Le Cordon Bleu nədir?

Bölmələr: // Şərh yaz

"Le cordon bleu" fransızcadan tərcümədə "mavi lent" deməkdir. 1578-ci ildə Fransa kralı III Henri L’Ordre du Saint-Esprit, yəni Müqəddəs Ruh ordenini yaradır. Bu ordenin simvolu mavi lentdən asılmış Müqəddəs Ruh xaçı olur. 

Çox yüksək və prestijli bir orden olduğundan ordenin toplantıları və tədbirləri yüksək səviyyədə banketlərlə müşayiət olunur. Ona görə də "le cordon bleu" ifadəsi Fransada məşhurlaşaraq nəfis kulinariyanın sinoniminə çevrilir və geniş şəkildə istifadə olubmağa başlayır. 

Le Cordon Bleu ifadəsi 19-cu əsrin sonlarında hələ də aktual olur. Fransız jurnalisti Marthe Distel 1890-cı illərdə La Cuisinière Cordon Bleu jurnalını yaradır. Jurnal işıq üzü gördükdən sonra o, oxucuları artırmaq üçün professional çeflərlə yeməkbişirmə dərsləri təşkil edir. 

Yeməkbişirmə dərsləri tezliklə məşhurlaşır və bir çox professional çeflərin işə qoşulmasına səbəb olur. Beləcə 1895-ci ildə Parisdə Le Cordon Bleu - kulinariya incəsənəti məktəbi yaradılır. Məktəb dünyanın tanınmış və elit kulinariya məktəbinə çevrilir. Özünə qısa bir zamanda beynəlxalq reputasiya qazanır. 

La Cuisinière Cordon Bleu jurnalı 1960-cı illərdə bağlanır. Məktəb isə II Dünya Müharibəsi dövründə bağlanmasına baxmayaraq genişlənərək bütün dünyaya yayılır. Bugün  isə Le Cordon Bleu dünyanın ən böyük kulinariya və mehmanxana xidməti institutudur. 

İnstitutun dünyada 40 beynəlxalq məktəbi var. İldə 20000 tələbə bu institutu bitirir. Dərslərsə Master Çeflər tərəfindən keçilir. Bu Master Çeflər ya Mişlen ulduzlu restoranlardan gəlir, ya da yüksək səviyyəli kulinariya yarışlarının və titullarının qalibləridir. 

Bundan başqa "le cordon bleu" ifadəsi (ola bilər ki, eyniadlı məktəbdə yaradıldığı üçün) bugün həm də bir yeməyin adıdır. Bu vetçina və pendir ətrafında rulet edilmiş və sonra suxarilərlə örtülmüş kotletdir. Bir növ Kiev kotletinə bənzəyir və toyuq, hindquşu və dana ətindən hazırlanır. 

0 comments:

Post a Comment