Qlütensizlik maniyası

Bölmələr: // Şərh yaz

Qərb ölkələrində yaşayırsınızsa yəqin ki, qlütensiz yemək pəhrizi haqqında eşitmisiniz. Son illərdə qlütensiz yemək dəbə minib. İnsanlar hər yerdə, evdə və restoranda qlütensiz yemək yeməyə can atırlar. Bunun sayəsində bugün qlütensiz yemək sənayesi çox gəlirli bir sahəyə çevrilib.  

Axı insanların qaçdığı bu qorxulu qlüten nədir? Qlüten buğda və başqa uyğun dənli bitkilərdə (arpa, çovdar və s.) olan proteindir (zülal). Qlütenin sayəsində xəmir elastik olur, onun köməyilə qalxır və yumşaq olur. Xəmirin yoğrulduqda yumşalması qlüten xəttlərinin əmələ gəlməsi ilə əlaqədardır. Çörəklərdə qlütenin miqdarı yüksək olur.

Bəs niyə qlütenə qarşı belə antipatiya var? Bunun bir səbəbi bəzi insanlarda qlüten intolerantlığı və ya həssaslığı olmasıdır. Bu həssaslıq autoimmun xəstəliklər və allergik reaksiyalarla əlaqədardır. Misal üçün seliakiya xəstəliyi olan insanlarda qlüten qarın köpməsinə, diareya və qusmaya səbəb olur. Ona görə də belə insanlar qlüteni rasionlarından çıxarmalıdır. 

"Qlütensizlik dəbi" də buradan başlayıb. Əvvəllər az miqdarda istehsal olunsa da bugün qlütensiz ərzaqlar inkişaf etmiş ölkələrdə demək olar ki, hər yerdə var. Bir çox Qərb ölkələrində satılan ərzaqların qlüten tərkibinin etiketində yazılması qanunla müəyyən edilib. 

Yuxarıda dediyim həssaslıqları və xəstəlikləri olmayan insanlar üçün qlütenin hər hansı bir zərərinin elmi əsası yoxdur. Araşdırmalar sübut tapa bilməyib. Üstəlik qlütensizləşdirilmiş ərzaqlarda daha az fibra (liflər), dah az vitamin və daha çox şəkər və piy var. Qlütensiz pəhriz saxlayan bir çox insan sadəcə yeni trendə qoşulublar. Başqa bir qrup isə genetik modifikasiya edilmiş və qlüteni çox olan yeni buğda növünü səbəb kimi göstərirlər. 

Bir çoxları həm də qlütensiz yeməklərin çəki itirməyə kömək etdiyini düşünür. Keçmişdə qlütensiz ərzaqlar, misal üçün qlütensiz çörək az olduğundan və ya ümumiyyətlə olmadığından çörəkdən imtina edirdilər. Ona görə də çəki itirirdilər. İndi isə belə deyil. Böyük ərzaq korporasiyaları da bu və digər oxşar çaşbaşlıqların üzərində milyonlar qazanır. 

Qlobal olaraq isə dietik trendlər yavaş-yavaş dəyişir və dəyişəcək. Deyilənə görə Qərbi Afrikada yetişən qlütensiz və darının ən kiçik növü olan fonio-dan istifadə ola bilsin ki, dəbə minəcək. Fonio çox qidalıdır və ən tez yetişən darı növüdür. Tam yetişməsi üçün 6-8 həftə lazımdır. Quraqlığa da davamlıdır.  

Əcdadlarımız əsrlər boyu miqdarca bizdən az da olsa qlüten yeyib. Qlütenli yeməkləri dəstəkləyirəm. Amma qlüten intolerantlığınız varsa, çalışın ondan uzaq olasınız. Azərbaycanda qlüten intolerantlığının diaqnoz olunduğunu düşünmürəm. Ona görə də qlütendən imtina edib özünüz nəticələri yoxlaya bilərsiniz. 

0 comments:

Post a Comment