Şokoladın ekzotik səyahəti

Bölmələr: // Şərh yaz
Yəqin şokoladın Avropaya necə düşməsini bilirsiniz. 16-cı əsrdə ispan konkistadorları Cənubi Amerikadan qayıtqdıqda özləri ilə bu qeyri-adi bitkini gətirirlər. Şokolad Amerikada olduğu kimi məhz içki kimi tanınır. Avropalılar isə artıq şəkər əldə etməyi bildiklərindən şokolada şəkər qatırlar və dadını yaxşılaşdırırlar. Üstəlik bəzi yerlərdə darçın və vanil də əlavə edirlər.

19-cu əsrə qədər şokolad kofe kimi maye şəklində və isti içilir. Şokolad içkisi 16-ci əsrdə İspan krallığının saray əhli arasında populyarlaşır. Tezliklə aristokratlar da bu içki ilə maraqlanır. Yuxarı təbəqələrin sevimlisinə çevrilir və yavaş-yavaş Avropaya yayılır. İlkin dövrdə şokolad var-dövlət və cah-cəlal göstəricisi sayılmağa başlayır.

Avropada hər bir ölkənin şokolad tarixi var. Misal üçün Belçikada şokolad həmin dövrdə ölkə ispan idarəsi altında olduğundan tez yayılıb. Niderlandın paytaxtı Amsterdam kakao körfəzi kimi tanınıb. İngiltərəyə şokolad Fransadan gəlib. Fransaya isə şokolad əvvəlcə XIII Lui-nin həyat yoldaşı İspaniyalı Anna (1601-1666) tərəfindən gətirilib. Daha sonra isə XIV Lui-nin həyat yoldaşı İspaniyalı Mariya Tereza (1638-1683) tərəfindən sarayda populyarlaşdırılıb. Növbəti, 18-ci əsrdə isə Fransada şokolad dəbə minib. Aşağıdakı rəsmdə də hersoq ailəsinin şokoladla rəsmi onların və şokoladın yüksək statusunu göstərir. 

Jean-Baptiste Charpentier, 1768, La Tasse de Chocolat - Şokolad fincanı, Hersoq Penthièvre-in ailəsi, Fransa 
İlkin dövrdə kakao hələ ispanların monopoliyası idi. İtaliyalı Karletti ata və oğul şokoladla tanış olduqdan sonra 1606-cı ildə Cənubi Amerikadan birbaşa İtaliyaya kakao import edirlər. Şokolad yayılaraq İtaliyadan Almaniya, Avstriya və İsveçrəyə də keçir. Amma hələ də aristokratların içkisi olur. Aristokratların banketlərdə qonaqlara şokolad verməyi prestiji nümayiş etdirir. Səhər yeməyinə şokolad içmək də bir cür prestij idi.

Pietro Longhi, 1775-1780, La cioccolata del mattino - Səhər şokoladı, İtaliya
Yuxarıdakı rəsmdə də göründüyü kimi şokoladı süfrəyə vermək və süzmək üçün xüsusi çaydana bənzər uzunsov qablar var idi. Şokolad yavaş-yavaş həyatın bütün sferalarına daxil olurdu. Apteklərdə şokolad dərman kimi satılırdı. Təəccüblü deyil ki, Avropanın bəzi ölkələrindəki şokolad kompaniyalarının əsasını məhz əczaçılar qoyub. Rəssamlar öz əsərlərinə şokolad elementi əlavə  etməyə başlamışdılar.

Naməlum,  1600-1699,  Şokoladla vanna qəbul edən qadın
Qərbi avropalıların dünyanın bir çox yerlərini kolonizə etməsi kakao bitkisinin yayılmasına şərait yaradıb. Tezliklə kakao kolonizə olunmuş Afrikada geniş sahələrdə əkilib. Bugün də Afrika dünyanın şokolad və kakao tələbatını ödəyir. Qərbi avropalılar kolonizə etdikləri torpaqlar uğrunda da bir-biri ilə daim mübarizədə olublar. Misal üçün Yamaika kakaonu 1650-ci ildə eksport etməyə başlayıb. İngiltərə Yamaikanı 1655-ci ildə ispanların əlindən alıb. Londonda ilk şokolad evi isə 1657-ci ildə açılıb. 

19-cu əsrin əvvələrində holland Konrad Van Houtenin press maşınını yaratması şokolad istehsalını asanlaşdırıb və beləcə yeni "bərk" şokolad erası başlayıb. Bir qədər sonra isə şokolada quru süd, maye süd və ya qatılaşdırılmış süd əlavə etməklə bərk, südlü şokolad kəşf olunub. Bununla da şokolad istehsalı genişlənib. İsveçrə və Belçika şokoladları məşhurlaşıb. Elə bu dövrdə də yeni şokolad reseptləri, tortlar, misal üçün Zaxer tortu, və desertlər yaranmağa başlayıb. 

Azərbaycana şokoladın necə gəldiyini bilmirəm. Bu haqda heç bir məlumat yoxdur. Çox güman ki, şokolad Azərbaycana tsar imperiyası dövründə 19-cu əsrin əvvəllərində və ya ortalarında Rusiyadan gəlib. Aşağı təbəqələr üçün baha ola biləcəyindən yəqin ki, yalnız milyonçuların yeməyi olub. Sonralar isə Sovetlər daha geniş şəkildə şokolad istehsal edib. 

0 comments:

Post a Comment