Ədviyyatlı və ətirli içkilər, çaylar, eliksirlər

Bölmələr: // Şərh yaz


Dieta haqqında yazımdakı dediyim kimi aclıq hissini yox etmək üçün müxtəlif kalorisi aşağı olan içkilər hazırlayıram. Bugün yeni bir içki hazırlamaq qərarına gəldim və beləcə özüm üçün yeni bir dünya kəşf etdim. Anladım ki, evdə olan otlara və ədviyyatlara başqa bucaqdan baxmaq lazımdır. Azərbaycanda həmişə ədviyyatlara bir əlavə kimi baxmışam. Amma əslində onların bitki mənşəli olduğunu və başqa hallarda istifadə edilə biləcəyini düşünməmişdim. Bir zamanlar şokolad da yalnız içki idi. Misal üçün sarıköklü "çay" içmisiniz? Mən içməmişdim. Bugünə qədər.

Belə içkilərə çay desələr də əslində çay olmadıqları üçün çay demək də düzgün deyil. O mənanı tam olaraq verməsə də belə içkilərə eliksir deyirəm. Eliksir sözü nə vaxtsa ərəb dilindın latın dilinə keçib (əl-iksir) və ingiliscə sehrli və ya dərman əhəmiyyətli içki deməkdir. Reseptlər haqqında danışdıqda çox vaxt dərman əhəmiyyətliliyi nəzərdə tutularaq eliksir deyilsə də mənim nəzərdə tutduğum mənada eliksir sehrli içki deməkdir. Sehrli ona görə ki, yemək yemək istəmək hissi ilə mübarizə aparmağa kömək edir. 

Belə içki hazırlamaq üçün bir çox reseptlərə rast gəldim. Ümumiyyətlə onu əlinizin altında olan bir çox ərzaqlardan hazırlaya bilərsiniz. Meyvələri və başqa bitki toxumlarını sürtkəcdən keçirməklə, misal üçün zəncəfili əlavə etmək olar. Nəticə etibarilə rast gəldiyim bütün "çay" reseptləri oxşardır və belə inqredientlərdən ibarətdir:
  • Sitrus qabığı - limon, portağal və ya başqa sitrus meyvələrinin qabığını bir neçə kiçik parça olmaqla sürtkəcdən keçirin 
  • Təzə ot - misal üçün bağınızda nanə, reyhan və kəklikotu varsa 2 budaq qırın (çox istərdim tərxun əlavə etməklə də eliksirin dadına baxım). 
  • Ədviyyatlar: əzilməmiş darçın çubuqları, vanil paxlaları, mixək, hil və başqalarını qoya bilərsiniz. Təbii ki, otlar kimi hamısını birdən-birə qoymaq olmaz. 
  • Bal, şəkər (kalorisi az içki düzəltmək üçün azacıq)
Bütün bunları (bal və şəkərdən başqa) qarışdırdıqdan sonra üzərinə qaynar su əlavə edin, qarışdırın və dəmləyin. 15-20 dəqiqədən sonra eliksiriniz içməyə hazırdır. Bundan sonra bal və ya şəkər əlavə edib bir az şirinləşdirə bilərsiniz. Sitruslarla olan kombinasiyalar ümumiyyətlə çox dadlı və ətirli olur. Hətta sonda sitrusların suyundan da bir qədər sıxmaq olar. 

Daha mürəkkəb bir içki istəsəniz daha uzağa gedə bilərsiniz. Evdəki başqa ədviyyatlardan istifadə edə bilərsiniz. Asiyada yuxarıda dediyim sarıköklü "çay" populyardır. Hətta dünyada sarıkök çay paketləri buraxılır. Bu çayı hazırlamaq üçün müxtəlif reseptlər var. Çoxunda zəncəfildən istifadə olunur. Adətən inqredientlərə su əlavə edildikdən sonra qaynadılır. Deyilənə görə saysız-hesabsız xeyirləri var. Misal üçün osteoartritə qarşı xeyirlidir. Amma mədə-bağırsaq xəstəliyi olan insanlar üçün ziyanlıdır. 

Mən də belə bir "eliksir" hazırladım. Zəncəfili (ginger) sevmədiyimdən onu daxil etməmək qərarına gəldim. Bununla da içilən sarıkök "çayının" dadına çox böyük bir dəyişiklik etmiş oldum. Ümumiyyətlə, acı və istiotlu içkiləri sevmirsinizsə məsləhət görməzdim. O qədər də dadlı deyil. Yarısını içdim və yarısından xəmir yoğurub çörək bişirdim. Ətirli çörək alındı. Aşağıdakı inqredientlərdən istifadə etdim:

1 çay qaşığı sarıkök
1 çay qaşığı darçın
1 böyük fincan su
2 budaq təzə nanə
1/2 böyük fincan süd
1/4 limonun suyu
1 çimdik Cayenne istiotu (adi istiot və istiotsuz olar)
3 çay qaşığı bal
1 çay qaşığı kakao

Qulplu kiçik qazana əvvəlcə suyu, sonra sarıköklə darçını əlavə etdim. 5 dəqiqə saynatdıqdan sonra nanəni əzib atdım və daha 5 dəqiqə qaynatdım. Sonra süzgəclə əvvəlki fincana süzdüm. Suyun yarısı buxarlanmışdı artıq. Fincanın ağzına qədər südlə doldurdum. Qarışdırdım. Limonun suyunu sıxdım. İstiot və balı əlavə etdim. Yaxşıca qarışdırdım. Dadını yoxladım və kakao əlavə etmək qərarına gəldim. Sarıkökün acı dadına görə birdən-birə içmədim. Dietada olduğum üçün yemək yemək istəyi gücləndikdə içdim. Axırda qədər içməsəm də bu eksperimenti uğurlu sayıram. Original dad düzəldə bilmişdim. 

Hər dəfə eksperiment etdikdə özünüz üçün yeni, dadlı və əvəzedilməz bir kombinasiya kəşf edə bilərsiniz. Eksperimentlərinizdə məhdudiyyət qoymayın. Hətta meyvələrdən belə istifadə edə bilərsiniz. İndi deyilənə görə kakao ağacının yarpaqlarından çay içmək populyarlaşıb. Şokoladın mənbəyi olan bu ağacın həm də yarpaqları kafein ilə zəngindir. Amma dieta zamanı ən yaxşı içki təbii ki, sudur. 

0 comments:

Post a Comment