Ləzzətli səhər yeməyi: yumurta fincanında ilıq yumurta

Bölmələr: // Şərh yaz
Mən ilıq yumurtanı səhər yeməyinə yeməyi xoşlayıram. Belə yumurta çox dadlıdır və üstəlik faydaları da var. Deyilənə görə Fransa kralı XV Lüdoviq ilıq yumurta yeməyi çox sevərmiş və hər bazar günü yeyərmiş. Fransızlar belə yumurtaya "œuf à la coque" və yumurta fincanına isə "coquetier" deyirlər.



Hər şeydən öncə onu deyim ki, yumurtanı ilıq yeməklə salmonelloza tutulmaq olar. Salmonelloz salmonella bakteriyalarına yoluxmaqla baş verir. Diareya, yüksək temperatur, qarın ağrısı və qusma sipmtomlarındandır. İmmuniteti zəif insanlar üçün çox təhlükəlidir. Ona görə də yumurtanın keyfiyyətinə zəmanət yoxdursa və haradan gəldiyini bilmirsinizsə, məsləhətdir ki, onu ilıq yeməyisiniz. Hamilə qadınlar və uşaqlar umiyyətlə yumurtanı ilıq yeməməlidir.

İlıq yumurta haqqında yazmazdan əvvəl onu deyim ki, "ilıq yumurta" və "yumurta qabı" ifadələrini o qədər də sevmirəm. "İlıq" sözünü temperatur anlayışında istifadə etməyə üstünlük verirəm. Az qaynadılmış yumurtaya isə "maye yumurta" və "yarım-bişmiş yumurta" demək olar. Buna baxmayaraq, anlaşılma asanlığı üçün bu yazıda "ilıq yumurta" ifadəsindən istifadə edirəm.

"Yumurta qabı" isə bir qədər soyuducunun yumurta üçün olan yerini və ya yumurtanın satıldığı kartonları xatırladır. Məncə "yumurta qabına" "yumurta fincanı" demək daha gözəl səslənir. Həm də bu ifadə belə qabları başqa qablardan fərləndirir.

Gottfried von Wedig (1583-1641), Alman rəssamı, Şamlı natürmort, 1610-20-ci illər, Mənbə: Link
400 il keçməsinə baxmayaraq ilıq yumurta yemək mədəniyyəti o qədər də dəyişməyib.

Yumurtanı qaynatmaq üçün qaba/qulplu kiçik qazana qoyuram. Çaydan qaynadıqdan sonra qaynayan suyu yumurtanın üzərinə əlavə edirəm. Sonra qabı az/orta odun üzərində 9 dəqiqə saxlayıram. Bu zaman su daha öncə qaynamasına baxmayaraq daha qaynamır (kiçik qazanın qızması və odun az olmasına görə).

9 dəqiqə tamam olan kimi yumurtanı sudan çıxarıb yumurta fincanına qoyuram. Çəngəl və ya qaşıqla üst qabığını dərhal sındırıram. Sonra da yumurtaya duz və istiot vururam. Əvvəlcədən tost etdiyim çörəyin hissələrini yarım-maye yumurtaya batıraraq yeyirəm.
 
Ola bilsin ki, sizin əldə etdiyiniz yumurtaların qabığı daha nazikdir və ya daha qalındır. Yaxud da siz nisbətən duru və ya çox maye ilıq yumurtanı sevirsiniz. O zaman 9 dəqiqə sizin üçün çox və ya az ola bilər. Amma mənim üçün bu optimal zamandır və mən ilıq yumurtanı məhz belə sevirəm.

Sonda onu deyim ki, ilıq yumurta yemək üçün yumurta fincanlarını sevirəm. Belə yumurta fincanları bir incəsənətdir. Hər quruluşda, gözəllikdə, rəngdə və materialdan yumurta fincanına rast gəlmək olar. Mənim istifadə etdiyim yumurta fincanları çəhrayı rəngli və flaminqo bəzəklidir.

0 comments:

Post a Comment