Hər gün beşi

Bölmələr: // Şərh yaz
"5 a day" və yaxud azərbaycanca "hər gün beşi" Amerika, Böyük Britaniya və Almaniya kimi ölkələrdə əhalini meyvə və tərəvəz yeməyə həvəsləndirmək üçün aparılan milli kampaniyalardır. Bu kampaniyalara Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2003-cü ildə  dünyanı meyvə-tərəvəz yeməklə sağlam həyat tərzi sürməyə səslədikdən sonra start verilib.

ÜST-ə görə kifayət qədər meyvə-tərəvəz yeməmək dünya üzrə mədə-bağırsaq sistemi xərçəngindən ölümlərin 14% - nin, ürəyin işemik xəstəliyindən ölümlərin 11%-nin və insult ölümlərinin 9%-nin səbəbidir. Dərc olunmuş hesabata görə gündə 400 qram meyvə-tərəvəz (kartof və başqa nişastalı yeraltı köklü bitkilər xaric) yemək ürək xəstəliyi, xərçəng, diabet və şişmanlıq kimi xroniki xəstəliklərin qarşısını alır.

Bu proqramı həyata keçirən ölkələrdə insanların orta ömür uzunluğu Azərbaycandan daha uzundur.  Avropaya səyahət etdikdə küçələrdə nə qədər qoca adamın olduğuna fikir vermisiniz? Belə ölkələrdə satılan meyvə və tərəvəzin üzərində "hər gün beşi" loqosunu da görmək olar. Orta ömür uzunluğu Azərbaycanınkından qat-qat çox olan Yaponiyada gündə 5 porsiya olmaqla 350 qram tərəvəz və 200 qram meyvə yeməyi məsləhət görürlər. 

Ona görə də gəlin yeməyimizə hər gün bacardığımız qədər meyvə-tərəvəz əlavə edək. Menyunu belə qurmaq olar:

1. Səhər yeməyini yoqurtla bitirin və yoqurtun içinə doğranmış meyvə atın. 
2. Tələsik bir qayğanaq bişirsəniz çalışın içinə göbələk və ya pomidor atın. Yaxşı bişməsə də olar. 
3. Evdə şirəsıxan maşın və ya blender varsa meyvə-tərəvəzdən içki düzəldin və için (şəkərsiz).
4. Əgər günorta yeməyinə ətli və ya toyuqlu sendviç (və ya dönər) yeyirsinizsə içinə bacardığınız qədər meyvə-tərəvəz qoyun. Misal üçün doğranmış pomidor, xiyar və ya sürtgəcdən keçirilmiş kök.
5. Yemək yeyirsinizsə tərəvəz salatı ilə birlikdə yeyin. Bu adi pomidor və xiyar salatı olsa belə. 
6. Salatlara, şorbalara və başqa yeməklərə bacardığınız qədər lobya, mərci və noxud növlərindən əlavə edin. 
7. Qoz-fındıq və ya hər hansı bitki toxumlarından yeyin. Qoz-fındıq bahadırsa, küncüt, günəbaxan və balqabaq tumları yeyə bilərsiniz. 

Unutmayın ki, gündə cəmi 400 qram meyvə-tərəvəzlə daha sağlam ola və ömrünüzü uzada bilərsiniz

0 comments:

Post a Comment