Brigade de cuisine nədir?

Bölmələr: // Şərh yaz

Brigade de cuisine fransızcadan tərcümədə mətbəx briqadası deməkdir. Mətbəx işçilərinin iyerarxiyasına deyilir. Bu yüksək səviyyəli qurumlara, misal üçün bahalı otellərə və restoranlara xas bir sistemdir. Deyilənə görə hərbi briqadanın iyerarxiyasından ilhamlanan məşhur fransız çefi Eskoffier tərəfindən yaradılıb. 

Belə mətbəxdə hər kəs müəyyən bir iş üçün məsuliyyət daşıyır. Bütün mətbəx üçünsə Chef de cuisine, yəni mətbəx rəhbəri cavabdeh olur. Üstəlik chef de cuisine yeni reseptlər və menyular hazırlayır. Ondan sonra mətbəxdə ikinci yüksək rütbəli şəxs Sous-chef de cusine, yəni mətbəx rəhbərinin müavini olur. 

Bunlardan sonra gələn yüksək vəzifələr Saucier, yəni sousçu və Chef de partie, yəni qrupun rəhbəridir. Sonuncu rolda olan işçi müxtəlif yeməkləri hazırlayan qruplara rəhbərlik edir. Daha kiçik bölmələrin rəhbərinə demi-chef, yəni yarım-başçı deyilir. Bu rütbələrdən başqa mətbəxdə çoxlu başqa vəzifələr olur:

Cuisinier - spesifik yeməkləri hazırlayır.
Rôtisseur - qızartma və qovurma üçün qrupa rəhbərlik edir. 
Poissonnier - balıq və dəniz yeməklərini hazırlayır. 
Entremetier - şorba və bəzi ətsiz yeməkləri hazırlayır.
Chef garde manger - soyuq yeməklərin və salatların hazırlanmasına rəhbərlik edir. 
Pâtissier - desertləri və şirniyyatları hazırlayır. 
Tournant - başqa işçilərə kömək edir. 
Commis - qrupun alətləri üçün cavabdeh olur. 
Plongeur - qab-qaşığın təmizliyi üçün məsuliyyət daşıyır.
Boucher - qəssab ət və balıq doğrayır.  

Bundan başqa bir çox böyük mətbəxlərdə bir sıra əlavə vəzifələr, misal üçün confiseur - şirniyyatçı, glacier - soyuq desertçi, décorateur - bəzəkçi, boulanger - çörəkçi, potager - şorbaçı, legumier - tərəvəzçi, grillardin - qrilçi, friturier - qızartmaçı, marmiton - qazanlara və tavalara cavabdeh işçi və başqaları olur. 

Bəzi mətbəxlərdə sifarişi mətbəxə elan edən şəxsə aboyeur deyilir. Amma bu işi mətbəx çefinin müavini də görə bilər. Mətbəx işçiləri üçün yemək bişirən şəxsə isə communard deyilir. Məncə sonuncu çox məsuliyyətli bir işdir və mətbəx işçilərinin yeməkdən razı qalması üçün ustalıq tələb edir.

0 comments:

Post a Comment