Pancake, blin, crêpe, yoxsa fəsəli?

Bölmələr: // Şərh yaz
Bu dörd biş-düş növünün ümumi cəhəti qabın formasına uyğun olaraq əsasən dairəvi hazırlanması və hər iki tərəfdən bişirilməsidir. Pancake, blin və crêpe hazırlanma üsuluna görə nisbətən bir-birinə bənzəyir. Fəsəli isə fərqli üsulla hazırlansa da onu bizim mətbəxin pancake alternativi hesab edirəm. Ona görə də bu siyahıya daxil etmişəm. Həm də əgər mənə bu dördündən birini seçmək təklif olunsa məmnuniyyətlə fəsəlini seçərəm. Amma o birilərini də səhər yeməyi və ya desert kimi sevirəm.

Amerika pancake-ləri
Pancake [pənkeyk] - ingilislər və amerikalılar blinə pancake deyirlər. Amerika blinləri adətən qalın olur və xəmiri acıtmaqla hazırlanır. İngilis pancake-ləri isə nazik olur və crêpe-ə bənzəyir. Şotlandların pancake-ləri Amerika pancake-ləri kimidir. Amerikada bu pancake-lər əsasən səhər yeməyinə yeyilir. İngilis və Amerika pancake-ləri müxtəlif cemlər, siroplar, bal və başqa maye şirniyyatlarla yeyilir.

Blin - rusların və bir sıra başqa slavyanların pancake-dir. Crêpe-dən bir qədər qalın olur. Bu xususiyyəti ilə blinçik-lərdən fərqlənir. Blinçik-lər nisbətən nazik olur və xəmiri acıtmadan hazırlanır. Hər iki növ müxtəlif şirin və ya qeyri-şirin inqredientlərlə, misal üçün göbələk, toyuq, pendirlə, doldurularaq yeyilir. Amerikalıların və Şotlandların pancake-inə bənzər, amma onlardan nisbətən qalın olan blinlərə isə oladyi deyilir.

İngilis pancake-ləri və ya crêpe
Crêpe [krep] - nazik pancake-lərdir. Adətən Fransanın şimali-qərbində yerləşən Brittany ərazisi ilə assosiasiya olunur. Amma Fransanın başqa yerlərində, Avropanın və dünyanın başqa ölkələrində də populyardır. Müxtəlif içlərlə yeyilir və bir çox növü var. Misal üçün crêpe Suzette növü bişən crêpe-in üzərinə likör töküb yandırmaqla hazırlanır. Qeyri-şirin crêpe-lərə galette deyilir. Crêpe-lər adətən crêperie adlanan restoran, kafe və ya köşklərdə satılır. 

Xristian dünyasında adətən pancake-lər böyük pəhriz dövründən qabaq Fevral və ya Mart ayında bir gün çox miqdarda hazırlanır və yeyilir. Həmin gün ikinci gün, yəni çərşənbə axşamına təsadüf edir. İngilisdillilər bu günə Shrove Tuesday, fransızdillilər isə Mardi Gras deyirlər. Şərq slavyanlarında bu günün alternativi Maslenitsa-dır.

Fəsəli - yuxarıdakılardan hazırlanma üsulu ilə fərqlənir. Çörək xəmiri kimi hazırlanmış xəmir 5-6 qat nazik yayılır. Qatların arasına yağ vurulur, rulet kimi bükülür və sonra kiçik hissələrə kəsilir. Bu hissəciklər yastılanır və hər iki tərəfdən bişirilir. Üzərinə bal və ya başqa şirniyyat vurulmaqla yeyilir.

Demək olar ki, bütün millətlərin pancake variasiyaları var. Həmin millətlərin də pancake-ləri özünəməxsus şəkildə, müxtəlif ərzaqlarla, şirin və ya qeyri-şirin, günün və ya ilin müəyyən vaxtında yemək adətləri var. Bu xüsusiyyətləri öyrənmək və pancake-lərin bacardıqca çox növlərini dadmaq özü bir xoşbəxtlikdir. Dadlı və nəfis pancake-lər yeməniz arzuları ilə...

0 comments:

Post a Comment