Kofe haqqında diqqətçəkən məlumat və yeniliklər

Bölmələr: // Şərh yaz

Kofeni sevdiyim üçün kofe haqqında yenilikləri izləyirəm. Yenilik o qədər çox olmur, amma son dövrlərdə öyrəndiyim bir sıra maraqlı və diqqətçəkən faktlar var ki, mənim üçün yenilikdir. Bugün bu yenilikləri bir siyahıya almağı düşündüm. Kofe vurğunusunuzsa sizin üçün də maraqlı olacağını düşünürəm. 

1. Marixuanalı kofe - Amerikada "istirahət" marixuanası leqal olan yerlərdə marixuana ilə infuziya olunmuş kofe satılır. Belə kofedə marixuananın psixoaktiv inqredienti olan THK-nın (tetrahidrokannabinol) miqdarı haradasa 10 mq olur. Niderlandda belə kofelərin satılmasından əmin deyiləm. Marixuanalı kofe içmək mənim üçün yeni bir dad kimi maraqlı olardı. 

2. Kofe unu - heç kofe lobyaları kofe giləmeyvəsindən çıxarıldıqdan sonra giləmeyvənin başına nə gəldiyi haqqında düşünmüsünüz? Bir kompaniya həmin giləmeyvələrdən un hazırlamağa başlayıb. Amma özlərinə kompaniya deyil, sosial təsir hərəkatı deyirlər. Çünki, kofenin normalda istifadə olunmayan hissələrinin istifadəsi planetimiz və bəşəriyyət üçün böyük işdir. İsrafçılığın qarşısını alır. Kofe unu satışa bu il (2015) buraxılıb və artıq ondan şirniyyatlar bişirilir. Belə un qlütensiz, amma həm də yüksək fibralı və proteinlidir. Bu undan nəisə bişirmək və yemək, dadına baxmaq istərdim. Əla bir kofe yeniliyi olardı. Daha çox məlumatı burada ala bilərsiniz: http://www.coffeeflour.com/ 

3. Kafeinsiz kofe bitkisi - Kofea Charrieriana yeganə məlum kafeinsiz kofe növüdür. Buna charrier kofesi deyirlər. Bu bitki 2008-ci ildə Fransalı Professor Andre Charrier tərəfindən Mərkəzi Afrika ölkəsi olan Kamerunda kəşf olunub. Adı da buradan gəlir. Hələlik (iyun 2015) bu kofe kommersiya üçün istifadəyə verilməsə də gələcəkdə verilməsi planlaşdırılır. Dekafeinləşdirilmiş kofedə belə az miqdarda kafein qaldığından kafeinə həssas olan insanlar kofe əvəzləyicilərindən istifadə edirlər. Charrier kofesi onlar üçün böyük dəyişiklik və yenilik etmiş olacaq.

4. Kofe spa-sı - Yaponiyada kofe spasından istifadə olunur. Yaponca buna "onsen" deyilir. Kofe onsenləri üçün kofe kofe qabında dəmlənir və sonra isti su hovuzuna (bulağa) əlavə edilir. Yaponların həm də yaşıl çay və şərab onsenləri var. Belə hovuzun suyunu içmək məsləhətli olmasa da kofeli suda çimmək çox maraqlı olardı. Ətri təsəvvür edirsiniz? 

5. "Nəcis kofeləri" - bəli, düz oxudunuz. Belə kofenin iki növünü tanıyıram. 

 I. Fil nəcisi kofesi - bu kofeyə Black Ivory (qara fil sümüyü) kofe deyirlər. Qəribə görünsə də bu dünyanın bahalı kofelərindəndir. Taylandda istehsal olunur. Fillərə Arabika kofe lobyaları yedizdirilir. Fillərin həzm sisteminin enzimləri kofenin acılığına səbəb olan proteinləri parçalayır. Fillərin yediyi başqa yemlər də bu kofeyə dad verir. Sonra lobyalar onların nəcislərindən yığılır. Bu kofe bahalı otellərdə verilir. Deyilənə görə acılığı olmadığından çox dadlıdır. Amma bunu içməyə və dadını yoxlamağa nədənsə həvəsim yoxdur. 

Musanq. Foto: W. Djatmiko
II. Musanq nəcisi kofesi - bu kofe brendinə isə Kopi Luwak deyilir. Bu kofe də dünyanın ən bahalı kofelərindəndir. İndoneziyada, Filipində və Şərqi Timorda istehsal olunur. Musanqlar və ya palma sivetləri (şəkildə) fillərlə olduğu kimi kofe lobyalarını yedikdən sonra lobyalar bu heyvanların nəcisindən yığılır. Bu kofenin də acılığı həzm sistemi enzimlərinin proteinləri parçalamasına görə götürülmüş olur.  Kopi Luwak kofesini də içməyə həvəsim yoxdur. Amma yalnız istehsal metoduna görə deyil, həm də ona görə ki, kofe istehsalına görə musanqlarla zorakı davranıldığı deyilir. Üstəlik musanqların tutularaq istehsala təhrik edilməsi onların təbiətdəki yerini (ekosistemi və s.) təhlükə altına qoyur. Bu videoda daha çox məlumat ala bilərsiniz:


Bu yazını kədərli not ilə bitirməmək üçün musiqili not ilə bitirmək istəyirəm. İohann Sebastian Bax 1732-1735-ci illərdə Schweigt stille, plaudert nicht, BWV 211 kantatasını yazıb (kantata deyilsə də əslində miniatür komik operadır). Bu əsərin özəlliyi ondadır ki, əsərin qəhrəmanı olan xanımın kofe asılılığı olur. Atası isə onun kofe asılılığını atmasını istəyir və bunun üçün müxtəlif vasitələrə əl atır. Sonda hər kəs "kofe içmək təbiidir" deyə oxuyur. Bu əsərə kofe kantatası (Kaffeekantate) da deyilir. Burada baxa-qulaq-asa bilərsiniz (alman dilini bilirsinizsə daha maraqlı olacaq):


Əla səslənir, deyilmi?

0 comments:

Post a Comment