İbn Battuta ilə 14-cü əsrə səyahət

Bölmələr: // Şərh yaz
Maqamat Al-Hariri, 1237-ci il, Ərəb Xilafəti
Bir zamanlar orta əsrlər səyyahı İbn Battuta haqqında öyrənəndə heyrətlənmişdim, həyatı və səyahətlərini çox bəyənmişdim. Bugünlərdə onun haqqında kitab oxuyarkən bu haqda yazmaq qərarına gəldim. Maraqlıdır ki, İbn Battutanın yaşadığı əsr uzaq görünsə də bizim dövrümüzdən onun dövrünə qədər olan vaxt onun dövründən Məhəmməd Peyğəmbərin dövrünə qədər olan vaxta bərabərdir.

Öncə onu deyim ki, əvvəllər səyahət indiki kimi deyildi. Çox çətin və qaranlıq bir proses idi. Tanımadığın, bilmədiyin yerlərdə dəfələrlə gecələmək, quldurların və vəhşi heyvanların hücumlarına məruz qalmaq, aylarla-illərlə yol getmək, gəmilərin batması, nəqliyyat heyvanlarının yolda ölməsi, hava şəraiti (xüsusən dənizdə) və bəzən qohumları və dostları bir də görməmək demək idi.

Üstəlik dünya haqqında məlumat və səyahətçilər nisbətən az idi. Unutmaq olmaz ki, bu həm də insanların asanlıqla qul edildiyi dövr idi. Qadınların sərbəst səyahətindən söz belə gedə bilməzdi. Səyahət kişilər üçün təhlükəli idisə qadınlar üçün ikiqat təhlükəli idi. Şərq və Qərb arasında səyahətçi təcrübəsi və informasiya mübadiləsi yox idi. Tək-tük səyahətçilər gedib gəlib gördüklərini yazıb paylaşırdılar.

Bəzən daha öncə bu səyahətləri etmiş adamın yazdıqlarından köçürürdülər. Bəzən isə ümumiyyətlə getmədikləri yerlərə çox görünsün deyə, ya da öz statuslarını ekzotik torpaqlarla artırmaq üçün oralara səyahət etdiklərini deyirdilər. Misal üçün Marko Polo-nun (1254-1324) səyahətlərində bir çox məqamların dürüst olmadığı və əslində bəzi səyahətlərin ümumiyyətlə baş vermədiyi düşünülür.Yaxud da İbn Battutanın başqa bir müasiri, səyahətlərinin əks olunduğu deyilən kitabın müəllifi Sir John Mandeville-in (1357-1371)  ümumiyyətlə mövcud olmadığı və kitabının başqa yazılardan köçürüldüyü deyilir. Buna baxmayaraq kitab Yerusalimə hicrət üçün bələdçi kimi buraxıldığından xristianlara xeyri dəymiş olmalıydı.

Qara Ölümün (1346-1353) gəlişinə qədərki dövrdə dünyanı tanımaq istəyi və marağı daha da güclənmişdi. Bu da həm Qərb, həm də Şərq sivilizasiyalarının və insanlarının inkişafı ilə əlaqədar idi. Səyahətlər Qərbdə Xaç yürüşlərindən sonra, Şərqdə isə İslamın Qızıl Dövründən (Qərb alimləri 8-ci əsrin sonundakı inkişafa İslamın Qızıl Dövrü deyir) başlayaraq çoxalmışdı. Bu istək Qara Ölümdən sonra Yeni Dünyanın (Amerikalar) kəşfinə və Renessansa gətirib çıxaracaqdı. 

Hələlik isə Qərbdən və Şərqdən səyahətə çıxanlar daha çox xristian missionerləri və ya həcc ziyarəti edən müsəlmanlar idi. Vatikan Papaları 13-cü əsrdə dominasiya edən Monqol xanlarına bir çox xristian elçilər və səfirlər göndərmişdi. Bu insanların səyahətləri yazılıb və dövrümüzə gəlib çatıb (ümumiyyətlə 13-cü əsrdə Avropada Monqol istilası qorxusu yaşanırdı və Monqolları daha yaxşı başa düşməyə, öyrənməyə çalışırdılar). İbn Battuta da səyahətlərinə məhz Məkkəylə başlayır.

Qara Ölümə qədərki iki əsrdə yaşamış səyahətçilər: Əndəluzlu İbn Cubayr (1145-1217), yəhudi Tudelalı Benjamin (1130-1173), yunan Yaqut Əl-Rumi Əl-Həməvi (1179-1229), yəhudi Regensburqlu Petaxiya (öl. 1225), italyan Giovanni da Pian del Carpine (1185-1252), flaman Rubruklu Vilyam (1220-1293), ərəb Çihab Əl-Umari (1300-1384) və başqaları. İbn Battuta çox güman ki, bu insanlardan müsəlman dünyasında tanınanları haqqında eşitmiş, yaxud da oxumuşdu. Deyilənə görə Əndəluzlu İbn Cubayrın səyahətləri onu səyahətə başlamağa ilhamlandırmışdı.

İbn Battuta

İbn Battuta 1304-cü ildə Mərakeşin Tanjer (Tangier) şəhərində anadan olub. 22 yaşında ikən səfərlərinə başlayıb və növbəti 30 ildə həmin dövrdə məlum olan çoxlu müsəlman və qeyri-müsəlman ölkələri gəzib. İbn Battuta hakim təhsili almışdı (Maliki hüquq məktəbi). Gənc səyyah səyahətə çıxarkən dünya onun təsəvvüründə aşağıdakı xəritədəki kimi olmalı idi:
 
Əl-İdrisinin Dünya Xəritəsi, 1154. Foto: blog.ung.edu
Şimal aşağıda, cənub isə yuxarıdadır. Xəzər dənizi sol tərəfdə aşağıdadır.
Yuxarıdakı və aşağıdakı xəritə öz dövrü üçün və növbəti üç əsr üçün dünyanın ən qabaqcıl xəritəsi idi. Bu xəritəni Əl-İdrisi (1099-1166) adlı Seutada doğulmuş mərakeşli müsəlman ərəb kartoqrafı normandların (fransız) Sisiliya kralı II Roger üçün hazırlamışdı. O kralın sarayında 18 il yaşamışdı. Xəritələr öz dövrü üçün çox dəqiqdir. Bunun hazırlanmasını təsəvvür edin. Bütün islami mənbələrdə olan xəritələrın, yazıların, eləcə də səyyahların və tacirlərin söhbətlərinın, Normand səyahətçilərinin verdiyi məlumatların araşdırılması, analizi...

Əl-İdrisinin Dünya Xəritəsi, 1154. Foto: blog.ung.edu
Xəritə tərsinə çevrilib. Əslində şimal aşağıda, cənub isə yuxarıdadır.
Çox güman ki, İbn Battutanın bu xəritədən (və ya oxşarından) xəbəri var idi və dünya onun təsəvvüründə məhz belə idi. Maraqlıdır ki, Xəzər Dənizinin (Bahr al Hozar) aşağı sol küncündə "Bilad Aderbaigan", yəni Azərbaycan torpağı yazılıb. Gözəldir, deyilmi? Albaniya isə nisbətən yuxarıda iki "l" hərfi ilə yazılıb. Rubruklu Vilyam da oralara (ya da yaxın yerlərə) Albaniya deyir. Bu insan Papa tərəfindən Monqol xanlığına bir növ "study visit" üçün göndərilmişdi (1253-1255) və səyahətini Papa üçün yazmışdı. Muğan düzünə Moan, Kürə Cur, Tiflisə Tefilis, gürcülərə Curges adını verir. Gürcülərin adlarının Kür çayından götürüldüyünü və Kür çayının əla qızılbalıqları olduğunu yazır. Şamaxıya Samag, Gəncəyə Ganges deyir, Gəncənin bir vaxtlar Xarəzmin (Crosminians) paytaxtı olduğunu və böyük şəhər olduğunu deyir. Eləcə də Naxçıvanın (Naxua) bir zamanlar böyük və gözəl şəhər olduğunu və bir krallığın paytaxtı olduğunu yazır.

Rubruklu Vilyamın səfərləri zamanı Azərbaycan müstəqil dövlət olan Xarəzmşahların (bir zamanlarsa Səlcuqilərin vassalı) idarəsi altından çıxaraq Monqol İmperiyasından şaxə xanlıq olan Elxanilərin hakimiyyəti altına keçmişdi. İbn Battutanın Anadoluya və Qızıl Orda torpaqlarına səfəri zamanı isə Elxanilər hakimiyyəti artıq dağılırdı (ya da dağılmışdı). Azərbaycan Monqol Cəlairilər sülaləsinin hakimiyyəti altına keçmişdi (amma Cəlairilərin də hakimiyyəti çox çəkməyəcəkdi və onların vassalı olan Qaraqoyunlular sonradan onları tamamilə məhv edəcəkdi).

İbn Battuta yolda çoxlu ölümlər, xəstəliklər, ədalətsizliklər görür. Amma çoxlu dindar və yaxşı insanlara da rast gəlir. İlk gördüyü ədalətsizlik Əlcəzairdə olur. Onunla səyahət edən bir tacir ölməzdən əvvəl 3000 qızıl dinarı başqa bir tacirə varislərinə çatdırılması üçün verir. Şəhərin hakimi isə bu pulları tacirin əlindən alır. İbn Battuta dəfələrlə xəstələnir və sağalır. Ən az 10 dəfə evlənir (arvadlarını çox vaxt onların torpağında qoyub qalır) və ən az 5 uşağı olur (ikisinin ölümü qeyd olunur). Onun təhsili İslami qanunları əhatə etdiyindən bəzi yerlərdə hakim kimi təyin olunur. 

İbn Battuta "dünyanın yarısını" (onun fikrində bəlkə də hamısını və ya hamısına yaxın) gördükdən sonra geriyə qayıtmağa qərar verir. 1349-cu ildə nəhayət ki, evə qayıda bilir. Lakin yolda ikən atasının 15 il əvvəl, anasının isə bir neçə ay əvvəl Qara Ölümdən öldüyünü öyrənir. Qara Ölüm bəşəriyyətin tarixində ən dəhşətli pandemiyalardan biri idi və dünya əhalisinin böyük bir hissəsinin məhvinə səbəb olmuşdu.

Səyyah geri gəldikdən sonra Əndəluzu və Afrikanı gəzməyi qərara alır. Nigerdə ikən Mərakeşin Sultanından geri dönmək əmri gəlib ona çatır. Sultan onun səyahətlərinin yazılmasını tələb edir. İbn Battuta səyahətlərini İbn Cuzayy adlı yazara diktə edir. Bu əsər də onun səyahətlərinin dövrümüzə gəlib çatan yeganə mənbəyidir. Tam adı belədir: Şəhərlərin Ecazkarlığını və Səyahətin Möcüzələrini Seyr Etmək İstəyənlər üçün Hədiyyə. Lakin daha çox Rihla, yəni səyahət kimi tanınır. Bu əsər bitirildikdən sonra İbn Battutanın həyatı haqqında məlumat çox azdır. Onun 1368 və ya 1369-cu ildə vəfat etdiyi düşünülür.

Düşünürəm ki, İbn Battuta Azərbaycana gəlməsə də onun Anadolu və Qızıl Orda türkləri haqqında yazdığını vurğulamalıyam. O türk qadınların başını bağlamadığını xüsusi qeyd edir. Sonra qadınların yüksək statusunu vurğulayır: "Mən bu ölkədə diqqətəlayiq bir şeyin, qadınların hörmətlə necə yüksək tutulmasının şahidi oldum. Doğrudan da ləyaqətdə kişilərdən daha üstündürlər." Qadınlar bazara getdikdə ərinin sanki onun qulluqçularından biri olduğunu düşünmək olar deyə İbn Battuta təəccüblənir. Doğrudan da başbağlama və qadına ikinci sort kimi baxılması qeyri-türk mənşəli bir adətdir və əcdadlarımızın mentalitetinə ziddir. Bunlar daha çox Yaxın Şərqdən gəlmiş elementlərdir.  

Yemək Mədəniyyəti

İbn Battuta yeməyi çox sevirdi. Səbəblərdən biri təbii ki, İslamda yeməyin özünəməxsus Ramazanla əlaqəli yeri idi. O Misirdə hər cür nemətlərin gətirilib satıldığını deyir. Kök ev quşları, camış südü, buri adlı balıq, xurma, nar və başqa nemətləri sayır. David Waines (2010) Kanz al-fawa'id fi tanwi' al-mawa'id (Fərqli süfrənin hazırlanması üçün xeyirli məsləhətlər xəzinəsi) adlı Misirdə İbn Battutanın zamanında naməlum şəxs tərəfindən yazılmış yemək kitabından buri balığının bişirilməsi üçün resept qeyd edir (İbn Battuta Misirdə olduğu müddətdə belə bir yemək yemiş ola bilərdi):

Soğan şirin yağda (duru) qovrulur və kənara qoyulur. Sonra zəfəran, ətirli ədviyyatlar, fındıq, zəncəfil, nanə, üzərlik, bəzi tərəvəzlər və kişmiş qarışdırılır, çaxır sirkəsinə qoyulur və bişirilir. Balıq ayrıca qızardılır. Qovrulmuş soğan və bişirilmiş qarışıq balığa vurulur. Dad alması üçün gecə saxlanılır və növbəti gün yeyilir.

Sadaladıqları içində naida adlı "bal məmulatı" diqqətimi çəkdi. Bunun üçün buğda bir neçə gün isladılırdı, sonra qurudulur və əzilirdi. Alınan şirniyyat sonra bazarlarda satılırdı. Başqa bir şirniyyat və ya məmulat əl- mulabban gürcü şirniyyatı çörçxelanı xatırladır. Öncə üzüm şirəsindən (xurmadan da hazırlanır) dibs adlı məmulat hazırlanırdı. Şirəyə qatılaşması üçün xüsusi toz (gil) qatılırdı və dibs alınırdı. Sonra dibs-ə fıstıq və badam əlavə olunurdu və şirniyyat kimi saxlanılır/yeyilirdi. Bundan başqa dibs-dən yemək hazırlanmasında istifadə olunurdu.

İbn Battuta Livanda və Suriyada əncir, kişmiş, zeytun, fıstıq, ərik, yemiş və albalıdan söhbət açır. İraqda düyü çörəyi, balıq, süd, xurma yeyir (düyü çörəyi kasıbların yeməyi idi) və xurmadan hazırlanan baldan - sayalan söz açır. İranda çoxlu palıd ağaclarını görür. Palıd qozasından çörək bişirildiyini deyir. Məkkəlilərin gündə bir dəfə yemək yediyini deyir (acanda qurudulmuş xurma yediklərini də vurğulayır). İndi Somalinin paytaxtı olan Moqadişu haqqında aşağıdakıları yazıb:

Onların yeməyi ghee (təmizlənmiş yağ) ilə bişirilmiş və geniş taxta qabda verilən düyüdür. Bunun üzərinə kuşan qabları qoyurlar. Kuşan toyuq, ət, balıq və tərəvəzlərdən hazırlanmış qara-quradır. Onlar yetişməmiş bananları süddə bişirirlər və sonra bir qaba qoyurlar. Başqa bir qaba çürüdülmüş və suyu çıxarılmış süd (qatığabənzər), bunun içinə isə bir limon parçası, bir dəstə sirkədə marinə olunmuş və duzlanmış bibər, yaşıl zəncəfil və manqolar qoyurlar. Manqolar almaya bənzəyir, amma içində çəyirdəyi olur. Dəyəndə həddən artıq şirin olurlar və bir meyvə kimi yeyilirlər, amma dəyməzdən əvvəl limon kimi turş olurlar və sirkədə marinə edilirlər. Hər dəfə bir ağız düyü yeyəndən sonra duzlanmış və marinə olunmuş hissələrdən yeyirlər. Bir Moqadişulu adam bizim hamımızdan (tacirlər, səyyahlar) çox yeyir və buna öyrəşiblər. Ona görə də şişman və piylidirlər. 

Bugün isə Somali heç də yaxşı vəziyyətdə deyil və insanları aclıq çəkir, çox arıqdır. İbn Battuta Seylonda da (Sri Lanka) banan ağacı yarpaqlarının üzərində verilən, yerli camaatın müntəzəm yeməyi olan düyünün kuşan - qara-qura ilə yeyildiyini deyir. Bugün Oman olan torpaqlarda düyü və balıq yeyildiyini, Kenyanın ikinci böyük şəhəri olan Mombasada isə banan və balıq yeyildiyini yazır. Maldiv adalarının yeməyinin kakos və balıq olduğunu deyir. Kakosdan yağ, süd və bal hazırlanıldığını qeyd edir.

Hindistanda yemişlərdən, süpürgə darısından, muşank adlı lobyalardan (bunlardan çörək bişirildiyini deyir), balıqdan, camış südündən, samusak və kişri yeməyindən, ekzotik meyvələrdən, betel yarpaqlarından, areka qozundan, düyüdən, şirniyyatdan və bir çox başqa nemətlərdən söz açır. İnsanların qum kərtənkələsi yeməsindən xoşu gəlmir. Yaxın Şərqdən fərqli olaraq qonaqların ayrıca qablardan yeməsini vurğulayır (eyni şeyi Qızıl Orda türklərində də görür).

Türk Yemək Mədəniyyəti

İbn Battuta Anadolu türklərinə türkmən deyildiyini və bir zamanlar bu torpaqların Bizans yunanlarının olduğunu deyir. Bu türklərin ən önəmli xüsusiyyətinin mərhəmətlilik olduğunu vurğulayır (David Waines, 2010). O deyir ki, Anadolu türkləri yol üstündə olanların ehtiyacları haqqında soruşur, onlarla öz qohumu, yaxını kimi rəftar edir və çox səxavətlidirlər. Qızıl Orda türkləri haqqında isə deyir:

Bu türklərdə qonaqlara layiqli yaşayış yeri vermək və onları təmin etmək adəti yoxdur. Onlar qonaqlara qoyun, at və qımız (dolu) dəriləri göndərir və bu onların hörmətlə rəftarıdır.

Anadolu türklərinin başqa nemətlər arasında tharid (ərəb yeməyi), çörək, ət, üzüm və əncir yediyini və su əlavə olunmuş, limon sıxılmış, qoğal qırıntıları əlavə edilmiş gülab içdiyini qeyd edir. Qızıl Orda türkləri haqqında aşağıdakıları söyləyir:

Bu türklər nə çörək, nə də bərk qida yemir. Darıya bənzər bir şeydən dügi dedikləri yeməyi hazırlayırlar. Odun üstünə su ilə dolu qazan qoyurlar. Qaynayanda içinə bir qədər bu dügidən atırlar. Əgər ət varsa kiçik hissələrə kəsirlər və dügi ilə bişirirlər. Sonra hər bir kişinin payı kasada verilir. Üzərinə içmək üçün çürümüş süd (ola bilsin ki, qatıq) əlavə edirlər. Bəzən isə bu yeməyi qımız dedikləri madyan südü ilə içirlər. Onlar cüssəli, güclü və dayanıqlı adamlardır.

Dügi sözü sizə nəyisə xatırlatmır? Türklərin pirinç, farsların baranj, ərəblərin arroz, yunanların oriza, rusların ris, gürcülərin brinji və başqa millətlərin, eləcə də başqa türk millətlərin düyüdən fərqli söz işlətmələri bu sözün haradan gəlməsi haqqında məni düşündürüb. Azərbaycanın bəzi yerlərində düyüyə hələ də dügi deyilir. Ola bilsin ki, İbn Battutanın gördüyü dügi hansısa bir taxıl növü, daha dəqiq desəm darı olub. Bundan başqa o deyir ki, onlar şirniyyat yeməyi biabırçılıq sayırdılar. Yaxın yerlərdə bir türk başçı tərəfindən banketə dəvət olunduqda süfrəyə şirniyyat və çörək verildiyini deyir. Bu və başqa ərəb və fars mənbələri İbn Battutanın Qızıl Orda türklərinin yeməkləri haqqında (çörək və şirniyyat yeməməkləri haqqında) dediklərini sual altına qoyur və tam düzgün məlumat deyil (David Waines, 2010).

İbn Battuta Qızıl Ordanın alkohollu içki olan qımız içməsindən şikayətlənir. Uşaqlıqda müəllifini unutduğun Göytürklər əsərində dəfələrlə adı çəkilən qımızın (at südündən hazırlandığı məlum idi) necə bir şey olduğunu anlamağa çalışırdım. Amma bu haqda məlumat tapa bilmirdim. Waines (2010) qımızın hazırlanmasını Rubruklu Vilyamın yazılarından götürərək belə izah edir:

Çoxlu miqdarda at südü dəridən hazırlanmış çantaya (buna motal demək olar) qoyulur və "aşağı ucu adamın başı boyda olan, üstəlik içi ovulmuş çubuqla çalınır. Çalındıqda süd tezliklə təzə çaxır kimi köpüklənməyə başlayır, qıcqırır və fermentləşir. Yağ alınana qədər çalmağa davam edilir". Alınan mayeni içirlər. Yağ isə yeyilir və ya yemək üçün istifadə olunur. Yağı qışda işlətmək üçün qoyunun qarnından hazırlanmış konteynerlərdə duzlanmamış saxlayırlar. 

Birgi Sultanı (Anadolu) İbn Battutaya hədiyyə kimi qoyunun qarnından hazırlanmış konteynerdə düyü, un və yağ göndərir. Düşünürəm ki, bizim əcdadlarımız da keçmişdə belə konteynerlərdən istifadə ediblər. Qoyun dərisi - motalda da pendir saxlayıblar. Həmçinin yuxarıdakı üsula bənzər şəkildə yağı nehrə çalxalamaqla alıblar. Bu yağı uşaqlıqda yediyimdən deyə bilərəm ki, çox dadlı və ləzzətli olur.

İbn Battuta türklərin əti sümüklə yediyini deyir və daha 2 türk yeməyini təsvir edir. Birinci burxani adlanır. Burxani hazırlanması üçün xəmir içində dəlik olan kiçik hissəciklərə kəsilir, bişirilir, sonra çürümüş südlə (çox güman ki, qatıq) yeyilir. Digər yemək rişta adlanır. Nazik kəsilmiş təzə xəmir bişirilir və təzə südlə yeyilir. Rişta sizə tanış gəlirmi? Bu bizim və türklərin əriştəsidir. Farsca bu yemək reshte adlanır. Ümumiyyətlə, reshte fars sözüdür və mənası ip və ya sap deməkdir.  Başqa rast gəldiyim tanış sözlər arasında bu sözlər də var: sultanın ətrafı və ya düşərgəsi - məhəllə, ət kəsən adam - bavarçı, Xarəzmdə yağla bişirilmiş çörək - kulica (çox güman ki, yunan sözüdür; ortodoks xristianların, eləcə də rusların Pasxa çörəyinə deyilir).

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, 14-cü əsrdə əcdadlarımızın əsas yeməkləri süd məmulatları, ət və taxıl olub və bu sonrakı əsrlərdə çox az dəyişib. İbn Battutayla səyahət etmək istəsəniz onun kitabını oxuyun. Bir mənbə kimi onlayn kitablardan, digər mənbə kimi isə əgər fransızca bilirsinizsə Bakıdakı Fransa Mədəniyyət Mərkəzindəki kitabxanadakı adını unutduğum kitabdan istifadə edə bilərsiniz.



Biblioqrafiya:

Waines, D. (2010) The Odyssey of Ibn Battuta: : Uncommon tales of a medieval adventurer. London: I.B. Tauris.

William of Rubruck, The Journey of William of Rubruck to The Eastern Parts, 1253–1255, translated and edited by W. W. Rockhill (London: Hakluyt Society, 1900)

0 comments:

Post a Comment