Mətbəximizin rəngarəng tarixi

Bölmələr: // Şərh yaz

Bu linkdəki yazıdan sonra düşünürəm ki, Azərbaycan mətbəxini effektiv olaraq 18-ci əsrə qədərki və 18-ci əsrdən sonrakı dövrə bölmək olar. Amma ümumiyyətlə götürsək təbii ki, hər bir dövrün öz mətbəxi olub. Bugünkü mətbəximiz tariximizin müxtəlif dövrlərini özündə əks etdirir. Misal üçün farslardan mətbəximizdə kəbab mədəniyyəti, ərəblərdən isə sac mədəniyyəti yadigar qalıb.

Mətbəximizi 18-ci əsrə qədərki və sonrakı dövrə ayırmağımın səbəbi Avropanın Yeni Dünyanı bir neçə əsr qabaq kəşf etməsi və bunun nəticəsində yeni nemətlərin mətbəximizə qədər gəlib çıxmasına görədir. Əgər mətbəximizə baxsaq ən qədim yeməklərimizin hazırlandığı ərzaqlar ət, un, süd məmulatları, müxtəlif otlar, yarpaqlar və ədviyyatlar olub. Eramızdan əvvəl və ya eramızın ilk dövrlərində düyü Asiyadan gəlib çıxıb və mətbəximizin əsas inqredientlərdən birinə çevrilib. Bir də Xəzərə və başqa su hövzələrinə yaxın yerlərdə balıqdan yeməklər hazırlanıb.

Bu ərzaqlara uyğun plov, dovğa, piti, xaş, gürzə, yarpaqdolması, kükü, soyutma, çığırtma, qovurma, düşbərə və başqalarını ən qədim yeməklərimiz hesab etmək olar. Hamısı qədim dövrlərdən məlum olan inqredientlərdən hazırlanır. Əcdadlarımız daha çox ət yeməklərinə üstünlük verib. Süd məmulatları daha çox sous (qatıq) və içki (ayran) kimi istifadə olunub. Buradan da çığırtma, qovurma, qızartma, soyutma kimi fel əsaslı sözlər və yeməklər formalaşıb.

Yeni nemətlər mətbəximizə daxil olduqdan sonra yeməklərimiz də dəyişib. Misal üçün 17-ci əsrdə yaşayan nənə-babalarımızın şorbalarının və bozbaşının kartofu olmayıb. Bəlkə də buna görə bozbaşın bir növündə küftələrlə birlikdə sümüklü ət parçaları olub. Noxud isə kartofu əvəz edib. Kartof gəldikdən sonra bozbaşın yayılmış növü yalnız küftə ilə hazırlanıb. Bəlkə də bozbaş sözü kartof gəldikdən sonra yaranıb. Amma çox güman ki, belə deyil. Çünki, bozbaş ət yumrusunun bişdikdən sonra bozluğuna işarədir və ona görə kartofla əlaqəsi yoxdur. 

Götürək pomidor, bibər və badımcan dolmasını. 17-ci əsr əcdadlarımızın bu yeməyi tanıdığını ümumiyyətlə düşünmürəm. Həm kartof, həm də bibər Azərbaycana Amerikalardan sonradan gəlib çıxıb. Badımcan isə ərəblər tərəfindən daha əvvəl gətirilib. Əgər bu yemək 17-ci əsrdə mövcud olubsa onda yalnız doldurulmuş badımcandan ibarət olub. Bəlkə də elə ona görə bu yeməyə hərdən "badımcan dolması" deyilir. Hətta türklərin də qarnıyarıq badımcan dediyi yeməkləri var.

Yay vaxtı çoxumuzun sevdiyi pomidor-yumurta da əcdadlarımıza məlum olmayan bir yeməkdir. Amma onlar yəqin ki, qayğanağın başqa tərəvəzlərlə qarışdırılmış növlərindən yeyiblər. Balqabaqlı aş da nisbətən yeni mövhumdur. Tomatlı şorbalar, kartof qızartması, püresi və başqa kartof yeməkləri, günəbaxan yağında qızardılmış yeməklər, günəbaxan tumları və ondan hazırlanmış halvalar, pomidor və bibərli salatlar, qaynadılmış qarğıdalı hamısı son bir neçə əsrin nemətləridir.

Ümumiyyətlə, tarixi mətbəximiz çox maraqlı bir sahədir və hər dövrə uyğun dəyişir. Misal üçün artıq kəbab evdə sobada bişirilir. Saclar isə bəzi evlərdə mini - qazın üstünə yerləşən saclarla əvəz olunub. Deyilənə görə əcdadlarımızın nə yeməsinin bizim sağlamlığımıza və orqanizmimizə təsiri var. Ət yeməklərinə üstünlük vermələri sağlam bir şey olmasa da gözəl yeməklər yaratmaqları, yeməkləri  və gələcək nəsillərə ötürmələri müsbət bir haldır. 

0 comments:

Post a Comment