La Belle Époque nədir?

Bölmələr: // Şərh yaz
Parisi görmək və ölmək
Увидеть Париж и умереть

İlya Erenburq (1891-1967) 
1908-1917-ci illərdə Parisdə yaşayıb.


La Belle Époque fransızca gözəl epoxa deməkdir. Fransa tarixində 1870-ci illərdən I Dünya Müharibəsinin başlanmasına, yəni 1914-ci ilə qədər olan vaxtı əhatə edir. İfadə Fransa və Belçikada həmin dövr Avropa haqqında istifadə olunsa da eyni dövr Fransadan danışdıqda başqa dillərdə də istifadə olunur. Almanlar bu dövrü Wilhelminism (1890-1918) adlandırır.

James Tissot, 1875, Hush!, eleqant fransız salonu
Bu epoxanın insanları öz dövrlərini belə tanımayıblar. Məlum müharibənin dəhşətlərinə nəzərən həmin dövrə sonradan Belle Époque adı verilib. Belle Époque optimizmlə, texnoloji və elmi inkişafla xarakterizə olunub. Həmin dövrdə Fransa və başqa Avropa ölkələri sürətlə inkişaf edib. Telefondan və teleqrafdan istifadə əlaqəni, dəmiryolunun inkişafı isə mobilliyi artırıb. İnsanlar bütün dünyadan Parisə  axışmağa başlayıb.

Sinematoqraf Fransada icad olunub. Bir çox rəssamlıq, musiqi, teatr və ədəbiyyat şah əsərləri həmin dövrdə yaranıb. İncəsənətin bir qolu sayılan Art Nouveau, yəni Yeni İncəsənət də bu dövrdə inkişaf edib. La Belle Époque incəsənət adamları arasında isə absint spirtli içkisi populyar olub. Kafe və restoran mədəniyyəti çox inkişaf edib. Küçələrdə velosiped sürənlər çoxalıb. 

Moda dünyası genişlənərək yuxarı təbəqələrdən başqa orta və aşağı təbəqələri də əhatə etməyə başlayıb. Qadın paltarları gözəlliyi və eleqantlığı ilə seçilib (yazıdakı rəsmlərdə modanın necə dəyişdiyini görmək olar). "Haute couture" da məhz həmin epoxada inkişaf edib. Gənc xanımlar dünyanın müxtəlif yerlərindən Parisə öz trousseau-larını, yəni cehiz, gəlinlik və başqa paltarları almağa gəliblər. Aşağıdakı rəsmdə isə adı çəkilən Paquin evi məşhur Belle Époque fransız dizayneri Janna Paquin-in (1869-1936) moda dizayn evidir. 

Henri Gervex, 1906,  Cinq Heures Chez Paquin (Paquin evində beş saat)
Eyfel qülləsinin (1889) ucaldılması və kan-kan rəqsləri ilə məşhur olan Moulin Rouge (1889) kabaresinin açılması da  həmin dövrdə baş tutub. Bunlarla birlikdə Palais Garnier opera evi və Grand Palais des Champs-Élysées kimi grand tikililər Parisin xarici görünüşünü dəyişdirib. Üstəlik 1900-cu ilin dünya sərgisi Expo 1900 Parisdə keçirilib. 50 milyona yaxın insan sərgiyə baş çəkib.

Paris dünyanın mədəniyyət ocağına çevrilib. Avropa şəhərləri arasında küçələri ilk olaraq qaz lampaları ilə işıqlandırılan şəhərlərdən biri Paris olub. Həm buna görə, həm də Parisin maarifi əhəmiyyətinə görə ona La Ville Lumière, yəni İşıqlı Şəhər deyilib (indi də deyilir). Paris haqqında romantik fikirlər və düşüncələr formalaşıb. Həmin romantiklik La Belle Époque bitdikdən sonra da insanların yaddaşında qalıb. Hətta fransız millətinin emosional həyatında həmin dövr üçün xüsusi nostalgia yaranıb.

Əgər Banin Asadullayevanın "Qafqaz günləri" kitabını oxumusunuzsa yəqin ki,  orada da Paris romantikliyini hiss etmisiniz. Analığı Amina xanımın Paris təhsili, Parisə və Paris həyatına olan məhəbbəti dəfələrlə vurğulanır. Bir də yuxarıda trousseau haqqında dediklərim Baninin analığı Aminanın toyundan qabaq Parisə getmək istəyində öz əksini tapır. 

Jean Béraud, 1889, La Pâtisserie Gloppe au Champs-Élysées

La Belle Époque bütün sahələrdə olduğu kimi fransız mətbəxində də dəyişikliklərlə xarakterizə olunub. Paris həm də dünyanın yemək paytaxtına çevrilib. Kafelər və restoranlar yalnız yuxarı təbəqələrin deyil həm də orta təbəqələrin sevimli yemək yeri olub. Misal üçün Café de la Paix o qədər məşhur olub ki, hətta Böyük Britaniyanın gələcək kralı VII Edvard ora baş çəkib. 

Henri Gervex, 1909, Une soirée au Pré Catelan (Pre Catelan restoranında soirée)
Tanınmış çef Avqust Eskofierin fəaliyyəti də bu dövrə təsadüf edib. O  məşhur haute cuisine-ni müasirləşdirib. Yeni mətbəx qaydaları və reseptlər icad edib. Yeməklərin yüngülləşdirilməyi epoxanın tələblərinə uyğunlaşdırılıb. Escoffier fransız mətbəxini bütün dünyada populyarlaşdırıb və Belle Époque-da öz izini buraxıb.

Doğrudan da Belle Époque gözəl dövr olub. Qadınların eleqant geyimləri özü bir dünya olub. Deyirlər ki, moda təkrarlanır. Bir gün bu gözəl paltarlar modaya qayıdarsa məmnuniyyətlə  və sevə-sevə onları geyinərəm.

0 comments:

Post a Comment