Şirin-şəkər dadlı-təamlı bal

Bölmələr: // Şərh yaz
Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları 
çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi 
yolla rahat get!" (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli 
bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!

Quran, 16:68-69

Bal bal arılarının güllərin nektarından hazırladığı şirin maddədir. Başqa arılar az miqdarda bal hazırlasalar da məhz bal arılarının balları yığılır və yeyilir. Bu arıların hazırda 7 cinsi tanınır və onları apiologiya elmi öyrənir. Bal arıları birlikdə bir icma kimi (təbiətdə) qurduqları yuvada yaşayırlar. Belə yuvalarda bir arı kraliça, müxtəlif sayda gələcək kraliçaları mayalandıra biləcək erkək arılar və haradasa otuz min civarında işçi arı olur. 

Bal arıları mumdan "yuva hücrələrini" düzəldirlər. Bu hücrələr heksaqonal (altıbucaqlı) olur və onların toplusuna pətək deyilir. Öz yumurtalarını və yeməyi həmin hücrələrə qoyurlar. Yemək isə bal və gül tozundan ibarət olur. Qışda yemək az olduqda bal arıların əsas yeməyi olur. Gənc nəsil də balla qidalanır. 

Bal hazırlamaq üçün güllərdən topladıqları nektarı arılar qrup şəklində yeyirlər və sonra qusurlar. Bunu bir neçə dəfə təkrar edirlər. Bal arılarının həzm sistemindəki enzimlər saxaridlərdə dəyişikliklərə səbəb olur. Alınmış mayenin tərkibindəki suyu buxarlandırmaq üçün isə arılar qanadlarını çırparaq külək yaradırlar. 

Su buxarlandıqca tanıdığımız formada bal yaranır. Suyun buxarlanması fermentasiyanın qarşısını alır. Bal havadan rütubəti, yəni "suyu çəkə bildiyindən" bağlı qablarda saxlanmalıdır. Balda suyun miqdarı artıb müəyyən səviyyəyə çatdıqdan sonra fermentasiya baş verəcək və bal yemək üçün keyfiyyətini itirəcək.  

Balın kristallaşması isə qlükoza və fruktozanın nisbətindən asılıdır. Qlükozası çox olan ballar çox tez kristallaşa bilir. Aşağı qlükozalı ballar isə, misal üçün şabalıd balı, kristallaşmır. Kristallaşmış balı qızdırmaqla əvvəlki formasına qaytarmağa çalışmaq olar. Amma belə balın dadı, ətri və başqa xüsusiyyətləri dəyişə bilər. Əgər kristallaşmış balı israf etmək istəmirsinizsə onda çalışın mümkün qədər (ən aşağı) aşağı temperaturda çox qısa müddətdə qızdırasınız. 


Balı yeməkdən başqa biş-düş üçün və fermentizator kimi alkohollu içki hazırlamaq üçün istifadə edirlər. Balın xüsusiyyətləri isə istifadə olunmuş güllərə, su və şəkər tərkibinə və temperaturuna görə dəyişir. Rəngi də uyğun olaraq fərqli ola bilir. Ən çox yeyilən bal qarışıqgüllü ballardır, amma birgüllü və çoxgüllü ballar da istehsal olunur. 

Yığıldıqdan sonra bal filter olunur və mumdan və başqa qalıqlardan təmizlənir. Balın keyfiyyətini müəyyən etmək üçün isə müxtəlif testlər var. Belə testlərlə balın dadı, ətri, işıq keçirməsi, axıcılığı, tərkibi yoxlanıla bilir. Tərkibi əsasən (70-80%) fruktozadan və qlükozadan ibarətdir. Qalan hissə isə maltoza və sukroza kimi başqa karbohidratların və bir qədər suyun payına düşür. 

Deyilənə görə balın müalicəvi xüsusiyyətləri haqqında elmi araşdırmalar və ona görə də elmi sübutlar çox azdır. Amma balın müalicəvi xüsusiyyətlərinə inanıram. Düşünürəm ki, təmiz - qarışıqsız bal insan orqanizmi üçün çox xeyirlidir. Balın xeyrini görmək üçün onu "təmiz mənbədən" almaq lazımdır. 

0 comments:

Post a Comment