Petits fours və mignardises nədir?

Bölmələr: // Şərh yaz

Petit four (azərbaycanca tələffüz: pötifur, rusca птифур deyilir) fransızcadan hərfi tərcümədə balaca soba deməkdir. Fransızlar kiçik şirniyyatlara və qeyri-şirin qəlyanaltılara deyir. Cəmdə petits fours kimi işlənir. Petits fours süfrəyə verildikdə prezentasiyaya xüsusi fikir verilir. Bir-birinin üzərində deyil, yanaşı və aralarında məsafə qoymaqla təqdim edilir. 

18-ci əsrdə Fransada kərpic sobalar kömürlə qızdırılarmış. Belə sobaların soyuması uzun çəkərmiş. Ona görə soba soyuyarkən kiçik şirniyyatları bişirərlərmiş. Petit four adı da buradan yaranıb (vikipediya). Başqa məlumata görə isə petit four hazırlamaq üçün əsas sobanın yanında kiçik sobalar olarmış və kiçik soba adı buradan gəlir. 

Fransızlar petits fours-u adətən desert kimi və ya desertdən sonra yeyərlərmiş. Müasir dövrdə petits fours furşetlərdə və yemək fasilələrində apperitiv və ya desert kimi verilir. Üç növü müəyyən edilir: glacé, yəni qlazur olunmuş (buna bəzən frais - ingiliscə fresh, yəni təzə deyilir), salé, yəni duzlanmış və sec, yəni quru.

Glacé petits fours fondantla (pomadka) və ya başqa qatışıq ilə qlazur olunmuş və bəzədilmiş mini-şirniyyatlardır. Bura miniatür tortlar, miniatür eklerlər, tartletlər, trüfellər, profiterollar və başqa kiçik şirniyyatlar aiddir.  

Salé petits fours şampan və ya şərabla yeməkdən öncə bir növ apperitiv kimi verilir. Daha çox furşetlərdə və ya kokteyl partilərdə verilir. Gougere-lər (burada), miniatür kruasanlar, miniatür kişlər (quiche), pendir biskvitlər, mini pizzalar bura aiddir.

Sec petits fours başqa bişirilmiş, amma qlazur olunmamış biş-düşdür. Bura peçenyelər, merenq, makaronlar (burada), palmierlər və başqa şirniyyatlar aiddir. Bizim mətbəximizdən şəkərbura, paxlava və şorqoğalın miniatür formasını bura aid edərdim.

Deyilənə görə Paul Coquelin 1897-ci ildə Parisdə açdığı pâtisserie-də (chez Coquelin) hər birinə qadın adları verilmiş 30 növ petits fours hazırlayıbmış. 

Petits foursların bəzilərinə mignardises (cəmdə) deyilir. Mignardise mignard, yəni zərif (delikat), xoş və sevimli sözündəndir. Yaxşı tanınmış və sevilən şirniyyatların "bir dişləmlik" miniatür formasına deyilir. Misal üçün miniatür eklerlər və makaronlar bura aiddir. İstənilən şirniyyat mignard oluna, yəni miniatür forması hazırlana bilər.

Heç bir zaman miniatür paxlava, şəkərbura və şorqoğal yeməmişəm. Çox istərdim ki, Azərbaycanda furşetlər və ya kiçik partilər üçün petits fours və ya mignardises milliləşdirilmiş şəkildə hazırlansın. Bu çox maraqlı və özünəməxsus olardı. Bəlkə də bunu bəzi yerlərdə artıq edirlər, amma heç vaxt eşitməmişəm və görməmişəm.

0 comments:

Post a Comment