Pizza Azerbaijana Melagrana

Bölmələr: // Şərh yaz

Fransızlar şirniyyatda bir nömrə olduqları kimi italyanlar da xəmir xörəklərində birinci yerdədirlər. Pizzadan tutmuş spagettiyə kimi dünyaya tanınmış və sevilən yeməklər bəxş ediblər. Pizzanı çox sevirəm. Ananaslı, toyuqlu, göbələkli və qarğıdalılı dördü birində pizza çox dadlı olur. Beləcə pizza haqqında daha çox öyrənmək qərarına gəldim.

İlk öncə onu deyim ki, pizza üstünə tomat və pendir vurulmuş "çörək"dir. Yəni çörək kimi nəzərdə tutulub. Müasir pizza İtaliyanın Neapol şəhərində kəşf olunub. Buna görə Neapolitan pizzaları (Pizza Napoletana) orijinal pizza hesab olunur. Orijinal pizzalarda yalnız mozzarella pendirindən istifadə olunub. Ümumiyyətlə, müasir italyan pizzaları hazırlandığı formaya görə üç cür olur:
  • pizza tonda - yumru pizza (öyrəşdiyimiz yumru pizza)
  • pizza al taglio - kəsilmiş pizza (pizza böyük yumru və ya dördbucaq laylar şəklində bişirilir, kiloqramla satılır)
  • pizza alla pala - uzun pizza (uzadılmış kənarları kəsik dördbucağa bənzər)
Neapolitan pizzasının 2 növü var:

1. Pizza marinara - üstü tomat, sarımsaq, kəklikotu, mozzarella pendiri, zeytun yağı.
2. Pizza Margherita - üstü tomat, reyhan, mozzarella pendiri, zeytun yağı.

İtaliyanın Roma, Sisiliya, Genova və s. kimi coğrafi bölgələrinin özünəməxsus pizza növləri var. Bundan başqa pizza başqa ölkələrdə də evolusiya edib və çoxlu növləri kəşf olunub. Misal üçün pepperoni pizzası amerikalıların pepperoni sosiskasından hazırlanır. Bundan başqa Pizza Hut və Domino's Pizza kimi Amerikanın böyük restoranlar şəbəkəsi və onların françayzları yeni ölkələrə gələndə pizzaları orada insanların yediklərinə adaptasiya edirlər. Beləcə yeni pizza növləri yaranır. Mən də  Azərbaycan pizzası fikirləşmişəm. 

Pizza Azerbaijana:
  • Adi pizza xəmiri
  • Tomat
  • Mozzarella pendiri
  • Qoyun və ya mal əti (istənilən bişmiş formada)
  • Heyva (+ zövqə uyğun əzgil, zoğal, müxtəlif tut növləri)
  • Nar dənəcikləri 
  • Sumax və ya nanə
  • Dədə-baba ağ pendirimiz
  • Zeytun yağı
Bu inqredidentləri dadlarına görə uyğunlaşdırardım və adını da tam olaraq Pizza Azerbaijana Melagrana (italyanca nar) qoyardım. Gərək bir dəfə hazırlayım və dadına baxım... 

0 comments:

Post a Comment