi gedib yatır. Səhər açılanda sultan olanlardan xəbər tutur. Doqquz ölü quldur və xəzinənin ora-bura səpələnməsinə baxmayaraq bütün malı yerində olur. Sultan onun malını-mülkünü qoruyan şəxsi tapıb bəxşiş vermək istəyir. Amma heç kim nə baş verdiyini bilmir. Güləndam da heç kimə heç nə demir.
İkinci məclis: Əhməd qayıdıb yurduna gəlir. Sonra da malını yığıb Krıma getməyə qərar verir. Orada oğlanlar (qullar) və mal aldıqdan sonra Güləndamdan intiqam almaq üçün yenidən Bağdada gəlir. Bağdadda var-dövlətindən dolayı bəy kimi qarşılanır. Sarayda qəbul edilir. Sultan onu bəyənir və qızını ona verməyə qərar verir. Güləndam bu xəbərə sevinmir. Özünü tacirə yox, bir şəhzadəyə layiq bilir. Əhmədi bir yolla görüb tanıyır. Güləndamı çox sevən və onu uzaq yerə ərə vermək istəməyən atası ilə danışdıqdan sonra könülsüz də olsa evlənməyə razılaşır. Qırx gün toy edirlər. Güləndam ona bənzəyən və uşaqlıqdan dost olduğu rəfiqəsindən onun yerinə gərdəyə girməsini istəyir. Beləcə bir il sarayda yaşayırlar. Bütün bu vaxt ərzində Əhməd qızın Güləndam olduğunu düşünür. Bir il sonra həmin qız ölür.
Üçüncü məclis: Əhməd malını Krımdan gedib gətirmək üçün sultandan icazə alır. Güləndamı da getməyə inandırır. Sonra onu da götürüb Gürcüstana yola düşür. Güləndam yolda səhv etdiyini, nahaq yerə ona inandığını başa düşür. Əhməd Güləndamla insan uğramayan bir dərəyə enir. Güləndamı çarmıxa çəkib yandırmaq istəyir. Odun gətirmək üçün dağa gedir. Bu zaman Xoca Rüstəm adlı bir igid onu çarmıxdan xilas edir və oradan uzaqlaşırlar. Əhməd qayıdır və qızı tapa bilmir. Onların dalınca düşür. Onlar qızı gizləyirlər və Əhmədi qızı görmədiklərinə inandırırlar. Amma Əhməd sonra yenə onların dalınca düşür. Yolda üç yolla rastlaşır və azıb başqa yerə gedir. Onlar isə Şiraza gəlir.
Dördüncü məclis: Şirazın sultanı atası yenicə vəfat etmiş, Gülef ruh adlı on yeddi yaşlı oğlandır. Onun anası acları doyduran, yalınları geydirən, qulları azad edən bir xatundur. Güləndam xatunun sarayına gəlir, başına gələnləri və kim olduğunu ona danışır. Xatunun ondan xoşu gəlir. Oğluna Güləndam haqqında danışır və onu tərifləyir. Atasının Bağdadın əmiri olduğunu deyir. Gülef ruh Güləndamı görür və ona aşiq olur. Onunla evlənir. Qırx gün toy olur. Sonra Gülef ruh Güləndamın istəyi ilə onlar üçün bir saray tikdirir. Hər ayağında bir qul mühafizəçi oturur.
Beşinci məclis: Əhməd Güləndamı bir il axtarır. Heç harada tapa bilmir. Yolu bir gün Şiraza düşür. Gəlib şəhərin içindəki "ulu bağa" çıxır. Bağbanla söhbətləşir və Güləndamın şahla evləndiyini öyrənir. Saray haqqında, qapıdakı qullar və arslanlar (iki) haqqında məlumat alır. Dağa gedir, ovçulara pulla iki diri geyik (maral) tutdurur. Sarayın qapısına gəlir, yenə əfsun oxuyur, qapı açılır və içəri girir. Geyikləri arslanlara verir. Əfsunla sarayı mühafizə edən qırx qulu yatızdırır və sonra hamısının bir-bir başını kəsir. Güləndamsa həmin gecə yuxuda bir qara it görür. İt onu dişləmək istəyəndə ayağından götürüb atır. Güləndam ayılır və ağlayır. Gülef ruh onu sakitləşdirir və təzədən yatırlar. Əhməd onların yatdığı otağa daxil olur. Güləndam ayılır. Əhməddən yalnız onu öldürməsini istəyir. Əhməd onu götürüb otaqdan çıxır.
Altıncı məclis: Güləndam ətrafa baxır, amma bir kömək görmür. Sonra Güləndam fürsət tapan kimi nərdivanın başında Əhmədi itələyir. Əhməd nərdivandan yıxılır və başı-beyni dağılır. Güləndam hələ də yatan Gülef ruhun yanına qayıdır. Gülef ruh ayılıb görür ki, qullar hamısı öldürülüb. Güləndam ona olanları danışır. Gülef ruh adamlarını çağırır. Gəlib olanları görürlər. Əhmədin başını kəsirlər, nişan üçün meydana qoyurlar və bədənini asırlar.
Əla,çox sağ olun
ReplyDeleteBuyurun.
Delete