YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısında olan yemək-içməklər

Bölmələr: // Şərh yaz
YUNESKO-nun dünyanın qeyr-maddi irsini yaratmaqda məqsədi bu irsin qorunması və getdikcə qloballaşan dünyada yoxa çıxmamasıdır. Belə mədəni irsin əhəmiyyəti zəngin bilik və bacarıqların nəsildən nəsilə ötürülməsindədir. Yaşadılması və itirilməməsi üçün qeyri-maddi mədəni irs qorunmalıdır.

Təşkilat uzun müddət bu istiqamətdə işləsə də yalnız 2003-cü ildə qeyr-maddi mədəni irsin qorunması üçün konvensiyanı qəbul edib. Konvensiya belə irsin milli və beynəlxalq səviyyədə qorunması üçün görülməsi nəzərdə tutulan işləri əhatə edir.

24 üzvdən ibarət Hökümətlərarası Komitə hər il yığışaraq təklif olunmuş qeyri-maddi mədəni irsi dəyərləndirir və siyahıya salınıb-salınmamasına qərar verir. Siyahının iki növü var: təcili qorunması lazım olan mədəni irs və təmsilçi irs siyahısı. Komitənin 11-ci görüşü dünən 2 dekabr 2016-cı il tarixində Efiopiyada başa çatdı (28 noyabrda başlamışdı).

YUNESKO-nun vebsəhifəsinə görə hazırda siyahıda 400-dən çox müxtəlif element var. Yalnız Azərbaycana aid olan elementlər muğam, aşıq sənəti, ənənəvi xalça toxumaq mədəniyyəti, tarın hazırlanması və tar sənəti, Qarabağ at oyunu çovqan, kəlağayı sənəti və Lahıcın misgər sənətidir. Sıyahıda başqa ölkələrlə paylaşılan elementlərə isə Novruz və lavaş və ya yuxa mədəniyyəti daxildir.

Bu siyahıya nəzər çəkməkdə məqsədim bilmədiyim maraqlı yemək-içmək adətləri ilə tanış olmaq və bildiklərimi daha yaxşı tanımaqdır. Siyahıya daxil olan müxtəlif festival və bayram adətlərinin, misal üçün Novruz bayramının və ya Sefrou, Mərakeşdə albalı festivalının, xüsusi yemək-içmək ənənələri olsa da mən məhz yemək-içmək adəti adı ilə siyahıya salınmış elementlərı nəzərdən keçirəcəm.

Təbii ki, siyasi arenanın bu siyahıya təsiri var. Misal üçün Ermənistanın lavaş adəti 2014-cü ildə siyahıya alınıb. Nazik qat çörək və ya lavaş mədəniyyəti Azərbaycan, İran, Kazaxıstan, Qırğızıstan və Türkiyənin adəti kimi yalnız bu il (2016) qeydə alınıb.

Başqa bir siyasi misal Cənubi və Şimali Koreyanın kimçi mədəniyyətidir. Kimçi müxtəlif ədviyyatlardan istifadə olunaraq hazırlanmış və fermentasiya olunmuş yeməkdir. Yüzlərlə növü var. Bu yeməyin dadına bir dəfə baxmışam və çox istiotlu olduğundan yeməmişəm. Cənubi Koreya öz kimçanq, yəni kimçi hazırlama və paylaşma mədəniyyətini 2013-cü ildə qeydə aldırıb. Şimali Koreya isə bunu 2015-ci ildə edib (kimçi hazırlama adəti adı ilə).

Kimçinin bir növü
Yuxarıda yazdığım üçün nazik qat çörək mədəniyyətini və kimçini aşağıda qeyd etməyəcəm. Bütün qeydlər YUNESKO-nun vebsəhifələrinə əsaslanıb.

Meksikanın ənənəvi mətbəxi (2010): Bu element təsərrüfatdan başlayaraq icma adətlərinə qədər çox şeyi əhatə edir. Sistemin əsasını qarğıdalı, paxla və çili təşkil edir.

Belçikanın Geraardsbergen şəhərində Krakelingen və Tonnekensbrand qışın sonu çörəyi və festivalı (2010): Martın ilk bazar ertəsi keçirilir və başqa adətlər də daxil olmaqla krakelingen adlı üzük formasında çörəyin bişirilməsi ilə müşayiət olunur.

Şimali Xorvatiyanın zəncəfilli çörək adəti (2010): müxtəlif formalarda zəncəfil qatılmaqla hazırlanır və müxtəlif cür bəzədilir.

Fransanın qastronomik yeməyi (2010): toylarda və şənliklərdə insanları bir araya gətirən yaxşı yemək sənəti və adətidir. Belə yeməyin müəyyən strukturu olmalıdır. Aperitivlə başlamalı və likörlə bitməlidir. Ən azı 4 kurs yeməyi (starter, tərəvəzlə ət və ya balıq yeməyi, pendir və desert) olmalıdır.

Gürcüstanın qədim Qvevri çaxır-hazırlama metodu (2013): Qvevri çaxırın hazırlanması və saxlanması üçün istifadə olunan yumurta formalı saxsı qabdır. Ağızı bağlandıqdan sonra torpağa basdırılır.

Aralıq dənizi pəhrizi (2013): Bu pəhriz Kipr, Xorvatiya, İspaniya, Yunanıstan, İtaliya, Mərakeş və Portuqaliyaya aiddir. Bura əkinçilik və balıqçılıqdan başlayaraq bişirməyə və yemək paylaşmağa qədər müxtəlif bacarıqlar, adətlər, simvollar və rituallar daxildir.

Türk kofe mədəniyyəti və adəti (2013): Bu haqda artıq yazmışam. Burada oxumaq olar. Kofenin türk üsulu ilə hazırlanması və içilməsi mədəniyyəti və adəti nəzərdə tutulur.

Yaponiyanın Washoku pəhrizi (2013): Bu təbiətə hörmət üzərində qurulmuş yemək hazırlamaq və yemək adətləri və bacarıqları toplusudur. Adətən Yeni İl şənlikləri ilə assosiasiya olunur və düyü, balıq, tərəvəz və yabanı bitkilərdən istifadə edilir.

Ərəb kofesi səxavət simvolu kimi (2015): Ərəb cəmiyyətlərində süfrəyə və ya qonağa kofe verilməsi qonaqvərlik və səxavətlilik əlamətidir. Kofe qonaqların önündə hazırlanır. Ən önəmli və ya ən yaşlı qonağa kofe birinci verilir. Adətən ən az bir, lakin üç fincandan çox olmamaqla içilir.

Özbəkistanın palov (plov) mədəniyyəti və adəti (2016): Özbək plovunun özünəməxsusluğu və dadı haqqında yəqin ki, eşitmisiniz. Tədbirlərdə plov da daxil olmaqla yemək hazırlayan şəxsə "oşbaz" deyilir.

Tacikistanın Oşi Palav (aş plov) mədəniyyəti (2016): Bu plovun 200-ə yaxın növü var. Azərbaycanda da olduğu kimi yemək mədəniyyətinin vacib elementlərindən biridir və nəsildən-nəsilə ötürülür.

Belçikanın pivə mədəniyyəti (2016): Ölkədə müxtəlif fermentasiya metodlarından istifadə olunaraq 1500-ə yaxın pivə növü hazırlanır. Pivə yemək hazırlanmasında da istifadə olunur və Belçika yemək mədəniyyətinin vacib elementlərindəndir.

Maraqlı bir yemək-içmək siyahısı alındı. Yuxarıdakılardan istifadə edərək ləzzətli bir menü hazırlamaq olar. Düşünürəm ki, bizim də fisincan plovun, Şəki halvasının və bir çox başqa yeməyin YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısında yeri görünür.

0 comments:

Post a Comment