Samovar çayı sevdası

Bölmələr: // Şərh yaz
Bugün samovar çayı haqqında yazmaq istəyirəm. Həyatımız nə qədər asanlaşsa da, müxtəlif çaydanlar (qaz və ya elektrik) meydana çıxsa da məncə samovarın tarixən necə əhəmiyyətli ləvazimat və həm də dadlı çay mənbəyi olduğunu unutmamalıyıq. Təbii ki, elektrik samovarlarını yox, dədə-baba odunlu və ya yanacaqlı samovarları nəzərdə tuturam.



Axırıncı dəfə nə vaxt samovar çayı içdiyim yadıma gəlmir. Amma yadıma gəlir ki, uşaqlıqda buna bir neçə dəfə yanımda "sınavar" deyiblər. Samovar rus sözüdür və özü-qaynayan deməkdir. Amma mən samovarı rus aləti kimi tanımıram.

Deyilənə görə 1989-cu ildə arxeoloji qazıntılar nəticəsində Şəkidə Daşüst kəndində yaşı 3600 il olan gil samovar tapılıb. Təbii ki, samovar rusların ixtirası deyil və qədim dövrlərdən mövcuddur. Müsal üçün Qədim Romada samovara bənzər avadanlığa "autepsa" deyiblər.

Elə Rusiyanın özündə də samovarın 18-ci əsrdən hazırlanmağa başlandığı qəbul edilir. Rusiyanın Tula samovarları ən çox tanınmış samovar növüdür. Bir zamanlar məhz Tulada xeyli samovar hazırlayan zavod fəaliyyət göstərib. Sovet dövründə isə bu zavodlar birləşdirilib. Tulanın samovar hazırlama fəaliyyəti zəifləyib.

Şəkidəki tapıntını kənara qoysaq, türk xalqları və ya farslar arasında samovarın daha öncələrdən mövcud olduğunu düşünürəm. Amma nədənsə dilimiz də daxil olmaqla bir çox dillərə bu söz məhz rus dilindən keçib. Yəqin ki, buna səbəb Rusiyadakı fəal samovar istehsalı ilə əlaqədar olub.

Səhv etmirəmsə iranlılar da samovara "samavar" deyirlər, türklər isə "semaver". Görəsən aşağıdakı rəsmdə iranlı qadınların ətrafında çalıb oynadığı samovar haranın malıdır. Hələ bu xanımların qaşları və geyimləri, əllərində tutduqları fincan və nəlbəkilər süfrədəki narlar və başqa təamlar...

Samovar ətrafında rəqs edən iranlı qadınlar. İsmayıl Cəlair. 1860-75-ci illər
İstənilən halda samovar gözəl cihazdır. Gəzməyə gedəndə, həyət evi və ya kənd şəraitində çox dəyərlidir. Çayının dadına isə söz ola bilməz. Bir də çayın yanında şirniyyat olarsa...

0 comments:

Post a Comment