Uzun Həsənin zamanına səyahət

Bölmələr: // Şərh yaz
Uzun Həsəni orta əsr tarixində bizim ən görkəmli əcdadımız hesab edirəm. Diyarbəkirdə doğulub, Təbrizdə vəfat etsə də, İran Şahı kimi tanınıb bilinsə də fikrimcə o Azərbaycanın nömrə bir hökmdarı olub. Bu yazıda Uzun Həsənin dövrünə səyahət etmək, yemək mədəniyyəti ilə tanış olmaq istəyirəm.

Dünya 1423-1478-ci illərdə 

Uzun Həsənin yaşadığı dövr 1423-1478-ci illərdir. İngiltərə və Fransa arasında yüzillik müharibə hələ də davam edir (1453-cü ilə qədər) və 1431-ci ildə Uzun Həsən 8 yaşında ikən Janna Dark tonqalda yandırılır. Jannanın o zaman 19 yaşı vardı. İngiltərədə Qızılgüllər müharibəsi gedir (1455-1487). Qutenberq Almaniyada mexaniki çap yenilikləri edir (1439). Qızıl orda xanlıqlara bölünür (1440). Leonardo Da Vinci dünyaya gəlir (1452). Osmanlı dövləti Bizans İmperiyasına son qoyur və güclənərək imperiyaya çevrilir (1453). İspaniyada Ferdinand və İzabella evlənir (1469). Makiavelli eyni ildə dünyaya gəlir. Bundan 4 il sonra Nikolay Kopernik (1473) və 6 il sonra isə Mikelancelo dünyaya gəlir (1475). Yeni Dünya, okeanın o tayı hələ kəşf olunmayıb (1492).


Mənbələrim

Mənbələrim dörd qərblinin "şərq" torpaqlarında gördüklərini yazdıqları əsasında çap edilmiş kitablardır (biblioqrafiyaya bax). Bu şəxslər Caterino Zeno (1450-ci ildən öncə - məlum deyil), Giosafat Barbaro (1413-1494), Ambrogio Contarini (1429-1499) və Giovanni Maria Angiolello (1451/52-1525) adlı venesiyalılardır. Venesiya Respublikası bir zamanlar iqtisadi cəhətdən çox inkişaf etmiş bir ölkə olub və başqa ölkələrə səfirlər və elçilər göndərib. Uzun Həsən özü də Venesiyaya bir neçə səfir göndərib.Venesiyalı səfirlərin və elçilərin yazdıqları italyan dilindən ingilis dilinə tərcümə olunub.


Uzun Həsən və venesiyalılar

Yuxarıda adlarını çəkdiyim venesiyalılar Uzun Həsənin yanında aşağıdakı illərdə olublar:

Caterino Zeno - 1471 - 1473
Giosafat Barbaro - 1474-1478
Ambrogio Contarini - 1474-1476

Bu üç şəxs Uzun Həsəni şəxsən görmüş və onunla ünsiyyətdə olmuş insanlardır (Kontarini Barbaro ilə 1474-cü ilin sentyabrında Uzun Həsənin enturajında qarşılaşır və onu görməyinə çox sevinir). Barbaro Zeno yola düşdükdən 20 ay sonra səfir kiseçilir. Zeno geri gəldikdən sonra Kontarini həmin ilin sentyabrında səfir seçilir və növbəti ilin fevralında yola düşür. Zeno Uzun Həsənin arvadı Despina Xatunun (1458-ci ildə evləniblər) bacısı qızının əri imiş və bu qohumluğuna görə həm Şaha, həm də arvadına çox yaxın olub. Onların şəxsi otaqlarına istədiyi vaxt girib çıxa bilirmiş. Məhz Zeno-nun təsirilə Uzun Həsən Osmanlılara qarşı müharibəyə başlayıb. 

Dördüncü venesiyalı Giovanni Maria Angiolello osmanlılar tərəfindən əsarət altına alınıb və sonra öz ölkəsinə qayıdıb. 1472-1482-ci illərdə Osmanlı ordusu ilə birlikdə Persiya və Asiyada olub.

Göründüyü kimi bu şəxslərlə Uzun Həsənin həyatının yalnız son 7 ilinə səyahət edə bilərəm. Bu dövrdə Uzun Həsən artıq güclü bir dövlətin başçısı idi, böyük bir əraziyə şahlıq edirdi, anası Sara xatun vəfat etmişdi (1465) və o çoxlu döyüşlər və savaşlar görmüşdü. Kontarini onun adını "Ussuncassan", Zeno "Ussun Cassano", Barbaro və Angiolello isə "Assambei" kimi yazır. Məncə ona "bəy" deyə müraciət etmək "uzun" sözündən daha xoşdur, amma tarixi düzgünlük və qarışdırılmaması üçün Həsən bəyin adını "Uzun Həsən" deyə yazmağa davam edəcəyəm.

Uzun Həsən haqqında


Uzun Həsəni 1474-cü ilin dekabrından 1475-ci ilin martına qədər tez-tez görən Kontarini yazır:

O hündür və arıq biri idi və bir qədər tartar üz cizgiləri var idi. İçərkən əlləri əsirdi. 70 yaşı var imiş kimi görünürdü. Özünü sadə şəkildə əyləndirməyi xoşlayırdı. Lakin, çox uzağa getdikdə, bəzən çox təhlükəli olurdu. Ümumilikdə isə çox xoş bir centlmen idi. 

Başqa bir yerdə o yenə də Uzun Həsənin haradasa 70 yaşı olduğunu düşündüyünü deyir. Həmin dövrdə Uzun Həsənin 51 yaşı olmalıydı. Yaşlı görünməsi çox güman ki, onun müharibələrə, ya da həyat tərzinə görə vaxtından qabaq qocalması ilə əlaqədardır. O zaman böyük oğlu Uğurlu Məhəmməd artıq ona qarşı üsyan etmişdi və öncə Məmlüklərə, daha sonra isə Osmanlılara sığınmışdı. Oğlunun üsyanı və hərəkətləri onu çox kədərləndirmişdi. Amma ola bilsin ki, Uzun Həsənin doğum ili mənbələrdə düzgün qeydə alınmayıb və onun həqiqətən də 70 civarında yaşı olub.

Giovanni Battista Ramusio (1485-1557) adlı venesiyalı coğafiyaşünas Zeno-nun səyahəti haqqında yazarkən bütün Şərq şahları arasında Uzun Həsənin şan-şöhrətini I Dara (Əhəmənid) ilə bərabər tutur. Onları bütün Şərq şahları arasında ən yüksək hesab edir. Təəssüflə qeyd edir ki, bəzi dahi Şərq şahlarının onların elədiklərini yaşadacaq tarixçiləri olmayıb.

Uzun Həsənin arvadlarından biri Despina xatun Trebizond kralının qızı olub. Despina xatunun öz (xristian) dinində qalması və Uzun Həsənlə din fərqinə baxmayaraq aralarında bir-birinə qarşı sevgi və məhəbbət olması qeyd edilir. Təəssüf ki, bu cütlüyün oğlu Uzun Həsən öldüyü gecə digər yarım-qardaşları tərəfindən öldürülür (venesiyalılara görə cütlüyün bir oğlu vardı). Onun bu zaman haradasa 20 yaşı vardı. Despina xatun bu dövrdə artıq Uzun Həsəndən "ayrılmışdı" və Diyarbəkirdə yaşayırdı. Marta adlı qızları bibisioğlu Şeyx Heydərlə evli idi (Şah İsmayıl hələ dünyaya gəlməmişdi). Digər iki qızı, Eliel və Eziel isə atasının ölümündən sonra əvvəlcə Aleppo-ya, sonra isə Dəməşqə qaçmalı olmuşdular.


Uzun Həsənin və əyanlarının yemək mədəniyyəti

Bir şah kimi Uzun Həsən enturajı ilə səyahət edərdi. Yemək zamanı hər kəs yerdə, xalçaların üzərində salınmış süfrələrin ətrafında əyləşərdi. 

Uzun Həsənin oğlu Yaqub bəy (1464-1490) Mənbə
Yemək hər zaman bol olardı. Uzun Həsən hər zaman yüksək rütbəli şəxslərlə əhatə olunardı. Ən az 400 adam və bəzən daha çox gündəlik əyləndirmələrdə əyləşərdi. Bu əyləndirmələrdə bəzən ekzotik heyvanlar və güləşçilər olardı. Yemək mis qablarda gətirilərdi və bəzən düyü, bəzən isə taxılla bir qədər ətdən ibarət olardı. Böyük ləzzətlə yeyilərdi. Şah və onun ətrafına şərəfli şəkildə xidmət göstərilərdi. Uzun Həsən yemək zamanı həmişə çaxır içərdi. Qonaq qəbul etməkdən zövq alardı. Yanında hər zaman oxuyanlar və musiqi çalanlar olardı.Şah onlara istədiyi mahnını oxumağı və ya çalmağı əmr edərdi. O çox şən biri idi. 


Uzun Həsənin enturajı

Uzun Həsən və onun adamları kitablarda fars kimi, Osmanlılar isə türk kimi vurğulanır. Amma aydındır ki, o bir türk olub. Ümumiyyətlə, türk tayfaları qərblilər tərəfindən "tartar" adlandırılır. Yəqin ki, bizim Tərtər rayonunun adı da tatarların adı kimi eyni kökə gedib çıxır.

Tartarların köçəri insanlar olduğu, bir otlaqda məskən saldıqdan və saxladıqları heyvanlar, atlar otu yeyib qurtardıqdan sonra çadırlarını yığıb otu təzə olan başqa yerə köçdükləri deyilir. Uzun Həsən də yeni bir yerə köçmək istədikdə öz pavilyonunu getmək istədiyi və yaxşı otlaqları və suyu olan yerə göndərirdi. Növbəti gecə isə şah özü gedirdi. Yeni yerdə ot yeyilib qurtardıqdan sonra yenidən yığışıb təzə otlu yerə köçürdülər. Şahın ətrafında və ya arxasınca haradasa 500 atlı gedirdi.

Uzun Həsənin çadırları çox gözəl, yatdığı çadır isə otaq kimi idi. İçərisi qırmızı keçə ilə örtülü idi və qapıları vardı. Qadınlar həmişə yeni yerdə birinci idilər. Çadırları qurub, ərləri üçün hazırlıq görürdülər.Yeni salınmış yerdə bazar da qururdular, amma hər şey çox baha olurdu. Çörək, ət, meyvə, çaxır və başqa əzuqələr satırdılar. Bundan başqa bu pavilyonda dərzilər, ayaqqabıtikənlər, dəmirçilər, palançılar, ox-yay hazırlayanlar olurdu.

Farslar (yəqin ki, Azərbaycan türkləri) yaxşı geyinir və yaxşı at çapırdılar. Qadınlar da kişilər kimi at sürürdülər. Kontarini deyir ki, pompez bir millətdirlər. Dəvələri elə gözəl bəzəyirlər ki, onlara baxmaq zövq verir. Kasıblar, yəni ən az yeddi dəvəsi olmayan azdır. Uzun Həsənə başqa ölkələrdən bahalı paltarlar, parçalar, cəvahirat, qab-qacaq, heyvanlar, ədviyyat və başqa hədiyyələr gətirilirdi. 


Kontarini tartarları indiki Azərbaycan ərazisində, o cümlədən Rusiya ərazisində də çox görür. Rusiya ərazisində (indiki) olan bir adada yaşayan tartarlar onun şərəfinə  quzu kəsir. Ətin yuyulmadığını deyir. Bunu tartarların ətin dadını yuyub aparmaq istəmədiyi kimi izah edir. Ətlə birlikdə qatıq yeyilir. Tartarlar madyan südünü yüksək dəyərləndirir və insana güc verdiyini deyirlər. Volqanın o tayında, şimali-şərqində başqa bir tartar qəbiləsinin yaşadığını və onların çox olduğunu qeyd edir. Həmin tartarların saçı belinə qədər uzundur və onlara vəhşi tartarlar deyirlər.

Baltracan (baltrakan)

Bu bitkiyə Barbaro xüsusi yer ayırıb. Tartar (türk) torpaqlarında baltracan adlı bitkinin olduğunu deyir. Getdikləri torpaqlarda yemək üçün heç nə olmadıqda adətən baltracan tartarların dadına çatır. Bu bitki onlara güc və qüvvət verir. Baltracan bir az böyüdükdə tartarların səyahət vaxtı başlayır. Əgər bu bitki artıq yetişibsə və hər hansı bir qul qaçarsa, onda onlar onun dalınca getmirlər. Çünki, bilirlər ki, qul bu bitkini yeyə biləcəyinə görə istənilən yerdə ola bilər. Şahın enturajında səyahət edərkən onlar özləri ilə böyük miqdarda baltracan aparırlar. Ətri xoş olduğundan onlar onu hətta çiyinlərində belə apara bilirlər. Barbaro bitkini belə təsvir edir:
Yarpaqları raps yarpaqları kimidir, gövdəsi isə bir barmaqdan qalındır və toxum verən zaman bir braccio-dan [arşın demək olar] uzundur. Yarpaqlar bir-birindən braccio-nun dörddə biri qədər uzaqlıqda yetişir. Toxumları razyana toxumları kimidir, amma daha böyükdür. Dadı kəskin, lakin xoşagələndir. Mövsüm vaxtı yumşaq hissəsinə qədər sındırılır. Ətri kifli portağal iyinə bənzəyir, və ona dad qatmaq üçün nə isə vurmağa ehtiyac yoxdur, duzsuz yeyilə bilər. Düşünürəm ki, uyğun zamanda, xüsusən də mülayim iqlimlərdə və yaxşı torpaqda, toxumları başqa toxumlar kimi yığıla bilər. Hər bir gövdənin öz kökü var və içi boşdur. Gövdənin qabığı sarıya çalan yaşıldır. Məncə bu bitkini başqa xüsusiyyəti ilə tanıyamanların diqqətini onun toxumları çəkə bilər. Tartarlar və bu bitkini digər tanıyanlar, onun yarpaqlarını suda qaynadır, soyutduqdan sonra çaxır kimi içirlər və bu içkinin çox təravətləndirici olduğunu deyirlər. Mən də öz təcrübəmdən bunu təsdiqləyə bilərəm. 
Bu bitkinin hansı bitki olduğunu bilmək üçün çox maraqlandım. Türklərin baldıran və ya baldırgan otu dediyi bitki Conium maculatum-dur (azərbaycanca badyan və ingiliscə hemlock) və çox zəhərli və təhlükəlidir. Təbii ki, onlar bu bitkini yeyə bilməzdi. Başqa bir yerdə isə baltracan-ın Crambe tataria (tatar qətranı?) olduğu düşünüldüyünü görmüşdüm. Əslində isə internetdə rast gəldiyim bir sıra yazılara görə bu bitkinin elmi adı Laser trilobum və ya Laserpitium trilobum və ya Siler trilobum-dur*. Çoxlu sinonimləri var. Ona "aşağı Volqada" гладыш deyirlər, rusca (elmi) adı isə Лазурник трехлопастной-dır.

Baltracan Kərəvüzkimilər və ya Apiaceae (Umbelliferae) fəsiləsinə mənsubdur. Maraqlıdır ki, Barbaronun adını çəkdiyi razyana və badyan da eyni fəsiləyə mənsubdur. Əgər araşdırmalarım düzgündürsə bu bitkiyə türkcə dağ kimyonu. yabanı kimyon və ya kefe kimyonu deyilir. O zaman çox güman ki, azərbaycanca xalq arasında da adı vəhşi və ya yabanı və ya dağ keşnişidir. Şəkillərinə burada baxmaq olar. Göründüyü kimi baltracan sözü dövrümüzə gəlib çıxmayıb. Ola bilsin ki, zaman keçdikcə bu bitki türklərin indi baldırgan, bizimsə badyan dediyimiz bitki ilə qarışdırılıb. Əcdadlarımız kimi baltracanı dadmaq və hətta ondan kompot hazırlamaq çox maraqlı olardı.

İran

Nəzərdə keçirdiyim dövrdə Ağqoyunluların paytaxtı Təbriz idi. Təbriz böyük şəhər idi, amma Kontariniyə (avqust-sentyabr 1474) görə əhalisi o qədər də çox deyildi. Əzuqələri bol idi, amma çox baha idi. Çoxlu bazarları vardı. Xeyli miqdarda ipək Təbrizdən keçib Aleppo-ya aparılırdı.


Ağqoyunlu Təbriz. Dinləyicilər üçün fleyta çalan qadın. 1400-cü illərin sonuna doğru. Çin incəsənətinin təsiri.
Mənbə: Bilkent Universiteti, Topkapı Muzeyi. Hazine 2153, folio 172b. Link
Barbaro Şirazın böyük şəhər və çoxlu əhalisi olduğunu yazır. Bir çox yerlərdən, misal üçün Səmərqənddən gələnlərin Şirazdan keçdiyini və onların cəvahirat, ipək, ədviyyat və başqa mallar gətirdiyini deyir. Şəhərdə kilsələr və gözəl evlər olduğunu qeyd edir.

Kontarini və Barbaro Uzun Həsənlə birlikdə 1474-cü ilin noyabrında İsfahanda olurlar. Orada taxılın və meyvənin bol olduğu və bu nemətlərin süni suvarma ilə yetişdirildiyi deyilir. Ümumiyyətlə Təbrizdən İsfahana qədər torpaqların quraqlıq olduğu qeyd olunur. Fars qadınları (yəqin ki, Azərbaycan türkləri) yaxşı geyinir və geyimində və at sürməsində kişiləri keçir. Həm kişilər, həm də qadınlar yaraşıqlıdır və Mahometan (yəni İslam) dinindəndirlər.

Gürcüstan

Kontarini Gürcüstanda çox əziyyət çəkdiyini və insanların onunla və adamları ilə pis rəftar etdiyini yazır. Hamı ondan pul və ya başqa dəyərli mal qopartmağa çalışırdı. Gürcülər süfrə üçün heyvan dərisindən istifadə edirdilər və yerdə dərinin ətrafında əyləşirdilər. Süfrənin üstünün yağlı olduğu qeyd olunub. Gürcülər çörək, turp, balıq, qızardılmış və yaxşı bişirilməmiş ət və başqa yeməklər yeyirdilər. Çoxlu miqdarda çaxır içirdilər. Qonaqlarını çaxıra qonaq etməyi böyük şərəf sayırdılar. İçməyənləri xoşlamırdılar. İçki olan qab içmək üçün bir-bir hər kəsə ötürülürdü. Barbaro deyir ki, gürcülərin çoxlu çörəyi, çaxırı, əti, taxılı və meyvəsi var. İnsanları yekədir, amma çox çirklidirlər və çox pis adətləri var.

Şamaxı

Kontarini Mediyanın Uzun Həsənin torpaqlarından daha gözəl və məhsuldar olduğunu yazır. Çox hissəsi düzəngahdır. O noyabrın 1-i  1475-ci ildə Şamaxıya çatır. Şamaxının hökmdarının Şirvanşah olduğunu yazır. Orada ipəyin və satinin hazırlandığını qeyd edir. Şamaxının Təbriz kimi böyük olmadığını, amma ondan daha yaxşı şəhər olduğunu və əzuqələrdən bol olduğunu yazır. Zeno Şamaxıdan Dərbəndə 5 günlük səfər yolu olduğunu deyir. Barbaro Şamaxıda kiçik bir hospitalda** qaldığını yazır (O Mardində də Uzun Həsənin qardaşının təsis etdiyi hospitalda qalır). 


Dərbənd

Şəhərin Makedoniyalı İsgəndər tərəfindən salındığı və Bakı dənizində yerləşdiyi deyilir. Ona Dəmir Qapı Dərbənd deyildiyi vurğulanır. Skifiya və Mediya arasında bir növ qapı olduğu qeyd olunur. Kontarini Şamaxıdan Dərbəndə gedərkən, türk kəndlərində qaldığını yazır. Barbaro Dərbənddə bir qapıdan şəhərə gedincə üzüm və hər cür meyvə ağaclarının, xüsusən badam ağaclarının olduğunu deyir. Digər tərəfdə isə vəhşi heyva növündən başqa ağaclar olmadığını yazır.


Xəzər dənizi

Bakı dənizinin çox dərin olduğu qeyd olunur. Dənizdə çoxlu miqdarda nərə və xanı (?) balıqlarının tutulduğu deyilir. Başı, ayaqları və quyruğu köpəyinkinə bənzəyən köpəkbalığının olduğu da qeyd olunub. Kontarini başqa bir başsız balığın da tutulduğunu və bu balıqdan xüsusi likör hazırlandığını deyir. Həmin likördən insanların lampa yandırmaq üçün və dəvələri yağlamaq üçün istifadə etdiyini yazır. Ola bilsin ki, o burada neftdən danışır və neftin əldə edilmə mənbəyi ona düzgün izah edilməyib. Barbaro deyir ki, Bakı dənizində həmin dənizin öz adını götürdüyü Bakı şəhəri var ki, o şəhərin yaxınlığındakı dağdan qara yağ çıxır. Çox pis iylənsə də onlar bu yağı işıqları üçün və dəvələrini ildə iki dəfə yağlamaq üçün istifadə edirlər. Yağlamasalar dəvələrdə dəri xəstəliyi yarana bilər. Ola bilər ki, Kontarini likördən danışdıqda nefti deyil, balıq yağını nəzərdə tuturdu. 

Rusiya

Kontarini (1476) Rusiyada bir kənddə pətək balına qonaq edilir. Resan-da (Ryazan) bol çörək və ət yeyir və almalardan hazırlanmış içki içir. Moskvanın bolluq içində yaşadığını və meşələrlə əhatə olunduğunu deyir. Rusiyanın böyük bir hissəsinin meşə olduğunu vurğulayır. İqlim o qədər soyuq və sərtdir ki, insanlar doqquz ay ev şəraitində yaşayır. Yayda isə meşələrə və ərimiş buzdan sonra yaranan palçığa görə səyahət etmək çətin olduğundan əzuqələrini yaz vaxtı əldə edirlər.

Ölkədə hər cür taxılın bol olduğunu yazır. İnsanlar əsasən inək və donuz əti yeyir. Quş və dovşan əti də yeyilir və satılır.  Kontarini yemiş və vəhşi almadan başqa meyvələri olmadıqlarını yazır. Barbaro isə bir qədər alma və qoz-fındıqdan başqa bir meyvələri olmadıqlarını deyir. Onlar "sani", yəni xizək üzərində hərəkət edirlər. Qadınlar və kişilər qəşəngdir, amma vəhşi millətdirlər. Yaxşı içən (sərxoş) olmaqları ilə qürur duyurlar və içməyənlərdən zəhlələri gedir. Onların çaxırı yoxdur, amma baldan və mayaotu (хмель) yarpaqlarından hazırlanmış alkohollu içki içirlər. Bu içki, xüsusən bir qədər qaldıqda o qədər də "pis içki deyil". Barbaro onların alkohollu içkisini "bossa" adlandırır. Hər kəsə bu içkini hazırlamaq icazəsi verilmir, yoxsa hamı hər zaman sərxoş olardı və bir-birini qırardı. Səhərdən günortaya qədər bazarlarda olmaq, günün qalan hissəsini isə tavernalarda yeyərək və içərək keçirmək adətləridir. Günortadan sonra onlardan bir xidmət əldə edə bilməzsən.


Oktyabrın sonunda Moskvanın mərkəzindən keçən çay tamamilə donur. Bu zaman bazarlar və mağazalar donmuş çayın üzərində qurulur. Çay hər tərəfdən şəhərlə əhatə olunduğundan küləkdən qorunur və daha az soyuq olur. Bura hər gün çoxlu inək, donuz, taxıl, odun, saman gətirilib satılır. Noyabrın sonunda inəyi və donuzu olanlar heyvanları kəsib şəhər bazarına gətirir. Ət donduğundan dərisiz heyvanlar sanki ayaqüstə durmuş kimi görünür. Yeyilən ət bəzən üç ay öncə kəsilmiş heyvan əti olur. Almaniyadan və Polşadan tacirlər keçi, tülkü, dələ, canavar və başqa heyvan xəzləri almaq üçün Moskvaya gəlirlər.

Citracan (Astraxan) tartar şəhəridir. Orada tartarların almadan hazırlanmış içki içdikləri deyilir. Tartarların at əti yediyini və yolda yeməkləri qurtardıqda at kəsdiklərini yazır. Tartarlar adətən ət və süd yeyir. Çörəkdən xəbərləri yoxdur. Kontarini orada günəşdə qurudulmuş süd ilə qarışdırılmış düyü yeyir. Belə qurudulmuş südə "thur" deyir və onun qidalandırıcı olduğunu düşündüklərini yazır. Bundan başqa Citracan-da soğan, sarımsaq, buğda unundan hazırlanmış peçenye və duzlanmış qoyun quyruğu əldə etdiyini qeyd edir.

Regionun yemək mədəniyyəti

Gürcülər, iranlılar və türklər yerdə oturub yemək yeyirmişlər. Moskvada stolda əyləşirmişlər. Gürcülər əti qanlı və yaxşı bişməmiş yeyirmişlər. Türklər və iranlılar əti düyü və ya başqa taxılla yeyirmişlər. Moskvalılar ətdən və taxıldan bol olublar, amma meyvələri olmayıb.


Üzüm çaxırları və vodka indiki dövrdə daha populyar olsa da bir zamanlar "bal çaxırı" bu regionda daha çox istifadə olunub. Bu içki Rusiyada və bir sıra tartarlar arasında populyar imiş. Baldan alınan spirtli içkilər indi də bəzi yerlərdə hazırlanır. İngiliscə belə içkilərə "mead" deyilir. Gürcüstanda isə spirtli içki, çaxır, meyvədən (yəqin ki, üzümdən) hazırlanırmış. Gürcülər və ruslar çox içirmiş. Türklər isə əsasən içmirlərmiş. 


Dil

Dilə gəldikdə isə qarşıma çıxan sözlərdən, misal üçün "uzun" sözünün özü, deyə bilərəm ki, Uzun Həsənin dili bizim indi azərbaycan dili dediyimiz dost-doğma dilimizdir. Təbii ki, bu dil indi danışdığımız dilin köhnə formasıdır və bir çox sözlər arxaik, yəni köhnəlmişdir. Ona görə də bu dili, xüsusən də yazılı formasını başa düşmək bizim üçün asan deyil. Necəki misal üçün Uzun Həsənin ölümündən 16 il sonra Ağqoyunlu Dövlətində dünyaya gəlmiş, sevimli və romantik Füzulinin (1494-1556) azərbaycanca yazdıqlarını başa düşmək bizim üçün asan deyil. Başa düşdüklərimiz isə təbii ki, qulağa çox şirin gəlir:

Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi sadiq mənəm, Məcnunun yalnız adı var.


Epiloq

Yazılardan Uzun Həsənin həm səxavətli, həm də ədalətli biri olduğu bilinir. Həm də bacarıqlı və hətta dahi dövlət başçısıdır. Xarici görünüşü və boy-buxunu ilə başqalarından seçilib. Onun şahlığı altında Ağqoyunlu Dövləti özünün ən yüksək dövrünü yaşamışdır. Uzun Həsənin ölümündən cəmi 23 il sonra bu qüdrətli dövlət süquta uğramışdı. Əgər Uzun Həsənin oğlu ona qarşı üsyan etməsəydi, hər şey başqa cür ola bilərdi. Əgər Ağqoyunlular özləri ilə bacara bilsəydilər, özlərini daxildən məhv etməsəydilər, Osmanlılar kimi güclü bir dövlət ola bilərdilər. Amma bacarmadılar və hakimiyyətə Səfəvilər gəldi. Onların hökmdarı isə Uzun Həsənin nəvəsi və bacısı nəvəsi Şah İsmayıl oldu. Regionun gələcəyi başqa bir istiqamət götürdü. 

Maraqlı adlar və toponimlər

Bir çox tanıdığımız adların və toponimlərin kitablarda yazılışı maraqlıdır:
  • Azərbaycan - Azerbigan (1873)
  • Uzun Həsən - Uzun Hassan, Assembei, Assimbeo, Assambeg, Ussuncassan, Ussun Cassan, Ussun Cassano,
  • Bakı - Baccu, Baccuc, Bachu
  • Xəzər Dənizi - Baccu Dənizi, Bachu Dənizi
  • Şamaxı - Sammachi, Samachi, Schamachi, Sumachi, Sumachia, Sumacchia
  • Qarabağ - Carabac 
  • Təbriz - Tauris
  • Şiraz - Siras 
Biblioqrafiya

A Narrative of Italian Travels in Persia, in the Fifteenth and Sixteenth Centuries. 1873. Translated and edited by Charles Grey, Esq. London: Printed for the Hakluyt Society.

Travels to Tana and Persia by Josafa Barbaro and Ambrogio Contarini. 1873. Translated from the Italian by William Thomas, Clerk of the Council to Edward VI and by S.A. Roy, ESQ and edited, with an introduction, by Lord Stanley of Alderley. London: Printed for the Hakluyt Society.


* Mansfeld's Encyclopedia of Agricultural and Horticultural Crops (2001). Səhifə 1319. 
** Hospital sözü keçmişdə xəstəxana anlamından daha geniş mövhum olub və səyahətçilər və kasıblar üçün qalmaq və daha öncələr/ bəzi yerlərdə müalicə olunmaq üçün yer olub.

0 comments:

Post a Comment