Şu xəmirindən hazırlanan şirniyyatları sevirəm. Çox dadlı və havalı olurlar. Bu xəmirdən təkcə Fransada yox, qonşu Avropa ölkələrində və hətta Cənubi Amerika ölkələrində - çurrosun hazırlanması üçün - istifadə olunur. Ona görə də şu xəmirindən hazırlaya biləcəyim şirniyyatların siyahısını tərtib etməyi düşündüm. Amma tərtib etdiklərimin çoxu Fransaya aiddir. Başqa ölkələrdə adı başqa olan, amma eyni cür hazırlanan desertlər var. Əsası Fransadan gəldiyi üçün onlar bu siyahiya düşməyib.
Şu xəmiri adətən sobada bişirilir. Nəmliyinə görə buxar yaranır ki, bu da xəmir bişirir. İçində boşluq yaranır və bu boşluq sonradan kremlə doldurulur. Benyelər (aşağıda) isə qızardılır.
1. Ekler
Birinci yerdə təbii ki, ekler dayanır. Uşaqlıqdan tanıdığımız bu ləzzətli şirniyyat 19-cu əsrdə Fransada yaradılıb. Əvvəllər adı "balaca hersoqinya" olub. Sonra isə "eclair" yəni "ildırım parıltısına" dəyişdirilib. Çöx sürətlə yeyildiyi üçün belə ad verildiyi deyilir. Şu xəmiri uzunsov "barmaqlar" formasında bişirilir. İçinə axıb tökülməyən kremlərdən doldurulur. Üst tərəfi isə hər hansı bir qlazurla, adətən şokolada batırmaqla örtülür.
2. Profiterol
Bu sözün mövcudluğu 17-ci əsrdən bilinsə də əsl mənası itirilib. Amerikada ona "cream puff" deyirlər. Bütün teksturası eklerin hazırlanması ilə eynidir. Ekler kimi torba ilə perqament kağızı üzərinə sıxılır. Amma "barmaqlar" formasında yox, "balaca yumru toplar" formasında. Sonra içi kremlə doldurulur. Adətən şokolad sousunda təqdim olunur. Eklərdən fərqi də bundadır.
3. Krokembuş
![]() |
bbcgoodfood.com |
Croquembouche və ya croque-en-bouche Fransadandır. Hərfi mənası "ağızda xırtıldayan" deməkdir. Fransa və İtaliyada toylarda və ya baptizm mərasimlərində süfrədə olur. Adı fərqlənsə də bu sadəcə bir "profiterol qülləsidir". Profiterollar konus formasında yığılır. Sonra isə karameldən hazırlanmış saplar ilə bağlanılır. Bunun kəşfini Antuan Karemlə bağlayırlar. Bizdə bir zamanlar toylara konus formasında kəllə qəndlə gedirdilər, Fransa və İtaliyada isə profiterol konusu ilə. Maraqlıdır, deyilmi?
4. Paris-Brest
Bu da bir fransız desertidir. 20-ci əsrin əvvəlində Paris-Brest-Paris velosiped yarışmasının şərəfinə hazırlanıb. Şu xəmiri ortasında dəlik - təkər formasında bişirilir. Horizontal olaraq ortadan kəsilir. Arasına pralin dadlı krem doldurulur. Şu xəmirinin üzərinə bişməzdən öncə badam kəsikləri də qoyulur.
5. Şuketlər
Chouquette - profiterola bənzəyir. Şu xəmirinin balaca yumruları torbadan sıxılır. Üzərinə "mirvari şəkər" tökülür. Bu böyük dənələri olan möhkəm ağ şəkərə deyilir. O odda ərimir. Bu şəkər bəzən şokolad dənəcikləri ilə də əvəz olunur. Bişirildikdən sonra içi bəzən kremlə doldurulur.
6. Müqəddəs Onore tortu
Saint-honore - fransız desertidir və 7-ci əsrdə yaşamış fransız müqəddəsi Onorenin şərəfinə hazırlanıb. Şu xəmirindən yumru tort fundamenti və profiterollar bişirilir. Fundament şibust kremi ilə doldurulur. Sonra profiterollar karamelləşdirilmiş şəkərə batırılır. Fundamentin üzərinə arasında məsafə olmaqla düzülür və şantiy kremi ilə bəzədilir.
7. Benye (ponçik)
Beignet - müxtəlif xəmirlərdən hazırlanır. Şu xəmirindən hazırlanan ponçiklər çox dadlı olur. Özəlliyi ondadır ki, başqa şu xəmiri şirniyyatlarından fərqli olaraq, amma bütün benye növləri kimi yağda qızardılır. Ponçik Fransada yaradılıb. Ölkənin müxtəlif hissələrində müxtəlif variantları var. İngiliscə "fritter", italyanca isə "fritelli" (şabalıd unundan hazırlanır) deyirlər. Amerikanların "donat"ı da (doughnut və ya donut) buna bənzəyir.
8. Pet de nonne
Rahibənin "küləyi" kimi tərcümə olunur. Bu adın tələffüzün eyniliyinə görə sonradan yarandığı və əvvəlcə "paix de nonne" - "rahibənin sülhü" adı olduğu deyilir. Benyenin, yəni ponçikin şərqi Fransaya (eləcə də Belçika və Almaniyaya) məxsus bir növüdür. Yağda qızardılır və üstünə şəkər tozu səpilmiş halda süfrəyə verilir.
9. Religieuse
Rahibə - eklerin bir növüdür. Biri o birindən azca böyük şu xəmirindən hazırlanmış və kremlə doldurulmuş iki fundamentdən ibarətdir. Üstü isə qanaşla bəzədilir. Bir növ rahibəyə bənzəyir. 19-cu əsrdə düzəldildiyi deyilir.
10. Noix charentaise
Şarant qozu Fransanın Şarant bölgəsinə məxsus desertdir. Bir növ profiteroldur. İçi muslin kremi ilə doldurulur. Sonra tamamilə şokolad ilə örtülür. Üzərinə isə qoz parçası qoyulur. Niderlandlıların da buna bənzər 3 profiterol əsaslı deserti var: 1. Moorkop - üzərinə qoz əvəzi şantiy kremi qoyulur. 2. Bossche bol (Bose topu) və ya chocoladebol (şokolad topu). Ölçüsü bir az daha böyük olur. 3. Reuzenbol (qiqant top) əvvəlki ikisindən daha böyük olur. Hər üçü şantiy kremi ilə doldurulur və şokoladla örtülür.
11. Divorcé
Hərfi mənası "boşanmış" deməkdir. Bir növ eklerdir. İki eyni ölçülü şu xəmirindən hazırlanmış hissədən ibarətdir. İçləri biri şokolad, digəri kofe dadlı kremlə doldurulur. Sonra içinə uyğun olaraq biri şokolad, digəri isə kofe dadlı qanaşla örtülür. Ona görə də adı "boşanmış"dır. Amma kremlə bir birinə yapışdırılır.
12. Pont-Neuf tortu
Parisin eyni adlı körpüsünün (mənası "yeni körpü") şərəfinə hazırlanıb. Əsası tartlar kimi fransızca "pâte brisée" və ingiliscə "shortcrust" xəmirdən hazırlanır. İçi isə şu xəmiri ilə doldurulur. Üzərinə "pâte brisée"dən hazırlanmış uzun və nazik xəmir uzantıları yapışdırılır (tort tavadan çıxarılmamış paxlava düzümünə bənzəyir).
13. Gland, salambo və commissaire
Bu adlar oxşar desertlərə verilib. Hamısı da qəribə quruluşuna görə. Gland- palıd qozası, salambo - ayaqqabı növü və commissaire - kommisar deməkdir. Bir növ eklerdir, amma eklerdən daha qalın və balaca olur. Palıd qozasının içi kirşlə (kirş - meyvə brendisi) aromatizə olunmuş kremlə doldurulur. Üstü isə bir ucu şokoladlı və ya başqa tünd rəngli olmaqla palıd qozasına bənzər şəkildə bəzədilir. Digər tərəfi də müxtəlif rənglərlə bəzədilir. Salambonun kremi isə Grand Marnier konyakı ilə aromatizə olunur.
14. Harlequin
Eklerin yarısı boyda olur. İçi karamel kremlə doldurulur. Bir tərəfi şokolad, o biri tərəfi də karamellə örtülür. Arlekinin paltarına bənzəyir.
15. Polka
Şu xəmiri şirin xəmir fundamentin kənarları boyunca halqa şəklində sıxılır. Mərkəzdə dəlik qalır. Birlikdə bişirilir. Sonra mərkəzi kremlə doldurulur. Üzərinə şəkər tozu səpilir.
16. Hanım göbeği
Bir növ türk ponçikidir. Şu xəmirindən hazırlanır. Ortasında dəlik olur. Kiçik donatlara bənzəyir. Yağda qızardılır. Sonra isə şərbətə batırılır.
17. Çurro
Əsasən şu xəmirindən hazırlanan uzun çubuqlardır. Başqa formalarda da ola bilər. Yağda qızardılır. İspaniyada və Cənubi Amerikada populyardır. Müxtəlif şirin souslara batırılıb yeyilir.
18. Sahnering
Almanların şu kremindən hazırladığı desertdir. Sahne - krem, ring - üzük deməkdir. Mərkəzində dəlik olur. Amerikalıların "fransız krullerləri"nə bənzəyir. Original fransız krullerləri də şu kremindən hazırlanır və alman əsilli olduğu düşünülür. Sahnering horizontal kəsilir və içi kremlə doldurulur. Üzərinə müxtəlif qarışıqlar sürtmək olar.
19. Windbeutel
Almandilli ölkələrin desertidir. Profiterola bənzəyir. Amma şokoladla örtülmür. İndoneziyalılar da belə yumruları şokoladla örtmür, içini kastardla (ingilis kremi) ilə doldurur və adına da "kue sus" deyirlər. Həm şirin, həm də qeyri-şirin (savoury) içlə doldurula bilir. Desert kimi adətən albalı və krem şantiy ilə və ya vanilli kremlə doldurulur.
20. Craquelin
Bu şirniyyat aləmində son illərin trendidir. Əvvəlcə şəkər tozu, un, ərinməmiş yağ və hər hansı bir qənnadı rəngi qarışdırılır. Xəmir hazırlanır və bir lay yayılır. Soyuducuya donmağa qoyulur. Donduqdan sonra ondan şu xəmirindən hazırlanacaq yumruların ölçüsündə yumrular kəsilir. Şu xəmiri perqamentin üzərinə sıxıldıqdan sonra üzərinə bu rəngli yumrular qoyulur. Bişirilir. Bişərkən üst qat çartlayır. Fransızca da craquelin çartlayan peçenye deməkdir. İçi kremlə doldurulur.
0 comments:
Post a Comment