10 Azərbaycan yeməyi

Bölmələr: // Şərh yaz
Əgər Azərbaycan mətbəxindən yalnız 10 yemək seçə bilsəydiniz hansıları seçərdiniz? Mən seçim etməkdə çətinlik çəkməzdim. Azərbaycan mətbəxini sevirəm. Seçimi yalnız bişirə bildiklərimdən yox, bütün yeməklərdən edərdim. Mənim onluğum:



10. Badımcan, Pomidor və Bibər dolması - uşaqlıqdan dadını xoşladığım yeməkdir. Adətən badımcansız bişirirəm. Amma uşaqlıqda bibərin bişəndən sonrakı dadını o qədər də sevməzdim. Xüsusən də qapağı bir az qəribə gələrdi mənə. İki il bundan əvvəl yayda qohumlara bir-bir baş çəkdikdə qohumlar bir-birindən xəbərsiz bizə hər dəfə bu üç dolma yeməyini verirdilər. Amma dadından yorulmurdum. Çünki, hər biri çox dadlı idi.  

9. Sac içi - mənim üçün bu Qurban bayramının özəlliyi idi. Qurban kəsildikdən sonra içalatından hazırlanardı. İçalatı sevməsəm də sevdiyim ət parçalarını tapıb sevə-sevə yeyərdim. Çox dadlı olardı.  Qurban bayramında həyətdə sac qurulmasına həvəslə tamaşa edərdim.  

8. Küftə bozbaş - uşaqlıqda bozbaşı yağlılığına görə o qədər də sevməzdim. Amma indi özüm küftə bozbaş bişirməyi və yağlılığını requlyasiya etməyi öyrənmişəm deyə dadını da çox sevirəm. Bildiyim qədəri ilə müxtəlif bölgələrdə özünəməxsus növləri də var. Noxud yəqin ki, hamısına atılır. Çünki, bozbaşın özəlliyi elə noxudundadır. 

7. Plov - Bayramların gözəlliyi və özəlliyidir. Xaricilərin düyünü yalnız qaynatmaqla bişirdiklərini və dəmə qoymadıqlarını gördükdə heyfislənirəm. Düyü dəmə qoyulduqda daha ləzzətli olur. Altındakı qazmaq isə bir başqa dünyadır. Ümumiyyətlə, mən qazmaqsız plovu plov saymıram. Həm plovun, həm də qazmağın saysız növləri var. Səkkizinci yer mənim üçün bütün qazmaqlı plov növlərinindir. 

6. Kükü - yazın cövhəri. Təzə və təravətli otlardan hazırlanmış kükü çox ləzzətli olur. Həm də tez bişir. Yəqin ki, kükü bişirə bilməyən azərbaycanlı yoxdur. Qəlyanaltı kimi əladır. Misal üçün suşinin yanına romb şəklində kəsilmiş qatıqlı kükü hissələri qoymaq maraqlı və dadlı yemək "fusion"u (birləşməsi) yarada bilər. 

5. Dovğa - dovğaya adətən ingilislərin "side dish" dediyi, yəni stəkanda başqa bir yeməklə içilən yemək kimi baxırdım. Amma bir dəfə yeniyetmə ikən baş çəkdiyim bir uzaq qohum həyətlərində bitən tərəni yığıb günorta yeməyinə çox dadlı bir dovğa hazırladı. Onun dadı hələ də damağımdadır. Məncə dovğaya ayrıca yemək kimi hörmət edilməlidir. Süfrəyə stəkanda verilməməlidir. 

4. Yarpaq dolması - yaxşı bişirməyi bacarmasam da qatıqlı yarpaq dolmasının ləzzəti əvəzolunmazdır. Yarpaqları açmağı və əti bükməyi o qədər də sevməzdim. Uzun-uzadı, yorucu və xırdavat iş kimi gələrdi mənə. Amma yedikdə işin xırdavatlığı unudulardı. Qatıqsız yarpaq dolması isə mənə o qədər də dadlı gəlməzdi. Ona görə də məncə yarpaq dolması olan yerdə mütləq qatıq olmalıdır. 

3. Gürzə - gürzəni başqa yeməklər kimi o qədər də çox yeməmişəm. Amma yediyim bir neçə dəfə kifayət edib ki, ona üçüncü yeri verim. Ümumiyyətlə xəmir yeməklərini sevirəm. Suda bişən və ədviyyat vurulmuş xəmirin özünəməxsus dadı olur. Gürzə isə başdan ayağa ləzzətdir. Bu da qatıq və ya smetanla yeyilsə daha dadlı olur. 

2. Qutab - qutabı sevməmək mümkündürmü? O qədər növləri və variasiyaları var. Ən sevdiklərim göyərti və ət qutabıdır. Nar dənəcikləri olan qutab daha dadlı olur. Nar dənəcikləri olmazsa sumaxla yemək lazımdır. Bir də məncə sacda bişən qutab daha dadlı olur. Uşaqlıqda qarın qutabını sevərdim. Amma indi nə yediyimi daha yaxşı anlayıram deyə belə qutabı yeməyə çətinlik çəkirəm. 

1. Yarpaq xingali - Bura bütün xingalları daxil edərdim. Amma sulu xingali və gürcü xingalini bu xingal qədər sevmirəm. Yarpaq xingalinin özünəməxsus dadı var. Bir də qatıq və qiymə ilə əvəzolunmaz olur. Məncə mətbəximizin ən gözəl, dadlı yeməyidir. Hər kəs gərək ömründə heç olmasa bir dəfə bu yeməkdən yesin. 


0 comments:

Post a Comment