Prototürklərin sayları haqqında fərziyyə: əkinçilikdən heyvandarlığa

Bölmələr: // Şərh yaz
Bu günlərdə qədim türklər haqqında düşünürəm. Onların lap qədimlərdə əkinçiliklə məşğul olduğunu, sonralar isə ola bilsin ki, ya torpağın yararsızlığından, ya iqlim şəraitindən, ya da başqa bir iqtisadi və sosial səbəbdən heyvandarlığa və köçəri həyata üstünlük verməyə başladıqları nəticəsinə gəlmişəm. Bu nəticə heç bir elmi araşdırmaya və linquistik və ya tarixi biliyə söykənməyib, tamamilə fərziyyədir. Sadəcə olaraq türk say adlarına (rəqəmlərinə) diqqətlə baxdıqda onlarda bir qanunauyğunluq olduğunu düşünürəm.
Göytürk petroqlifləri (6-8-ci əsrlər). Mənbə 

Say adları bütün türk dillərində oxşardır və əsasən bu sözlərin saitlərində fərqli tələffüzə rast gəlinir. Həmin oxşarlıq və ya eynilik bütün türkdilli xalqların eyni əcdadlardan törəməsinin və qohumluğunun ən bariz nümunəsidir. Dilçilik elmində ən qədim türklərin (yəni prototürklərin) dilinə prototürk dili deyilir. Bu dil linquistik rekonstruksiya vasitəsilə araşdırılır. Aşağıda Wikipedia-dan götürdüyüm proto-türkcə sayların və onların azərbaycanca qarşılığının hansı sözə uyğun olduğunu göstərmişəm. 

  • *bīr - bir – ver, ya da yer
  • *ẹki - iki – ək ("əkmək", yəni yetişdirmək, amma həm də "çörək" və ya "əkilmək üçün" (əkməklik) mənasında) 
  • *üç - üç – ölç (yeri və ya taxılı) 
  • *dȫrt - dörd – dürt (dürtmək, yəni soxuşdurmaq və ya basdırmaq) 
  • *bēĺ(k) - beş - bellə (belləmək, dənələrin torpağa oturması üçün) 
  • *altï - altı – altı (altında və ya aldı, yaxud da oldu - ola bilsin ki, quşların taxılı yeməməsi üçün torpağın üstünün örtülməsi) 
  • *yẹti - yeddi – yedir (yedizdir və ya yetişdir) 
  • *sekiŕ - səkkiz – səkir (səkmək, yəni uçurtmaq və ya sıçratmaq - taxıl dənələrinin ayrılması üçün) 
  • *tokuŕ - doqquz – tögür və ya döyür (döy) 
  • *ōn - on – un (üyüdülmüş buğda) 

Bu sözlərin ardıcıllığına, onların dilimizdə və digər türk dillərindəki alternativlərinə baxaraq prototürklərin saymağı unun əldə edilməsi prosesi ilə uyğunlaşdırdığını və öyrəndiyini düşünürəm. Ola bilsin ki, bu fərziyyə türk dillərinin linquistikasını öyrənən dilçiləri güldürəcək, amma yenə də fikrimcə burada müəyyən qanunauyğunluq var və bu qanunauyğunluğu araşdırmağa dəyər. 

Orta əsrlər türklərinin (14-15-ci əsrlər) həyat tərzinə və yemək mədəniyyətinə baxdıqda isə onların təbii ki, əkinçilik ilə məşğul olmasından əsər-əlamət yoxdur. Məsələn, "Kitabi Dədə Qorqud" əsərində Bayındır xan "atdan ayğır, dəvədən buğra, qoyundan qoç" kəsdirir və toy edir. Qazan xanın "qapulu Dərvənddə" on min qoyunu olduğu deyilir. Qazan xan "tavla-tavla şahbaz atlarından" və "qatar-qatar dəvələrindən" söz açır. Yaxud da igidlər "av avlayır, quş quşlayır" və "qımız" içirlər.

0 comments:

Post a Comment