Gourmet və gourmand nədir?

Bölmələr: // Şərh yaz

Gourmet sözünü ingiliscə, gourmand sözünü isə ilk dəfə və daha çox rusca eşitmişəm. Hər iki söz fransız dilindən bu dillərə keçib və hər ikisinin öz tarixi var. Sözlərin mənasını başa düşmək üçün onların etimologiyasını elmi mənbələrə əsaslanaraq izah edən Wiktionary-dən istifadə etdim. 

Gourmet sözü fransızca groumete (qadın cinsi) və groumet (kişi cinsi) sözündən gəlib. Sonralar bu söz dəyişərək gourmet formasını alıb. Öz başlanğıcını isə ingiliscə "groom", yəni atlara baxan qulluqçu sözündən götürüb. Groom sözü fransızcaya "grommes", yəni valet (kişi qulluqçu) kimi keçib. 

Groumet/e sözünün mənası "şəraba cavabdeh olan qulluqçu" demək olub. 15-ci əsrin ortalarında isə dəyişərək yeni "şərabın dadına baxan və onun dəyərini bilən adam" mənasını alıb. Növbəti əsrlərdə bu sözün mənası dəyişməyə davam edib və 18-ci əsrdə şərab sahəsini tərk edərək ümumilikdə "yaxşı yeməyi qiymətləndirən adam" mənasını alıb. 

Gourmand sözü gourmet sözünə oxşasa da haradan gəlməsi aydın deyil. Ona görə ki, bu sözün gourmet sözündən qabaq mənası "acgözlüklə yeyən, yaxşı hissələri sevən" olub. Gourmet sözü isə uzun müddət keçdikdən sonra oxşar mənanı alıb. Hal-hazırda gourmand sözü "yeməyi sevən və çox yeyən adam (daha çox qarınqulu)" mənasını verir.  

Fransızca hər iki söz bugün də (gourmet - "yaxşı yeməyi qiymətləndirən adam" və gourmand - "yeməyi sevən və çox yeyən adam" mənalarında) istifadə olunur. Bu sözlərin sinonimi kimi friand, yəni "yemək üçün xüsusi zövqü olan adam" sözündən də istifadə edirlər.   

Gourmet sözü rus dilinə keçməsə də gourmand (гурман) "nəfis yeməkləri sevən və qiymətləndirən" mənasında, yəni gourmet sözünün mənasında keçib. Dilimizdə də rus dilinin təsiri ilə bəzən gourmand sözündən istifadə olunur. 

Bundan başqa fransızcadan rus dilinə və sonra dilimizə həm də gastronome sözü gourmet mənasında və həm də "kulinariya elminin incəliklərini bilən adam" mənasında keçib. Gastronome sözünü fransızlar yunanca gastros - mədə və nomos - qanun sözlərinin birləşməsindən düzəldiblər. 

İngiliscə gourmet və gourmand sözləri fransızca olduğu mənanı versə də rusca fərqlidir. Üstəlik, ingiliscə gourmet sözünü müxtəlif şəkildə istifadə etmək olar. Misal üçün gourmet restoranlar, gourmet yeməklər (şəkildə), gourmet çeflər və s. Ona görə də "gourmet" və "gourmand" sözlərindən istifadəyə üstünlük verirəm və dilimizə də məhz fransızca mənalarında keçməsinin lehinəyəm ("qurme" və "qurman" kimi). 

0 comments:

Post a Comment