Viennoiserie nədir?

Bölmələr: // 5 comments

Viennoiserie "Vyanadan olan" deməkdir. Fransız mətbəxində (və bu sözü götürmüş bir sıra başqa ölkələrdə) bir çox nəfis və diqqətli hazırlanmış çörək və ya bulkalara deyilir. Boulangerie-lərdə satılır. Boulangerie isə çörək və bulka bişirən və satan butikə deyilir. Boule fransızca şar və ya top deməkdir və rus dilindən dilimizə keçən bulka sözü də buradan gəlmişdir. Azərbaycanca boulangerie-lərə "çörəkxana" deyəcəm.

Viennoiserie sözünün yaranması 19-cu əsrdə Parisdə açılmış Vyana Çörəkxanası ilə əlaqədardır. Vyana Çörəkxanası Parisə ilk buxar sobasını gətirib. Çörəkxananın səsi-sorağı çox tez yayılıb və məşhurlaşıb. Bundan sonra Parisdə Vyana biş-düşlərinin imitasiyasına başlayıblar. 

İlk öncə Vyanalı işçilər fransızlara bişirmə texnikasını öyrədiblər. Sonra isə fransızlar hazırlama prosesində professionallaşıblar. Belə biş-düşü daha da təkmilləşdirib yeni reseptlər yaradıblar. Artıq 20-ci əsrdə kruasan kimi viennoiserie fransız mətbəxinin simvolu kimi tanınıb.

Viennoiserie fransız dilində Vyanadan gələn başqa əşyalar haqqında da istifadə olunur. Ümumiyyətlə, Vyana bir zamanlar dünyanın mədəniyyət paytaxtı hesab olunub (bəzən indi də hesab olunur). Yəqin ki, klassik musiqinin vətəninin Vyana olduğunu bilirsiniz.

Vyana kofe evlərinə görə də məşhur olub. Wiener Kaffeehaus (almanca) intellektualların məkanı və xüsusi növ institut hesab edilib. Vyanadan danışdıqda Zaxer tortunu da unutmaq olmaz. Bu tort Vyananın simvolu hesab olunur. Ümumiyyətlə, Vyanadan gələn hər hansı bir yemək, şirniyyat və içki öz zənginliyi və nəfisliyi ilə seçilib. Misal üçün çalınmış qaymaqlı espressoya (espresso con panna) bir çox ölkələrdə hələ də Vyana kofesi deyirlər. 

Qayıdaq viennoiserieyə. Viennoiserie adətən səhər yeməyinə və ya qəlyanaltı kimi yeyilir. Hazırlanması üçün qalxan xəmir və ya qalxan çox-qat xəmirdən istifadə olunur. Azərbaycanda bir çox növlərindən yesək də viennoiserie sözündən istifadə etmirik.

Sevdiklərim arasında pain au chocolate (şokolad çörəyi), kruasan (xüsusən badamlı), brioş, brioşetlər, şuketlər, pain aux raisins (kişmişli çörək), Danimarka qoğalı və palmierlərdir. Səhər yeməyinə bir fincan kofe ilə croissant au beurre (kərə yağı kruasanı) çox ləzzətlidir. Əgər bu kombinasiyadan heç vaxt istifadə etməmisinizsə, yoxlayın. Narazı qalmayacaqsınız. 

5 comments: Leave Your Comments

  1. Cox maraqlidir. Tesekkur edirem.

    ReplyDelete
  2. Mən bizdə belə maraqlı, iştahaçan, həvəslə, eşqlə yazılmış blog görməmişdim. Yazılarınıza baxıram bayaqdan. İnsanda yeməyə vurğunluq yaradır. Hər nə məqsədlə bu işi görürsüzsə uğurlar

    ReplyDelete
  3. Mən bizdə belə maraqlı, iştahaçan, həvəslə, eşqlə yazılmış blog görməmişdim. Yazılarınıza baxıram bayaqdan. İnsanda yeməyə vurğunluq yaradır. Hər nə məqsədlə bu işi görürsüzsə uğurlar

    ReplyDelete