Yemək bazarı və ya food market mədəniyyəti

Bölmələr: // Şərh yaz
Azərbaycanda görmədiyim, lakin olmasını istədiyim mədəniyyətlərdən biri də "yemək bazarı" və ya ingiliscə "food market" mədəniyyətidir. Bizim təbii ki, əsrlərdən qalan bazarlarımız və bazar mədəniyyətimiz var. Bu bazarlarda çay və yemək verilməsi (çox vaxt satıcılara, bəzən də müştərilərə) mədəniyyəti çoxdan qalıb.

Amma yalnız yeməklərin satıldığı bazarlar yoxdur. Əgər haradasa bir neçə belə köşk varsa, o da ümumi bir adət və ya mədəniyyət deyil. Belə bir mədəniyyət həm Qərbdə, həm də Şərqdə var. Bunun bir növü də "street food" yəni küçə yeməyidir. Küçə yeməkləri "köşkləri" adətən mobil olur. Yemək marketləri bununla küçə yeməklərindən fərqlənir. 

Qərb ölkələrinin çoxunda belə marketlər və həm də küçə yemək köşkləri lisenziya verilməklə tənzim olunur.  Britaniyada yemək hazırlanan yerləri də xüsusi qeydiyyatdan keçirmək lazımdır. Üstəlik, yeməklə əlaqəsi olan hər kəs yemək gigiyenası treninqini keçməlidir. 

İspan yeməyi paella Londonun Borough Marketində
Yemək marketlərində yeməklər adətən £5-10 civarında olur. Yeməklər birdəfəlik çəngəl-bıçaqla birdəfəlik qutularda satılır. Müştərilər adətən yeməkləri aldıqdan sonra yaxınlıqdakı parklarda ya otun üstündə, ya da skamyada oturub yeyirlər. 

Londonda ən çox sevdiyim yemək marketləri Borough Market və Exmouth Marketlərdir. Bu marketlərdə adətən çoxlu müştərilər olur. Bu və bunlara bənzər marketlərdə müxtəlif millətlərin yeməklərini və müxtəlif millətlərdən olan insanları görmək olar. 

Borough Marketi əsasən qapalı marketdir və oturaraq yemək üçün skamyaları olan "market hall" deyilən xüsusi hissəsi var. Exmouth Market isə yalnız küçə köşklərindən ibarətdir. Borough market Exmouth marketdən daha böyükdür. Orada müxtəlif pendir növlərindən başlayaraq dəniz yeməklərinə qədər hər növ yeməyə və ya ərzaqa rast gəlmək olar. Üstəlik müxtəlif içkilərin satıldığı köşklər də var. 

Çox istərdim ki, biz də bu mədəniyyəti mənimsəyək. Əgər icra başçısı olsaydım yemək marketi üçün xüsusi yer ayırıb, hər kəsi lisenziya ilə yemək bişirib satmağa dəvət edərdim. Biz bu mədəniyyəti mənimsəyənə qədər başqa ölkələrdə bu mədəniyyətdən faydalanmaq olar. Misal üçün, əgər yolunuz Fransanın Cannes şəhərindən düşsə Forville marketə baş çəkin.

Fransanın Cannes şəhərində Forville marketə giriş
Orada əsasən meyvə və başqa ərzaqlar satılır. Amma yerində bişirilib satılan biş-düşlər də var. Misal üçün zukkini (və ya kurjet qabağın bir növüdür, rusca кабачок) çiçəyindən hazırlanıb satılan beignetlər (benye oxunur - daha çox məlumat burada) çox dadlıdır.


Zucchini çiçəyi və beignet xəmiri
Zukkini çiçəyi şəkildəki qabdakı beignet maye xəmirinə batırılır. Sonra isə qabın yanındakı qızdırıcıda qızardılır. Oralara baş çəksəniz belə beignet-nin mütləq dadına baxın!

0 comments:

Post a Comment