Cəzbedici və ləzzətli kofe

Bölmələr: // 1 comment

Tanıdığım azərbaycanlıların nə vaxtsa qəhvə sözünü işlətdiyi yadıma gəlmir. Hamı bir ucdan kofe deyir. Amma qəhvə kofe sözünün ərəb dilindən gələn original variantına - "qahva"ya daha uyğundur. Mən də normalda işlətdiyim kimi kofe deyəcəyəm. Kofeni sevirəm. İsti şokoladdan sonra ikinci sevimli içkimdir. Uşaqlıqda uşaqlar üçün Qaliç kofesi var idi. Onu sevə-sevə içərdim. İndi isə iş gününə başlamaq, stimullaşdırıcı kimi və yuxudan tamamilə ayılmaq üçün əla vasitədir. 

Kofe içkisi kofea bitkisinin qovrulmuş toxumlarından dəmlənir. Bu toxumlar kofe lobyaları adlanır. Vətəni tropik və cənubi Afrika və tropik Asiyadır. Ən çox kofe becərən ölkə isə Cənubi Amerika ölkəsi Braziliyadır. Bitkinin özünəməxsusluğu ondadır ki, müxtəlif səviyyədə yetişmiş və hələ çiçək fazasında olan toxumları eyni vaxtda bitkidə görmək olar. 

Kofeanın tərkibindəki kafein bitkinin təbii müdafiə vasitəsidir. Çünki, kafein bir çox bitkiyeyən heyvanlar və həşəratlar üçün toksikdir. Ona görə də kafeinli içkiləri də şokolad kimi itlərdən və pişiklərdən uzaq tutmaq lazımdır. İnsanlara isə stimullaşdırıcı təsir göstərir. Aludəçilik yarada bilir. Bitkinin yarpaqlarında da kafein var. Bu yarpaqlardan çay hazırlamaq olar. Lakin, kofe bazarında istifadə olunmur. 

Kofea bitkisinin 80-dən çox növü var. Bunlardan ikisi daha çox yayılıb: Arabika Kofesi və Kofe Kanefora (Robusta). Arabika daha qədimdir. Ətri gözəldir. Acılığı və kafeini daha azdır. Adı da ərəblərlə və onların ilk kofe becərənlər olması ilə əlaqədardır. Dünya bazarında olan kofenin 75-80%-i kofe arabikadır. Robustanın kafeini arabikadan iki dəfə çoxdur. Ətri daha azdır. Amma xəstəliklərə və istiyə qarşı daha davamlıdır. 

Qovrulmamış vəziyyətdə kofe lobyaları yaşıl olur. Kofe adətən qovrulmuş şəkildə satılır. Kofe lobyaları qovrulduqda tərkibindəki mayeni itirir və yüngülləşir. Həcmi isə çoxalır. Bundan başqa karamelizasiya baş verir və kofenin rəngi dəyişir. Öyrəşdiyimiz qəhvəyi rəng alır. Lobyaları yaşıl alıb evdə də qovurmaq olar. İstehsalatda isə qovrulduqdan sonra kofenin rəngi uyğun olaraq qiymətləndirilir (açıq rəngli, orta açıq, orta, orta tünd, tünd, lap tünd).

Qovrulmamış (yaşıl) və qovrulmuş kofe
Heç kafeinsizləşdirilmiş kofe içmisiniz? Dekafeinləşmə də yaşıl lobyalarla aparılır. Bunun üçün yaşıl lobyalar əvvəlcə ya isti suda isladılır, ya da buxara verilir. Sonra isə həlledici məhlullarla kafeini çıxarılır. Ayrılmış kafein də başqa sənayelərdə istifadə olunur. 

Əgər kofe həvəskarısınızsa kofe evlərində yəqin ki, filter kofeləri görmüsünüz. Filter kofe filterə yerləşdirilmiş üyüdülmüş (qovrulmuş) kofe lobyalarının üzərindən su axıtmaqla hazırlanır. Bu zaman açıq rəngli və ya az qovrulmuş kofedən istifadə olunur. Tünd qovrulmuş kofe isə espresso üçün istifadə olunur. Çünki, espresso maşını kofedən daha çox həll olmamış hissəciklər çıxarır və daha açıq rəngli və az qovrulmuş kofe ilə espressonun turşuluğu çoxalır. 

Kofenin içilmə mədəniyyəti isə ölkədən ölkəyə fərqlənir. Bir çox ölkələrdə səhər yeməyi ilə, digərlərində günorta yeməyinin sonunda içilir. Azərbaycanda kofe mədəniyyəti o qədər inkişaf etməyib. Kofe breyklərdən çox vaxt çay içmək üçün istifadə olunur. Qonşu Türkiyədə isə kofe içmək mədəniyyəti hələ Osmanlı İmperiyası dövründə formalaşıb. Bu mədəniyyət Osmanlı idarəsi altında olan ölkələrdə bugün də qalmaqdadır. Bu ölkələrdə belə kofeyə türk qəhvəsi deyirlər. 

Türk qəhvəsi qovrulmuş və yaxşıca üyüdülmüş arabika kofe lobyalarının su ilə (və şəkərlə) cezve adlı xüsusi qabda qaynadılması ilə alınır. Sonra kiçik fincanlarda süfrəyə verilir. İçməzdən əvvəl kofe hissəciklərinin çökməsi üçün bir az gözləmək lazımdır. Kofe ilə verilən su isə adətən düşünüldüyü kimi kofenin sonunda yox, əvvəlində içilməlidir. 

Cezve, fincan və su stəkanı
Ümumiyyətlə, kofe unikal bir dada malikdir. Ləzzəti və effekti əvəzolunmazdır. Əgər kofe sevirsinizsə Qərb ölkələrindəki kofe festivallarına baş çəkin. Narazı qalmazsınız. Növbəti festival 15-17 Mayda Amsterdamda olacaq.

1 comment: Leave Your Comments