Nəfis Belçika şokoladı

Bölmələr: // Şərh yaz
Guylian kompaniyasının şokoladı, Guylian kompaniyası 1960-ci ildə Belçikanın Sint-Niklaas şəhərində əsası qoyulub. Dəniz balıqqulağıları formasında pralinləri ilə məşhurdur.  
Belçikalı dostlarımız qonaq gələndə belçika şokoladı gətirmişdi. Bacardığım qədər yedim və bu haqda yazmaq qərarına gəldim. İsveçrə şokoladı ilə rəqabətdə olsa da Belçika şokoladı dünyada ən çox tanınan və satılan şokoladlardandır.

17-ci əsrdə indi tanıdığımız Belçika ispanların idarəsi altında idi. Bu dövrdə İspan idarəsinin başqa yerlərində olduğu kimi belçikalılar da ilk dəfə şokolad içkisi içirlər. Şokolad hələ bizim tanıdığımız formada deyildi. 

19-ci əsrin birinci yarısında isə şokoladı pressləməyi və ondan bərk formalar almağı öyrənirlər. Beləcə şokoladdan tabletlər və fiqurlar hazırlayırlar. Bu dövrdə Belçikada şokolad hazırlayıb satan yerlər - chocolatier açılır ki, sonradan bir çoxu bugün də mövcud olan böyük şokolad kompaniyalarına çevrilirlər. 

19-cu əsrdin ikinci yarısında Belçika Konqonu (Afrika) kolonizə edir və ölkənin geniş kakao plantasiyalarına sahib olur. Beləcə Belçikada şokolad daha da geniş yer alır və Belçika şokoladı məşhurlaşır. Məhz bu dövrdə şokoladın tərkibini requlyasiya edən qanunlar yaranır. Çünki, bildiyimiz kimi  şokoladın tərkibindəki kakao yağlarını daha ucuz və keyfiyyətsiz yağlara dəyişmək mümkündür. Belçika şokoladının tərkibi isə 100%-lik kakao yağıdır. 

20-ci əsrin birinci yarısında Belçika bugün də qürur duyduğu şokolad kəşflərini edir. 1912-ci ildə pralin, içi yumşaq substansiya ilə doldurulmuş şokolad kəşf olunur. Daha sonra ilk ballotin, pralinlərin qoyulduğu qutu icad edilir. Hətta şokolad batonlarını və yaxmaq üçün şokolad yağını da belçikalıların kəşf etdiyini deyirlər. 

Bugün isə şokolad istehsalı Belçika iqtisaydiyatının əsas sənayelərindən biridir. Belçika şokoladı turistlərin aldığı və qonaqların gətirdiyi sovqatlardandır. Deyilənə görə dünyanın ən böyük şokolad zavodu Belçikanın Wieze şəhərciyində yerləşir (yeri gəlmişkən imkanınız olsa Roald Dahl-ın Çarli və Şokolad Zavodu əsərini oxuyun). Bundan başqa dünyanın ilk şokolad akademiyasının Wieze-də açıldığı deyilir.  

Belçikaya getsəniz şokolad yeməkdən başqa Brüsseldəki təp-təzə Şokolad Kəndinə və ya Kakao və Şokolad Muzeyinə də baş çəkin. Brüsseldə alınmasa Şokolad Muzeyinə Brüjdə də baş çəkə bilərsiniz. Narazı qalmazsınız. 

0 comments:

Post a Comment