Amerikalardan mətbəximizə çatan 10 nemət

Bölmələr: // Şərh yaz


Bugün düşünürdüm ki, əgər Amerikalar kəşf olunmasaydı tarixi demirəm, mətbəximizdə nə qədər yemək başqa cür olardı. Ümumiyyətlə müasir mətbəxlərin yeməkləri belə başqa cür olardı. Əslində Amerika mənşəli bir çox bitki, meyvə və tərəvəz olsa da mətbəximizə qədər çox az bir hissəsi gəlib çatıb. Ona görə də çoxdan istifadə etdiyimiz Amerikalar mənşəli "yeməklərin" siyahısını hazırlamaq qərarına gəldim.

Siyahıda bəzilərinin Azərbaycana necə gəlməsini izah etməyə çalışdım. Aşağıdakıların demək olar ki, çoxu Avropaya Amerikaların kolonizasiyası nəticəsində 15-16-cı əsrdə gətirilib. Bəzən bitkilər ilk öncə dekorasiya üçün istifadə olunub, bəzən isə birbaşa yemək kimi gətirilib. Azərbaycanca onların adlarının mənşəyi çox maraqlıdır və haradan gəlməklərini göstərir. 

1. Kartof - Avropaya ispanlar tərəfindən 16-cı əsrin ikinci yarısında gətirilib. Əvvəlcə populyar olmasa da sonradan əsas yeməklərdən birinə çevrilib. Avropalılar da sonradan kartofu bütün dünyaya yayıblar. Rusiyada kartof müqavimətlə rastlaşsa da geniş halda əkilməsinə 19-cu əsrdə başlanıb. Bu dövrdə Azərbaycan artıq Tsar İmperiyasının tərkibində olduğundan çox güman ki, kartof və əminliklə adı Rusiyadan gəlib.



2. Pomidor - 16-cı əsrdə ispanlar pomidoru Avropaya, sonra da koloniyaları vasitəsilə bütün dünyaya yayıblar. Dilimizə bu söz rus dilindən keçib. Rus dilinə isə italiyan dilindən keçib. Pomi d'or, yəni qızıl almalar deməkdir. Çox güman ki, pomidor Azərbaycana 18-19-cu əsrlərdə Rusiyadan gəlib.


3. Bibər - Capsicum bitkisi və ya bibər Amerikalardan  gəlib. Deyilənə görə Xristofor Kolumb bibəri kəşf edən ilk Avropalılardan olub. Avropaya 15-ci əsrin sonunda gəlib. Sonra isə yeni becərmə növləri yetişdirilib. Portuqaliyalılar və ispaniyalılar qırmızı istiotun (çili) çox yeyildiyi ölkələrə (Hindistan kimi) və ümumiyyətlə bibərin yayılmasına səbəb olublar. Adına görə bibərin Azərbaycana Osmanlılar dövründə keçdiyini düşünürəm (bibər farsca fəlfəl, rusca isə perets-dir).


4. Balqabaq - Avropaya 16-cı əsrdə gəlib. Yemək kimi isə 17-ci əsrdə populyarlaşıb. Çoxlu növü var. Azərbaycanda üç növü yetişdirilir. Bunun da Azərbaycana Osmanlılar dövründə keçdiyini düşünürəm. Qabaq (kabak) sözünün türkcə yetişməmiş, kal və keçəl mənası var.


5. Şokolad - tarixi burada.


6. Qarğıdalı - 15-ci əsrdə Avropaya gətirilib. İndi Amerikalarda ən geniş əkilən bitkilərdəndir. Müxtəlif iqlim şəraitində becərə bilindiyindən dünyaya çox tez yayılıb. Türkiyəyə Suriyadan 17-ci əsrin əvvəllərində gəlib və türkcə adı Misirdir. Rusca kukuruza, farsca isə balal-dır. Azərbaycanca isə qarğıdalı öz sözümüzdür. Qarğıdalının toxumu qarğıya bənzər yarpaqların arxasında olduğundan qarğı-dalı adı verilib. Ona görə də Azərbaycana haradan gəldiyini demək çətindir. Yəqin ki, haradasa kitablarda bu haqda izahat var. 


7. Günəbaxan - 16-cı əsrin əvvəllərində ispanlar Avropaya gətirib. Sonra isə başqa yerlərə yayılıb. Deyilənə görə Rusiyanın I Pyotru günəbaxanı Hollandiyada görüb, sonra gətirdib. 19-cu əsrdə Rusiyada günəbaxan yağı istehsalı populyarlaşıb. Sonra günəbaxandan yağ hazırlanması başqa ölkələrə də yayılıb. Azərbaycana yəqin ki, Rusiyadan gəlib. Günəbaxan sözü də uyğun şəkildə tərcümə olunub. Mətbəximizdə yağından və tumlarından istifadə edilir.


8. Lobya - biz demək olar ki, bütün lobya növlərinə lobya deyirik. Amma lobyanın çoxlu müxtəlif növləri var. İşlətdiyimiz lobyaların çoxu Amerika mənşəli deyil. Amma belə olanlar da var. Misal üçün qırmızı lobyanın vətəni Amerikalardır. Ümumiyyətlə adi lobya kimi tanınan Phaseolus vulgaris-in vətəni Amerikalardır. Avropaya gəldikdən sonra yeni becərmə növləri yaradılıb.


9. Araxis -  qoz-fındığa bənzəsə də əslində lobyadır və paxlanın içində yerləşib. Avropaya ilkin kolonial dövrdə gətirilib. Əvvəlcə yemək üçün istifadə olunsa da sonradan araxisdən heyvan yemi kimi istifadə etməyə başlayıblar. 19-cu əsrin sonunda isə yenidən yemək kimi populyarlaşıb. Yəqin ki, 20-ci əsrin əvvəllərində, ya da Sovet dövründə Azərbaycana gətirilib. Azərbaycanın suptropik bölgələrində yetişdirilir. Araxis sözü latınca bitkinin adından götürülüb.


10. Feyxoa - 19-cu əsrin sonunda Avropaya gətirilib. İlk dəfə Fransada yeyilib. Sonra 1900-cü illərdə Qafqazın subtropik ərazilərində əkilib. Mətbəzimizdə feyxoadan meyvə kimi, mürəbbə və kompot hazırlamaq üçün istifadə olunur. Mürəbbəsi başqa mürəbbələrdən çox asandır. Ət maşınından keçirilir və şəkər və balla qarışdırılır. Qarışdırıldıqdan sonra yeyilməyə hazır olur. Uzun müddət saxlamaq mümkündür. Alman botaniki bitkini Portuqaliya botaniki Feijó -nun şərəfinə adlandırıb.

Foto: Kristina D.C. Hoeppner / www.flickr.com
Avropanın Yeni Dünyanı kəşfi mətbəximizi genişləndirib. Bizim üçün yeni dadlar və ətirlər açıb. Yuxarıdakılardan başqa vanil, tütün, pambıq və bir sıra başqa bitkilər də Amerikalar mənşəlidir.

0 comments:

Post a Comment