Ətirli və sərinləşdirici çay

Bölmələr: // Şərh yaz
Birincisi dodaqlarımı və boğazımı yaşlayır,
İkinci piyalə tənhalığımı uzaqlaşdırır.
Üçüncüsü içimdəki boşluğu axtarır, 
Orada cəmi beş min kitab tapır.
Dördüncü piyalə yüngülcə tərlədir,
Həyatın çətinlikləri məni tərk edir.
Beşincisi bütün bədənimi təmizləyir,
Altıncı piyalə ölümsüzlərə səsləyir.
Yeddinci piyalə... artıq içə bilmirəm!
Bir tək sərin küləyin təmiz nəfəsini
Qanadlarımın altında hiss edirəm...

Lu Tonq (Çin şairi), 790-835, Yeddi piyalə çay


Əsl çay sevərlər çaylarını yalnız tünd deyil, həm də 
hər ötən il bir az daha tünd içməyi xoşlayırlar.

George Orwell, 1946, A Nice Cup of Tea

Earl Grey çayı
Çay vətəni Asiya olan həmişəyaşıl Camellia sinensis (çin çayı) bitkisinin yarpaqlarından hazırlanır. Subtropik və tropik iqlimdə bitir. İlk olaraq çaydan çinlilər lap qədimlərdə istifadə etməyə başlayıblar. 16-ci əsrdə portuqaliyalılar onu Qərb ölkələrinə gətiriblər. Növbəti əsrlərdə aristokratlar üçün kofe evləri çay bağları ilə əvəz olunmağa başlayıb. Azərbaycana və qonşu ölkələrə isə çox güman ki, İrandan gəlib. Çünki, çay sözünün mənşəyi fars dilinə gedib çıxır. Farslar da bu sözü öz növbələrində Çinin şimal tələffüzündən götürüblər. 

Müxtəlif millətlər çayı fərqli şəkildə içir. Kimisi yaşıl, kimisi qara, kimisi sarı çaya üstünlük verir. Bu rəng və dad fərqliliyi də emal prosesində yaranır. Çay yarpaqları yığıldıqdan qısa vaxt sonra solur və yarpaqlarda oksidləşmə prosesi gedir. Bunun nəticəsində yarpaqlar sarı deyil, qara rəngə boyanır. Solmaları üçün çay yarpaqlarını ya günün altında, ya da sərin otaqda saxlayırlar. 

Ağ çay solma, lakin oksidləşməmə, ulonq çayı solma və hissəvi oksidləşmə, qara çay isə solma və tam oksidləşmə nəticəsində əmələ gəlir (qara çay emal prosesində əzilir). Oksidləşməni müəyyən səviyyədə saxlamaq üçün çay yarpaqları "bişirilir" və ya buxara verilir. Sarı və yaşıl çaylar isə soldurulmur və oksidləşmir. Sarı çayı almaq üçün yaşıl yarpaqlar bişirmədən sonra qapalı konteynerdə qızdırılır və bununla da yarpaqlar sarı rəng alır. Ən qısa müddətdə hazır olan çay isə ağ çaydır. 

Çayın tərkibindəki kafein kofe və şokoladda olduğu kimi insanı aktivləşdirir. Biz qarışıqsız qara çay içirik.  Çayı günün istənilən vaxtında içə bilirik. Bir sıra başqa millətlər isə müxtəlif çay növlərini günün müəyyən vaxtlarında şəkər və süd əlavə etməklə içirlər. Bəzi yerlərdə (Tibet, Monqolustan və s.) çaya hətta yağ və duz belə əlavə edirlər. Bundan başqa çay isti və soyuq içilə bilir.

Çay dəstgahı da ölkədən ölkəyə fərqlənir. Misal üçün Şərqi Asiya ölkələrinin çoxunda xüsusi çay mərasimi var. Yaponiyada buna "çay yolu" (onlar tozlaşdırılmış yaşıl çay içirlər), Çində isə "çay incəsənəti" deyirlər.

Ənənəvi Çin yaşıl çayı
Müxtəlif ölkələrin çay içmək və çay hazırlamaq üçün qabları da maraqlıdır. Yəqin ki, evdə çay servizlərinin (service à thé) üzərindəki rəsmlər diqqətinizi çəkib. Maraqlıdır ki, ilk servizlər də (service de table) Çində hazırlanmağa başlayıb. Misal üçün aşağıdakı rəsmdə britaniyalı rəssam üzərində Çin peyzajı olan qaymaq qabılı və qənd qabılı servizin gözəlliyini çox gözəl əks etdirib.

George Dunlop Leslie, 1885, Tea (Çay)

Bizim çay mədəniyyətimiz isə İran çay mədəniyyəti ilə eyni kökdən gəldiyindən ona çox bənzəyir. İranlılar da çayı tünd və armudu adlanan stəkandan qənd dişləməklə içirlər. Samovar mədəniyyətimiz isə digər qonşumuz, Rusiya ilə oxşardır. Öz çayımızı 19-cu əsrdə əkməyə başlamışıq. Buna baxmayaraq Seylon (Şri lanka) çayından və başqa çaylardan da ölkəmizdə istifadə olunub.

Bundan başqa çayxanalar keçmişdə və indi də millətimizin "müəyyən hissəsi" üçün əhəmiyyətli yer olub və belə yer olaraq qalmaqdadır. Domino və nərd kimi oyun turnirlərinin keçirildiyi və aktual məsələlərin müzakirə olunduğu çayxanalara qadınların getməsinə pis baxılıb. 18-ci əsrin əvvəllərində Britaniyada da oxşar vəziyyət olub. Çay kofe evlərində verilib və qadınlar bu evlərə getmirmiş. Qadınlar çay istəsə kişilər onlar üçün alıb gətirməli imiş. Yaxşı ki, indi ölkəmizdə inklüziv şəkildə xanımların da gedə biləcəyi çay evləri var. 

Ən maraqlı çay adətimiz isə elçiliyə gələnlərə müsbət cavab əlaməti olaraq şirin çay verilməsidir. Bunun harada və necə başladığını bilmək maraqlı olardı, amma yəqin ki, mümkün deyil. Maraqlıdır, əgər elçilər çay içmək istəməzsə nə baş verir? Amma yəqin ki, çay gətirəndə elçilərdən nə içmək istədikləri soruşulmur və qiyabi şəkildə (by default) süfrəyə çay verilir...

0 comments:

Post a Comment