Portuqaliyanın yemək mədəniyyəti

Bölmələr: // Şərh yaz
Portuqaliya əhalisi və ərazisi Azərbaycanınkına yaxın olan bir ölkədir. Amma böyük imperial keçmişi və xeyli keçmiş koloniyası (misal üçün Braziliya və Anqola) var. Koloniyalarla və səyahətlərlə öz mədəniyyət, dil və mətbəxlərini dünyanın müxtəlif yerlərinə yaymağı bacarıblar. Üstəlik rastlaşdıqları mədəniyyətlərdən də görüb götürüblər.

Bu il Portuqaliyanın Faro, Laqos, Evora, Lissabon, Sintra və Porto şəhərlərində (şəhərlər cənubdan şimala doğru yüksəlir) oldum və hər bir şəhərin mətbəxi ilə tanış oldum. Bu yazıda Portuqaliya mətbəxi haqqında öyrəndiklərimi paylaşmaq istəyirəm.

Porto şəhəri, Douro çayı
Əvvəla onu deyim ki, Portuqaliya mətbəxi dəniz yeməkləri ilə məşhurdur. Portuqaliyalılar dünyada ən çox balıq yeyən millətlər arasındadır. Ədviyyatlardan, misal üçün qara istiot, piri piri və darçından çox istifadə edirlər. Yeməkləri üç kursdan, entrada (yəni giriş), əsas yemək (balıq - peixe və ya ət - carne) və sobremesas-dan (yəni desertlər) ibarətdir. Müxtəlif növ pendirləri var.

Çaxırları iki cür olur: "gənc" (yaşıl) çaxır (vinho verde) və "yetişdirilmiş" və ya "yaşa dolmuş" çaxır (vinho maduro). Adlarından məlum olduğu kimi birinci növ çaxırlar gənc ikən, digərləri isə müəyyən müddət saxlandıqdan sonra içilir. Hər iki çaxırın qırmızı, ağ və rosé növləri olur. Çaxırlar adətən garrafeira adlanan çaxır mağazalarında satılır.

Səhər yeməyi sadədir. Səhər yeməyinə çay, kofe, süd və ya portağal şirəsi içilsə də, əsasən kiçik espresso "şot"ları populyardır. Faro-da ikən səhər yeməyinə üzərinə natural, yəni "təbii" yazılmış yoqurt götürmüşdüm. Bu yoqurtun dadı eynən bizim qatığın dadı kimi idi. Sonralar rast gəldiyim və üstündə pedaços, yəni hissəciklər yazılmış yoqurtlar adı yoqurt kimi idi. Amma ilk daddığım yoqurtun qatıq olması çox maraqlı idi.

Bir də maraqlı olan səhər yeməyinə portağal, çiyələk, əncir, yerkökü və digər mürəbbələrlə birlikdə balqabaq və pomidor mürəbbəsinin olması idi. Rast gəlmədiyim üçün bu iki mürəbbənin Azərbaycanda ümumiyyətlə hazırlanmadığını düşünürəm. Amma bəlkə hazırlansa öz yerli "dadlarımızdan" qatmaqla yeni və maraqlı mürəbbələr yarada bilərik. 

Səhər yeməyinə içilən portağal şirəsi üçün müxtəlif formalı və dizaynlı şirəçəkən cihazlardan istifadə olunur. Cənub şəhərlərində (misal üçün Faro və Laqosda) küçələrdə portağal ağacları var. Günəşli günlər hətta qışda belə bol olduğundan meyvələr yaxşı yetişir. Portağal şirəsi də ona görə çox istifadə olunur.

Portağaldan danışarkən bu sözümüzün Portuqaliyadan gəldiyini deməmək düzgün olmazdı. Bildiyim qədərilə Azərbaycanda, Türkiyədə, Yunanıstanda, Gürcüstanda və İranda apelsinə portağal deyilir (tələffüz fərqləri olmaqla). Portağalı məhz portuqaliyalılar bir zamanlar Hindistandan Avropaya gətiriblər. Sözümüz də buradan gəlir.

Nahar və axşam yeməyi daha rəngarəngdir. Portuqaliyalıların ən çox yediyi və ümumiyyətlə ölkənin ən tanınmış yeməyi bacalhau yeməkləridir. Bacalhau qurudulmuş və duzlanmış treska balığına deyilir. Bu yemək bir çox üsullarla və müxtəlif inqredientlərlə treska balığından hazırlanır. Saysız növü var. Evorada olarkən salatlı bacalhau, Portoda isə Braqa stilində bacalhau daddım. Hər ikisi dadlı idi, amma Evoranın bacalhau-sunu daha çox bəyəndim.

Bacalhau (Evora)

Təbii ki, Portuqaliya mətbəxində treskadan başqa bir çox balıq və dəniz məhsullarından istifadə olunur. Ət yeməklərinə gəldikdə isə daha çox donuz ətinə, sonra isə mal ətinə üstünlük verilir. Məncə donuz yeməklərinin variasiyaları və əyalətlər üçün spesifik adları daha çoxdur. Bizə ekzotik gələ biləcək vəhşi dovşan ətindən hazırlanmış yeməklərin menyuda olması da o qədər də nadir hal deyil. Bu əsaslarla birlikdə əsasən kartof və düyü yeyilir. Digər tərəvəzlər də çiy və ya bişirilmiş halda yeyilə bilər.

Ölkənin ən populyar şorbası caldo verde, yəni yaşıl şorbadır. Hazırlanması üçün əsasən yarpaq kələm, kartof püresi, zeytun yağı və duzdan istifadə olunur. Bu şorbaya həm də chouriço (donuz əti sosiskaları) əlavə oluna bilər.

Müxtəlif şəhərlərdə və əyalətlərdə fərqli yemək adətləri, yeməklər və çaxırlara rast gəlmək olar. Porto-da həm də francesinha adlı sendviç populyardır. Bu yemək donuz əti, mal əti, yumurta, pendir, çörək və kartofdan hazırlanır. Portoda ikən menyularda bu şəhər üçün özəl olan, haqqında oxuduğum  və heyvanların mədəsindən hazırlanan tripas yeməyinə rast gəlmədim. Yəqin ki, bu yeməyi xüsusi restoranlarda yemək olar.

Francesinha

Biş-düşlərə və şirniyyatlara gəldikdə isə Portuqaliyanın çoxlu miqdarda belə mətbəx inciləri var. Yenə də əyalət və şəhərdən asılı olaraq bu məmulatlar dəyişir. Lissabonda pastéis de bacalhau, yəni treska kökəsi və ya qoğalı yeyilir. Çox dadlıdır. Gördüyüm desertlərdən pastel de nata, arroz doce (düyü pudinqi), leite-creme (kastardlı və karamelli desert) və pudim flã (karamel flanı) populyardır. Pastel de nata Portuqaliyanın ən tanınmış desertidir və ölkə daxilində də çox populyardır. Onun haqqında ayrıca yazmaq istəyirəm.

Portuqaliyada gördüyüm ən sadə və dadlı desert isə şokolad musu ilə qarışdırılmış və xırda doğranmış ananas hissəcikləridir. Hazırlanması asandır. Yaxşı şokolad musu resepti bilirsinizsə dadını yoxlayın. Ləzzətli olacaq.

Portuqaliya gözəl və zəngin mətbəxli bir ölkədir. Əgər yolunuz Portuqaliyanın şəhərlərindən düşsə küçələrdə dayanan mobil şabalıd köşklərindən  şabalıd alıb ləzzətlə yeyin. Bu şabalıdlar çox dadlı olur. Yolunuz Sintradan düşsə oradakı Piriquita kafesinə baş çəkin. Müxtəlif biş-düş və şirniyyatlar hazırlayıb satırlar. Kafenin əsası 1862-ci ildə qoyulub. Deyilənə görə kral I Karlos (1863-1908) bu kafeninin ilk sahiblərinin bişirdiyi queijada-ları sevərmiş. Lissabonda da bağlamada satılan xüsusi Sintra queijada-ları almaq olar (başqa queijada-lar təzə bişirilmiş satılır). Piriquita-da travesseiro, nozes douradas, pastéis de Cruz Alta və bir çox başqa şirniyyat və biş-düş alıb yemək olar.

Maraqlıdır ki, şirin qoğal Portuqaliyada, əsasən Lissabonda kruasan (croissant) formasında satıla bilər. Xaricdən kruasana bənzəsə də, diqqətlə baxdıqda və ya toxunduqda bu məmulatın tamamilə fərqli xəmirdən hazırlandığını görmək olar.

Portuqaliyaya milad bayramı ərəfəsində baş çəksəniz bu bayrama uyğun yeməklər və şirniyyatlar dada bilərsiniz. Belə elementlərdən biri Bolo Rei, yəni kral keksidir (bir sıra başqa xristian ölkələrində olduğu kimi). İçinə çoxlu miqdarda meyvə qurusu və bir də qoz-fındıq qoyulur. Milad bayramı ərəfəsində desert kimi yeyilir.

Portuqaliya mətbəxi haqqında çox yazmaq olar. Amma ümid edirəm ki, bu yazı ilkin tanışlıq üçün kifayətdir və lazım gələrsə sizə səfərinizdə yardım etmiş olacaq. 

0 comments:

Post a Comment