Eleqant və populyar peçenye: makaron

Bölmələr: // Şərh yaz

Makaronlar merenq əsaslı fransız peçenyeləridir. Əsas inqredientləri yumurta ağı, şəkər və badam unudur. Rəng və dad qatmaq üçün başqa inqredientlər də əlavə oluna bilər. Bu peçenye çoxdan yaradılsa da son illər bütün dünyada populyarlaşıb. Misal üçün makaronlar Cənubi Koreya və Yaponiyada çox populyardır.

Makaronlar çox dadlı olmaqla bərabər həm də çox yüngül olurlar. Bir-birinə qanaş, krem və ya cem vasitəsilə yapışdırılmış iki "balıqqulağı"dan ibarət olurlar. Sözün özü isə italyan mənşəlidir və bizim tanıdığımız makaronların gəldiyi kökdən gəlir. 

Makaronların kəşfi haqqında debatlar var. Deyilənə görə ya 16-cı əsr, ya da 18-ci əsr Fransada yaradılıb. 16-cı əsr kəşf nəzəriyyəsinə görə Fransada yaradılsa da italyan əsilli Fransa kraliçasının italyan çefləri tərəfindən yaradılıb. Adının italiyan mənşəli olması da bununla əlaqədar ola bilər. 

18-ci əsr kəşf nəzəriyyəsinə görə isə Fransada bir monastırın rahibələri tərəfindən kəşf edilib. İstənilən halda indi tanınan formada makaronlar (bir-birinə yapışdırılmış "balıqqulağılar") 19-ci əsrdə hazırlanmağa və satılmağa başlayıb. Belə hazırlanan makaronlara Gerbet və ya Paris makaronları deyilib. 

Fransanın müxtəlif regionlarında makaronun müxtəlif variasiyaları var. Məşhur fransız çeflərindən isə Pierre Hermé öz makaronları ilə məşhurdur. Hətta o mart ayının 20-sini makaron günü elan etdikdən sonra bu ənənə bir çox ölkələrdə davam etdirilib.

Qarağatlı (blueberry) makaron. Foto: Markcaya
Makaron hazırlanmasında badam unundan istifadə vacibdir. Badam unu sadəcə qurudulmuş, qabığı çıxarılmış və yaxşıca (!) çəkilmiş badama deyilir. Bəzən bu unu başqa qoz-fındıq unuyla əvəz edirlər. Amma belə un tam fərqli bir "makaron" ilə nəticələnir. 

Hazırlanması asan görünə bilər. Amma inqredientlər miqdar cəhətcə çox dəqiqlik tələb etdiyindən çox vaxt təcrübəli biş-düşlə məşğul olan insanlarda belə alınmır. İnternetdə makaronların necə səhv hazırlanması və ya hazırlanmaması haqqında saysız məqalələr var. Makaron hazırladıqda mətbəx çəkilərindən istifadə etmək lazımdır. 

İndi makaron yemək bir dəbdir. Fikrimcə makaronların populyarlığı hələ bir müddət davam edəcək. Bişirmək istəsəniz əvvəlcə inandığınız və həm də makaron işində səriştəsi olan bir yaxşı mənbə tapın. Ən yaxşı çeflərin belə makaronları pis alına bildiyindən tapdığınız mənbənin məhz makaron təcrübəsinə əsaslanın. 

0 comments:

Post a Comment