Romada kofe və gelato mədəniyyəti

Bölmələr: // Şərh yaz
Bu dəfə bu yaxında Romaya etdiyim səfərimdən danışmaq istəyirəm. Roma "əbədi şəhər" adını əbəs yerə almayıb. Romanın hər tərəfində çox qədim tikililərə rast gəlmək olar. Qədim deyimə görə şəhər yeddi təpə üzərində qurulub.

Romaya səfər etdikdə Kolizey və Kolizey parkına (Palatine Təpəsi də daxil olmaqla) mütləq baş çəkmək lazımdır. Vaxt olarsa şəhərin digər hissəsində olan Vatikanı, dünyanın ən böyük bazilikası sayılan Müqəddəs Peter Bazilikasını, Trevi Fontanını və Panteonu da görmək lazımdır. Ümumiyyətlə, Roma çox qədim şəhər olduğundan görməli, baxmalı və heyrətlənməli yerləri çoxdur.


Romada yemək mədəniyyəti baxımından diqqətimi çəkən onların kofe və gelato mədəniyyəti oldu. Əvvəlcə onu deyim ki, digər qərb ölkələrinin paytaxtları və böyük şəhərlərində olduğu kimi paytaxt Romada kofe mağazaları, misal üçün Starbucks və digər böyük kofe nəhəngləri yoxdur. İtalyan kofe mədəniyyəti Starbucks-ın yaranmasına ilham versə də və hətta Çinə belə gedib çıxsa da, kompaniya yalnız indi 2018-ci ildə Romada 2 yerdə öz kafe-mağazasını açacaq.

Dünyada hazırda populyar olan kofe mədəniyyəti İtaliyada yaranıb. İtalyanlar "zəncir" (çoxlu kafe-mağazası olan) kofe nəhənglərini sevmirlər. Buna baxmayaraq onların kofe ticarəti dünyanın ən böyük bazarlarından biridir. Çoxlu miqdarda kofeni evlərində içirlər. İtalyanlar evdən kənarda kofe içdikdə isə ənənəvi italyan kofe kafe-mağazalarına və brendlərinə üstünlük verirlər.

İtalyan baristaları (italyan dilində kofe və başqa içkiləri hazırlayan və təqdim edən şəxsə deyilir) çox təcrübəli olurlar. Espresso əsaslı kofeləri hazırlamağa xüsusi peşəkarlıqla yanaşırlar. İtalyanlar bu peşəkarlığa yüksək dəyər verirlər. Ona görə də İtaliyada xaricdən gələnlər üçün kofe kafe-mağazası açmaq riskli işdir. Nəticə etibarilə kofe İtaliyada çox ucuzdur. 1-1.50 avroya ənənəvi kofe fincanında çox dadlı kofe və ya başqa kofe içkiləri içmək olar.

Mən Romanın mərkəzindən Vatikana gedərkən yolun üzərində olan Cantiani adlı kafeyə baş çəkdim. Bu kafe ənənəvi kofe kafe-mağazalarındandır. Cantiani familiyalı şəxs tərəfindən yaradılıb və tarixi keçən əsrin 30-cu illərinə gedib çıxır. Romaya yolunuz düşərsə bu kafeyə baş çəkməyə dəyər. Orada ucuz və keyfiyyətli kofe və müxtəlif biş-düş və şirniyyatlar satılır. 

İtaliyanların, o cümlədən Romalıların kofe və digər yemək mədəniyyətləri kimi özünəməxsus gelato, yəni dondurma mədəniyyəti də var. Gelato italyanca donmuş və ya dondurma deməkdir. Gelato adi dondurmadan buzlulugunun azlığına görə fərqlənir. Romada yay və qış fərqi olmadan gelateria-lar, yəni dondurma satan mağazalar fəaliyyət göstərir. Bu mağazalar müxtəlif dadlı və növlü dondurmalar satır. Dondurmalar adətən qablarda və ya vafli konuslarında təqdim edilir.

 
Mən Romada Giolitti adlanan gelateria-ya baş çəkdim. Deyilənə görə Giolitti Romanın ən qədim dondurma salonlarındandır. Cantiani kimi bu gelateria da Giolitti familiyalı cütlük tərəfindən 1900-cü ildə yaradılıb. Giolitti-yə də dadlı dondurmalar üçün baş çəkməyə dəyər. Kafe-mağazada oturmaq üçün içəridə və açıq havada yerlər var.

0 comments:

Post a Comment