Qonaqları əyləndirmək və banket mədəniyyəti

Bölmələr: // 4 comments
Stephan Sedlacek, Musikalische Unterhaltung - Musiqili əyləncə. Foto artnet.com
Qonaqları əyləndirmək bir mədəniyyətdir. Bu mədəniyyət çox qədim dövrlərdən mövcuddur. Bir zamanlar aristokratların və zadəganların mədəniyyəti olsa da sonradan aşağı təbəqələrə də yayılıb. Hələ Qədim Misir və Yunanıstanda qonaqları əyləndirmək önəmli bir iş idi. Daha sonra Qədim Romada bu mədəniyyət daha da təkmilləşmişdi.

Nədir axı bu qonaqları əyləndirmək mədəniyyəti? Qonaqları əyləndirmək bizdə olan "qonaqlarla oturmaq" deyil. Təbii ki, yas məclislərində qonaqlarla oturmaq başqadır. Bizim adətimizdir. Amma şənliklərdə qonaqları əyləndirmək əvəzinə qonaqlarla oturmaq qonaq əyləndirmə mədəniyyətimizin olmadığını göstərir. Bugün yalnız toylarımızda qonaqları əyləndirmək mədəniyyəti var (musiqi və başqa proqram). Amma başqa şənliklərdə bu daha çox "şənliyi yola verməyə" və "qonaqları yedizdirməyə" bənzəyir. 

Qonaqları əyləndirmək onlar üçün maraqlı olan əyləncə növlərinin menü kimi sıralanaraq təqdim olunması və qonaqların xoş vaxt keçirməsi üçündür. Misal üçün yəqin ki, bir çox aristokratların və ya zadəganların nahar partisi, reseption, banket, konsert, ball və maskarad verməsi haqqında ya oxumuş, ya eşitmiş, ya da filmlərdə görmüşsünüz. Bu tədbirlərdə qonaqların musiqi instrumentlərində ifadəsi, canlı musiqi, kart və ya başqa stolüstü oyunlar, şeir demək, tamaşa, rəqslər və başqa əyləncə yollarından istifadə olunur/b. Nə vaxtsa qohum-qonşuların hər hansı bir tədbirlə (toy, nişan və s.) əlaqədar olmayan, yəni bir səbəbsiz banket verdiyini görmüsünüzmü? Mən görməmişəm. 

Haqqında danışdığım mədəniyyət daha çox Qərb mədəniyyətidir. Yox, bu o demək deyil ki, Şərqdə qonaqları əyləndirmək mədəniyyəti olmayıb. Təbii ki, olub. Misal üçün İran şahı II Abbas (1632-1666) qonaqlarını qəbul etmək üçün Çəhəl Sütun adlı böyük bir saray pavilyonu tikdirib. Çəhəl Sütun qırx sütun deməkdir. Adı pavilyonun girişini üzərində saxlayan iyirmi sütundan götürülüb. Sütunlar pavilyonun qarşısında olan hovuzun suyunda əks olunduğundan qırx sütün kimi görünür.

Bu pavilyon çox gözəldir. Parkın ortasında tikilib. Divar-tavanları isə müxtəlif rəssamlıq əsərlərilə bəzədilib. Aşağıdakı iki şəkil Çəhəl Sütunun divar-tavanlarında əks olunan əsərlərin şəkilləridir. Şah Təhmasibin müasir dildə desək "reseption"-ına fikir verin.

Şah I Təhmasib 1543-cü ildə Persiyaya (İran) qaçan Moğol imperaturu Hümayunu qəbul edərkən. Foto Məhəmməd Mehdi Kərim
Yaxud da Şah Təhmasibdən bir əsr sonra ulu nəvəsi II Şah Abbasın qonaqlığı:

II Şah Abbas 1640-ci ildə Türküstan Əmiri Nadir Məhəmməd Xan üçün qonaqlıq verir. Foto Soroş Tavakoli
Yuxarıdakıların dövrünə uyğun Osmanlı süfrələrinə və banketlərinə baxaq:

Osmanlı Generalı Lala Mustafa Paşa yeniçərilər üçün banket verir, 1578. Foto muslimheritage.com
Daha sonrakı dövrlərdə Osmanlıların süfrələri:

Sultan III Ahmed (1673 - 1736) və dövlət vəzifəliləri. Foto muslimheritage.com
Şərq dedikdə yalnız Osmanlı və İranı nəzərdə tutmaq olmaz. Gəlin Ərəb Xilafətinə baxaq:

Toy şənliyi, Maqamat Al-Hariri, 1225-1235-ci illər, Ərəb Xilafəti
Toy şənliyi, Maqamat Al-Hariri, 1237-ci il, İraq, Ərəb Xilafəti
İndi isə uyğun dövrün Qərb ölkələrinə aid qonaqlıq və şənliklərinə baxaq:

Anqlo-sakson (İngiltərə) kralı Etirafçı Edvard (1003/1005 - 1066), Domesday Book, 1241-ci il. Foto nationalarchives.gov.uk

Fransa kralı V Charles-ın banketində Xaç yürüşü tamaşası. 1375-1380-ci illər. Foto blogs.getty.edu
İngiltərə kralı II Richard-ın (1367-1400) banketi, 1460-1500-ci illərdə çəkilib. Foto British Library
Yuxarıdakı Qərb və Şərq rəsmlərinin fərqi nədədir? Mənim üçün əsas fərq şərqlilərin yerdə oturmasındadır. Doğrudan da lap qədimlərdən Şərqdə yerdə oturmağa üstünlük veriblər. Bir də əsas fərqlərdən biri qadınların məclisdə yalnız rəqqasə kimi olmasıdır. Qərbdə isə bu rəsmlərdən görünməsə də qadınlar və kişilər eyni məclisdə oturublar. Misal üçüm bu rəsmdə qadınlar və kişilər eyni məclisdədirlər:

Toy Banketi, 1483-cü il, Sandro Bottiçelli. 
Yemək özəlliklərinə gələndə isə ən böyük fərqlərdən biri yemək alətlərindən istifadədir. Qərbdə Orta Əsrlərdə bıçaqdan istifadə ediblər. Qonaqlığa gələndə hər kəs özü ilə bıçaq gətirib və yeməkdən kəsərək qabından bıçaqla yeyib. Sonralar isə başqa yemək alətləri də kəşf olunub. Şərqdə isə çox vaxt əllə eyni qabdan yeyilib. Sonralar yemək alətləri Qərb ölkələrindən götürülübsə də bir çox Şərq ölkələrində hələ də əllə yeyilir.  

Bütün bunlara görə "ərəblərin Avropanı adam etdiyini" düşünənlər əslində çox yanılırlar. Qədim Yunan və Roma mədəniyyətləri haqqında bilməsələr də toy-bayram, şənlik və yemək adətlərinə görə bilməlidirlər ki, Qərb və Şərq mədəniyyəti iki tamamilə fərqli mədəniyyətlərdir. 

Qonaqların əyləndirilməsi isə hər iki mədəniyyətlərdə oxşardır. Misal üçün şəkillərdə musiqi alətlərini və rəqsləri görmək olur. Bəs mən niyə qonaqları əyləndirməyə Qərb mədəniyyəti deyirəm? Çünki, qonaqları əyləndirmək mədəniyyəti tanıdığımız formada Qərb qonaqlıq və şənliklərində mövcuddur. Qonaqlar dəvət olunduqda ev sahibləri - xanım və kişi qonaqları bir yerdə əyləndirirlər. Əyləndirmə proqramını da bir yerdə hazırlayırlar. Şərqdə isə belə deyil. Qadın və kişi məclisləri ayrıca hazırlanır və çox vaxt sadəcə "oturmaq" və "söz-söhbətdən" ibarət olur. 

Yeməklərə gəldikdə isə qonaqları ağır yeməklərlə və oturaraq yedirtmək mütləq deyil. Qonaqlar çoxdursa yeməkləri bufe (fransızca buffet), yəni rusların isveç stolu dediyi şəkildə vermək olar. Xəbər vermədən gələn qonaqlara isə fransızların hors-d’œuvre dediyi yeməkləri (qəlyanaltı) vermək olar. Misal üçün brusketta (italyan) və kanapelər (fransız) belə yeməklərdəndir.

4 comments: Leave Your Comments

  1. Bawa duwmurem qonagi biz niye eylendirmeliyik

    ReplyDelete
    Replies
    1. Elnarə xanım, qonaqları əyləndirmək keçmişdə (elə indi də) aristokratlar üçün yüksək zövqün və mədəniyyətin nümayişi idi. Onlar üçün yüksək zövqlü və yüksək mədəniyyətli tanınmaq çox önəmli idi. Çünki, hər kəs sonra olduqları banket və qonaqlıq haqqında danışacaqdı. Ona görə də qonaqlarına qarşı lütfkar, nəzakətli, əliaçıq və qalant olmalı və onları şahanə şəkildə əyləndirməli idilər. Bu həm də hamının xoş və şən vaxt keçirməsi ilə nəticələnirdi. Qonaqları əyləndirmək sizi çox əyləndirə və vaxtınızı yüksək səviyyədə keçirməyə kömək edə bilər.

      Delete
  2. bir de serqliylerde big-saqqal coxdu :)

    ReplyDelete