Pasta və ya makaron növləri

Bölmələr: // Şərh yaz
Pasta ümumiyyətlə nədir? Əgər pasta sözünü başqa mənada heç vaxt eşitməmisinizsə və sizə Qərb ölkələrində pasta yeməyi təklif etsələr, təəccüblənməyin. Pasta italyanların xəmirdən hazırlanan yeməyidir. Azərbaycanda buna makaron yeməkləri deyilir. Makaron sözü dilimizə rus dilindən keçib. Rus dilinə isə çox güman ki, italyan dilindən keçib. İtalyanca "macaroni" (makaroni) pastanın bir növünə deyilir.



Azərbaycanda qonağa makaron yeməyi verilməsinə o qədər də yaxşı baxılmasa da pasta Qərb ölkələrində məşhurdur və sevilir. Pasta adətən dürüm buğda unundan və ya manna yarmasından hazırlanır və iki cür istifadə olunur: qurudulmuş və təzə şəkildə. Pastanın quruluşuna görə 300-dən çox növü var. Üstəlik eyni formalı pasta İtaliyanın müxtəlif yerlərində başqa cür adlandırıla bilər. 

İtaliya qanunlarına görə satış üçün hazırlanan pasta yalnız undan və sudan hazırlanır və müəyyən turşuluq kriteriyalarına cavab verməlidir. Xəmirə yumurta əlavə edildikdə isə satılan pasta paketinin üzərinə yumurta pastası yazılmalıdır. Bu pasta bir sıra əlavə kriteriyalara da cavab verməlidir. 



İtalyan mətbəxində həm təzə, həm də qurudulmuş pasta aşağıdakı kimi istifadə olunur:
  • Pasta lessa - "qaynadılmış pasta". Pastanın ən çox yayılmış bişirilmə formasıdır. Əgər "pasta asciutta" dan (quru pasta)  istifadə olunubsa bişirildikdən sonra suyu süzülür və sousla süfrəyə verilir. 
  • Pasta in brodo - "bulyonda pasta". Şorba yeməklərində istifadə olunur (əriştə kimi). İçi doldurulmuş da ola bilər (düşbərə kimi). 
  • Pasta al forno - "sobada bişirilmiş pasta". Pasta qaynadılır. Yarımçıq bişirilir, sonra sobada bişirməyə davam edilir (lazanya kimi).  

Charming Italy-nin aşağıdakı infoqrafında pastanın bir çox növü göstərilib və öyrənmək üçün əla vəsaitdir:


Sağ tərəfdə yuxarıdan birinci bizim makaronlara adını verən makaronidir. Bu siyahıdan neçəsini işlətmisiniz və tanıyırsınız? Düşünürəm ki, spagetti və vermişelli Azərbaycanda ən populyardır. Mənim bişirmədə istifadə etdiklərim isə spagetti, lazanya, fusilli və farfalle ilə məhdudlaşır. 

Əgər evdə xingal hazırlayırsınızsa gələn dəfə xəmiri yuxarıdakı formaların birində (uyğun) kəsib maraqlı bir sousla italyansayağı yemək hazırlayıb süfrəyə verə bilərsiniz. Mən məmnuniyyətlə stelline ilə yemək hazırlayardım. Amma xəmirdən normal görünən ulduz kəsə biləcəyimdən əmin deyiləm.

Bundan başqa bizim düşbərə və gürzəyə bənzər, yəni içi doldurulmuş xəmirdən yeməklər hazırlaya bilərsiniz. Food-Republic-in aşağıdakı infoqrafikası italyanların içi doldurulmuş xəmirlərini daha yaxşı başa düşməyə kömək edir:



0 comments:

Post a Comment