Çurro nədir?

Bölmələr: // Şərh yaz
Çurro. Foto: Gustavo Andrade, flickr.com
İspanlar bir qədər plovu xatırladan paella yeməkləri ilə yaxşı tanınırlar. Amma şirniyyat sevərlər üçün İspaniyanın və bir çox ispandilli ölkələrin (eləcə də Fransa və Portuqaliyanın) ən dadlı nemətlərindən biri çurro-dur. 

Çurro şu xəmirindən hazırlanır və "dərin" yağda qızardılır. İspaniyada çox vaxt uzun və nazik formada, bəzən isə qıvrım və ya düyün formasında hazırlanır. Aşağıdakı şəkildəki kimi qatı şokolada və ya dulce de leche-yə (bişirilmiş qatılaşdırılmış süd) batırılaraq yeyilir. Çurro desertdən əlavə, həm də səhər yeməyi kimi istifadə olunur. İspaniyada qatı şokolada batırılaraq yeyilir. Çokolateriyaa və çurrureriyalarda satılır.

Çurro populyar olan bəzi ölkələrdə şokoladı və ya qatılaşdırılmış südü çurronun üzərinə tökürlər. Bəzən də çurronu yağdan çıxartdıqdan sonra şəkər tozuna batırırlar. Birinci şəkildəki şəkər tozu ilə örtülmüş çurro belə hazırlanıb.

Qatı şokoladla çurro. Foto: Sami Keinänen, flickr.com
Fikrimcə, qatı şokolada batırılmış (ispan stilində) və şəkər tozsuz çurro bu şirniyyatın ən dadlı variantıdır. Madridə yolunuz düşsə mütləq San Gines (San Xines) çokolateriyasına baş çəkin. Çokolateria San Gines kilsəsinin yaxınlığındadır. Bu kafe Madriddə ən qədim çurro satan yerlərdən biridir (1894-cü ildən). Çurro-ları təzə hazırlanmış, xırtıldayan və çox dadlı olur. 

Başqa kafelərə də baş çəkə bilərsiniz. Amma ehtiyatlı olun, çünki, çurronun hazırlanma texnikasından asılı olaraq dadı dəyişir. İlk dəfə yağda pis qızardılmış, çoxlu yağ hopmuş və yumşaq çurro yesəniz bu gözəl şirniyyat haqqında fikriniz neqativ ola bilər. Dadlı çurrolar diləyilə!

0 comments:

Post a Comment