Mətbəxə dəniz dadı qatan yeməli yosunlar

Bölmələr: // Şərh yaz
Sevgi yosun kimidir. Onu özündən uzaqlaşdırsan da 
qayıdıb gəlməsinin qarşısını ala bilməyəcəksən. 

Nigeriya atalar sözü

Özümü xatırladığım qədər Xəzər dənizində çimərkən yosunlardan dəhşətə gəlmişəm. Uşaqlıqda  adama yapışan və çirkli olduğunu düşündüyüm belə su otunun yeyilə biləcəyi ağlıma belə gəlməzdi. Bir millət olaraq yosunlara yemək kimi baxmamışıq. Ona görə də Xəzər dənizinin yosunlarını yemirik. Amma bəlkə həm də ona görə yemirik ki, yeməli deyillər. 

Yosunlar göbələklər kimi yeyilən və yeyilməyən olur. Yeyilən yosunlar dəniz yosunlarıdır. Şirin su yosunları zəhərli ola bilər. "Dəniz otları" fibra (liflər), minerallar, mikroelementlər və vitaminlərlə zəngindir (xüsusilə kalsiumla). "Tam proteinlidir", yəni tərkibində insan orqanizmi üçün vacib olan doqquz aminoturşunun adekvat proporsiyası var. 

Yeyilən yosunların fikrimcə ən önəmli cəhəti isə onların yodla zənginliyisağlam tiroid üçün əhəmiyyətidir. Tiroid metabolizmi və bədən temperaturunu requlyasiya edir. Ona görə yosunlar çəki probleminə də kömək edə bilir. Bundan başqa təbii diuretikdirlər (sidik ifrazını gücləndirirlər). Bəzi yosunlar, məsələn mozuku (yaponca) yosunu, hətta xərçəng müalicəsində istifadə olunur. 

Yeyilən yosunlar hal-hazırda (iyun 2015) çox populyardır və getdikcə daha çox dəbə minir. İnsanlar yeməklərinə dəniz dadı qatmaq istəyir. Torpaqda bitən bitkilər kimi yosunlar da müxtəlifdir. Yəni onların müxtəlif növlərini çiy yemək, bişirmək və ədviyyat kimi istifadə etmək olar. Rəngləri də təbii ki, variasiya edir və əsasən qırmızı, yaşıl və qəhvəyinin müxtəlif çalarlarında olurlar. 

Porphyra (yaponca nori) yosunundan hazırlanmış suşi bükmək üçün nori vərəqləri. Foto: Alice Wiegand
Yeməli yosunlardan Yaponiya, Çin və Koreya kimi Asiya ölkələrində lap qədimlərdən istifadə ediblər. Misal üçün porphyra (porfira) yosununu bu ölkələrdə qurudub mətbəxdə istifadə edirlər. Bu yosunu şorbalara əlavə etmək və ya düyü yeməklərinə qatmaq olar. Yaponlar porphyra yosununun vərəqlərindən suşi bükmək üçün istifadə edirlər. Porfira yosununa nori dedikləri üçün bu vərəqlər da nori kağızları və ya vərəqləri adlanır. 

Ümumiyyətlə, yapon mətbəxində yosunların xüsusi yeri var və onların yeddi növü müəyyən edilir. Yaponlar hətta yosunları dənizdə xüsusi sahələrdə yetişdirirlər və sonra tozsoranabənzər sovurucu aparatla yığırlar. Amma təbii ki, yosunları belə yetişdirən yeganə ölkə deyillər. Misal üçün Fillipində bəzi yosunlar su sahələrində yetişdirilirlər. 

Deyilənə görə Xəzər dənizində yosunların 400-dən çox növü var (Azərbaycan hissəsində nisbətən azdır). Çox güman ki, zəhərliləri də var. Su çox çirkli olduğundan yeyilə biləcəyini düşünmürəm. Amma ola bilsin ki, bir gün bizdə də Xəzərin yosunlarına maraq oyanacaq və mətbəximizdə yeni bir "dəniz yosunları erası" başlayacaq. 

0 comments:

Post a Comment