20 fransız sözümüz

Bölmələr: // Şərh yaz

Azərbaycanca yazmağa başlayandan sonra dilimizə nə qədər fransız sözünün keçdiyini anladım. Son 50-100 ildə bu sözlər rus dilindən yavaş-yavaş dilimizə sızıb. Gündəlik həyatımızda fransız sözlərindən istifadə edirik. Amma onların fransız mənşəli olduğu haqqında heç düşünmürük. Belə sözlər çox olsa da mən yalnız yeməyə aid ən çox işlətdiklərimizi siyahıya almaq qərarına gəldim. Öyrənmək maraqlı oldu.

1. Bulyon - fransızca bouillon kimi yazılır. Eyni mənanı daşıyır. Bouillir, yəni qaynamaq sözündəndir. 

2. Kompot - compote sözü fransızca başqa mənanı verir. Fransa kompotu bir desertdir və hazırlamaq üçün meyvə hissələri ədviyyatlar əlavə etməklə şəkər şərbətində bişirilir. Süfrəyə ya soyuq, ya da isti verilir. Rus dilinə bizim bildiyimiz mənada 18-ci əsrdə keçib. Şərqi Avropanın ənənəvi içkisidir. 

3. Kotlet - fransızca côtelette kimi yazılır. Côte, yəni qabırğa sözündəndir. Uşaqlıqdan sevirəm.

4. Karamel - caramel ispan dilindən fransız dilinə, sonra da rus dilinə keçib. Yanmış şəkər mənasındadır. 

5. Qarnir - garnir gözəlləşdirmək, bəzəmək, tamamlamaq deməkdir. Yəni əsas yeməyi gözəlləşdirir və bəzəyir. Qarnir adətən kartof, tərəvəzlər və makaron kimi un məmulatlarından olur. 

6. Mayonez - mayonnaise yazılır. Salatlara əlavə etdiyimiz mayonez bir fransız sousudur. Soyuq verilir. Bitki yağı, yumurta sarısı, sirkə və ya limon suyundan hazırlanır. 

7. Marinə - rus dilinə fransız mariner felindən keçib. Mənası suya salmaq deməkdir. İtalyan dilindən fransızcaya keçib. İtalyanca sözün kökü isə "mare",  yəni dənizdir. 

8. Vanil - fransızcaya ispan dilindən keçib. "Vaina" sözündəndir. Lobyaların yerləşdiyi uzunsov bitki hissəsi - paxla deməkdir. 

9. Salat - fransızcaya italyan dilindən keçib. Salata, yəni duzlu deməkdir. Salare - duzlamaq felindən düzəlib. 

10. Tomat - tomate sözü fransızcaya ispan dilindən keçib. Pomidor deməkdir. 

11. Jelatin - gélatine latınca gelare - dondurmaq felindəndir. Bu fel fransız dilində geler-dir. 

12. Jele -  fransızca gelée şaxta deməkdir və geler - dondurmaq felindəndir. İngiliscə jelly sözü də buradan gəlir. 

13. Marqarin -margarine onu kəşf edən fransız kimyaçısının neologizmidir. Sözün kökü marqarin turşusundan götürülüb. 

14. Krem - crème sözü fransızca qaymaq deməkdir. Digər mənaları da buradan gəlib. Crémer, yəni "oturmaq" (süd üçün) felindəndir. 

15. Rafinə - rafinə etmək raffiner felindəndir. Mənası saflaşdırmaq, təmizləmək deməkdir. Bu söz qənd, yağ, duz və başqa ərzaqlar haqqında işlədilir. 

16. Rulet - fransızca gâteau roulé, yəni yayılıb-yumaqlanmış tort deməkdir. Frasızca buna bəzən roulade də deyilir. Amma roulade daha çox mətbəximizə keçməmiş ət ruletinə deyilir. İngiliscə tort ruletə İsveçrə ilə əlaqəsi olmasa da Swiss roll deyilir. 

17. Sosiska - fransızca saucisse sözündəndir. Latınca salsa, duzlu sözündən yaranıb. Fransızca saucisse yalnız bizim tanıdığım sosiska deyil, həm də bütün kolbasa məmulatları deməkdir. İngiliscə tərcüməsi sausage də eyni mənanı verir. Sausage sözü də saucisse sözündən yaranıb

18. Sous - sauce fransızcaya latın dilindən salsa, yəni duzlu sözündən gəlib. Azərbaycanda bəzi yerlərdə bu söz başqa mənada işlənsə də sous öz-özlüyündə yeyilmir və başqa yeməklərə əlavə kimi istifadə olunur. Misal üçün beşamel sousu. 

19. Biskvit - biscuit sözü fransızcaya latıncadan gəlib. Bu söz bis - iki,  coctus - bişmiş sözlərinin birləşməsindən yaranıb. İki dəfə bişmiş deməkdir. Fransızca və ingiliscə peçenyelərə, quru çörək və suxarilərə deyilir. Rusca və azərbaycanca bu məna itirilib və tort biskvitinə deyilir. İngiliscə həmin biskvit tortuna isə sponge cake deyilir.  

20. Qrilyaj - fransız deserti grillage-dan götürülüb. Griller, yəni qızartmaq sözündən yaranıb. Qrilyajlı konfetlərin içindəki qoz-fındıq da qızardılır. Qrill sözü də buradan gəlir. 
Azərbaycan dilində mətbəxə aid başqa fransız sözlərindən də istifadə edirik. Misal üçün  serviz, şampinyon, omlet, kornişon, langet, file, vineqret və s. Bu söxləri siyahıya daxil etməməyimin səbəbi fransız mənşəli olduqlarının aydın olduğunu düşündüyüm üçündür. 

0 comments:

Post a Comment