İçkilərin təsnifatı

Bölmələr: // Şərh yaz

İntensiv dietaya başladıqdan sonra içkilərə xüsusi qiymət verməyə başladım. Çünki, acdığım vaxt sidrlə qarışdırılmış meyvə kompotu və ya hər hansı başqa maraqlı qarışıq içirdim. İçkilərin necə əhəmiyyətli və ləzzətli ola biləcəyini anladım. Buna görə də özüm üçün "grand" (böyük) bir içki təsnifatı hazırlamaq qərarına gəldim. İnternetdə bir sıra qrafikləri gördüm. Bu təsnifatın hazırlanmasında mənə çox köməkləri dəydi.

İçkiləri öz istifadəmə uyğun olaraq spirtli və spirtsiz içkilər qrupuna böldüm. Spirtli içkilər tərkibində insanların psixi, mənəvi və fiziki fəaliyyətinə təsir göstərən etanol olan içkilərə deyilir. İstifadəsinə görə spirtli içkilər üç böyük qrupa bölünür: çaxır, pivə və ağır spirtli içkilər (ingiliscə spirits). Mənsə onları hazırlanma üsuluna görə təsnif etdim. Aşağıdakı qrafik alındı:

İçkilərin təsnifatı
Sidrin qarşısına alma yazsam da sidr bir çox meyvələrdən hazırlana bilir. Lakin ənənəvi olaraq və daha çox almadan hazırlanır. Armuddan hazırlananda buna perri və ya puare deyilir. Ekspertlər armuddan hazırlanan sidrə sidr deməkdən imtina edərək perri deyilməsinə israr edirlər.

Yuxarıdakı likör likyorla qarışdırılmamalıdır. Likör meyvə, otlar, ədviyyatlar, güllər və ya qoz-fındıqlarla dadlandırılmış və şirinləşdirilmiş ağır spirtli içkidir. Likyor isə fermentasiyadan sonra distillə olunaraq alınmış spirtli içkiyə deyilir.

Yalnız fermentləşdirmə ilə ancaq çaxır, pivə və sidr kimi aşağı faizli spirtli içkilər hazırlamaq mümkündür. Çünki, fermentləşdirmə üçün istifadə olunan maya göbələklərinin çoxu haradasa 18%-dən sonra spirtin təsirindən ölür. Ona görə də təxminən 18% belə içkilərin spirtliliyinin praktiki limitidir. Daha yüksək faizli çaxırlara gücləndirilmiş çaxırlar deyilir.

Gücləndirilmiş çaxırlar qrupunun içkilərini hazırlamaq üçün çaxıra distillə olunmuş ağır spirtli içki, adətən brendi əlavə edirlər. Misal üçün Port, Şerri və Vermouz gücləndirilmiş çaxır növləridir. Çaxırın fermentləşməsi və yaşlanma prosesi pivəyə nisbətən uzun çəkir. Çaxır başqa meyvələrdən (gavalı, albalı və s.) hazırlandıqda buna meyvə çaxırı deyilir. Çaxır, viski və pivə kimi populyar içkilərin rənginə, yaşına, dadına, ətrinə və s. görə xeyli klassifikasiyası var (çaxıra başqa səhifədə ayrıca yer verməyi düşünürəm).

Spirtli içkilər həm də yeməkdən əvvəl və sonra qəbul edilməsinə görə klassifikasiya edilir. Yeməkdən əvvəl içilənlərə aperitivlər, yəni iştaha artıranlar, yeməkdən sonra içilənlərə isə dicestiv, yəni "həzmə kömək edən"lər deyilir.

Apperitivlər və dicestivlər
Bundan başqa içkiləri isti və soyuq qəbul edilməsinə görə də klassifikasiya etmək olar. Misal üçün Qlintveyn (ingiliscə mulled wine) isti içilən və daha çox qış fəslinə xas olan çaxır növüdür. İsti içilən içkilər arasında isti şokoladı birinci yerə qoyardım. Bir də uşaqlıq sevimlimiz olan limonad və tərxunu həm qazlaşdırılmış, həm də canlandırıcı içkilər qrupuna aid etmək olar. 

Bunları bilmək həm maraqlıdır, həm də lazım olur. Amma unutmaq olmaz ki, Xərçəng üzrə Beynəlxalq Araşdırma Agentliyi spirtli içkiləri birinci qrup (ən ağır) karsinogen, yəni xərçəngtörədən maddələr kimi təsnif edib. Ona görə də spirtli içkilərdən bacardığımız qədər uzaq olmaq yaxşıdır. Ən xeyirli içki isə təbii ki, sudur. 

0 comments:

Post a Comment