Piknik mədəniyyəti

Bölmələr: // Şərh yaz
Yalnız iki və ya üç nəfər seçilmiş şəxs onlara qoşula bilərdi 
hər şey həngaməli hazırlıqlardan, adi yemək-içməkdən, 
Eltonların və Saklinqlərin piknik nümayişindən qat-qat yüksək - 
səs-küysüz, iddiasız və eleqant bir şəkildə baş tutmalı idi.

Jane Austen, 1815, Emma (Box Hill-də 
keçirilməsi planlaşdırılan piknik haqqında) 

James Tissot, 1870, La Partie carrée
Piknik mədəniyyətinə al fresco nahar mədəniyyətinin bir qolu kimi baxmaq olar. Bunu tarlada nahar fasiləsi zamanı yerdə açılmış süfrəylə qarışdırmaq olmaz. Piknik məhz məqsədli şəkildə seçilmiş gözəl bir görünüşü olan yerdə, misal üçün bir çayın və ya gölün yanında süfrə açmağa deyilir. Tarixən isə əsası varlı zadəganların ov və bağ süfrələrinə və banketlərinə gedib çıxır.

Sébastien Vranckx, 1595, Fête dans le jardin du Duc de Mantoue - Hersoq Mantuanın bağında banket. Foto: mbarouen.fr
Piknik fransızca "pique-nique" sözündən gəlib. Etimologiyasını izah edən müxtəlif fərziyyələr var. Fərziyyələrdən birinə görə söz fransızca "piquer" felindəndir. Amma müxtəlif fərziyyələr haqqında bir razılaşma yoxdur. Ona görə də piknik sözünün adətən naməlum mənbədən gəldiyi deyilir. 

Bu sözün ilk olaraq yazıda işlədilməsi 17-ci əsrin sonuna təsadüf edir. Uzun müddət piknik hamının nəsə gətirdiyi - töhvə etdiyi nahara deyilib (buna ingiliscə indi potlak deyilir). Daha sonra bu mənada başqa ölkələrə, eləcə də İngiltərəyə keçib. 19-cu əsrdə əvvəlki mənasını itirərək müasir mənaya keçib və beləcə Qərbdə müasir piknik mədəniyyəti formalaşıb. 

James Tissot, 1876, Holyday və ya Picnic
Pikniklər ailə üzvləri, dostlar, sevgililər və ya həmkarlarla edilir. Piknik yalnız nahar etmək deyil, həm də sosial fenomendir. Ünsiyyət, dostluq, şadlanma və paylaşma üçün gözəl vasitə və firavanlıq əlamətidir. İncəsənət adamlarının əsərlərində də pikniklər xüsusi yer alıb. 

Ailə və ya dostlarla piknik etmək üçün adətən böyük bir səbətə müxtəlif yeməklər (yüngül və ya ağır - zövqə uyğun) və hər kəsin otura biləcəyi bir örtük qoyulur. Gözəl bir yerdə, misal üçün parkda, örtük yerə sərilir və yeməklər ortaya düzülür. Musiqili pikniklər çox maraqlı olur: 

George Goodwin Kilburne, 1900, The Picnic
Azərbaycanda piknik mədəniyyəti rayonlara istirahətə getdikdə özünü göstərir. İnsanlar yerdə, təbiətin qoynunda oturub həm nahar edir, həm də istirahət edirlər. Şəhərlərdə isə otun üzərində oturmağa icazə verilmədiyindən belə etmək mümkün deyil. Ümid edirəm ki, piknik bir gün şəhərlərimizə və parklarımıza da gəlib çıxacaq. 

0 comments:

Post a Comment