Cheesecake nədir?

Bölmələr: // Şərh yaz
Foto: zingyyellow / wikipedia.org
Çizkeyk (cheesecake) ingiliscə hərfi olaraq pendir tortu deməkdir. Harada və necə yaranması haqqında mülahizələr müxtəlifdir. Çizkeykə ən qədim istinad Qədim Yunan və Roma mənbələrinə gedib çıxır. Deyilənə görə Qədim Roma torpaqlarının genişlənməsi "çizkeyk reseptinin" yayılmasına səbəb olub. 

Bu torpaqlarda yaşayan millətlər Qədim Roma reseptini təkmilləşdiriblər və yerli inqredientlərə uyğunlaşdırıblar. Misal üçün italyanlar çizkeyk hazırlamaq üçün rikotta pendirindən, almanlar və polyaklar isə kəsmik və ya tvoroqdan istifadə edirlər. Bundan başqa çox güman ki, ayrı-ayrı xalqlar müxtəlif dövrlərdə çizkeykə oxşar desertlər və ya başqa yemək məmulatları kəşf ediblər.

Çizkeyk hazırlanması asandır. Bunun üçün yumşaq pendirə (yuxarıdakılardan birinə) yumurta və şəkər əlavə olunur. Bəzi reseptlərdə bərkidici element kimi jelatindən  (misal üçün fransız resepti) istifadə olunur. Ona görə də çizkeyklər sobada bişirilən və ya bişirilməyən olur. Sobada hazırlanan çizkeyk adətən su vannasında su keçirməməsi üçün ətrafı folqa ilə əhatə olunmuş qabda bişirilir. Çizkeyk buxarın sayəsində daha yaxşı bişir. 

Yuxarı pendir qatına dad və ətir vermək üçün müxtəlif meyvələrdən və vasitələrdən, misal üçün sürtgəcdən keçirilmiş sitrus qabığından  istifadə olunur. Bu qatın üzərinə bişdikdən sonra adətən meyvələr qoyulur və ya qoz-fındıq, şokolad, müxtəlif şərbətlər və souslar vurulur. Aşağı qeyri-pendir qatı ümumiyyətlə olmaya bilər. Yaxud da peçenye ovuntularından, yaxud biskvitdən və başqa növ xəmir məmulatından hazırlana bilər.

Müasir, aşağı qatı peçenye ovuntusu olan çizkeyk və ya Nyu-York çizkeyki ABŞ-da yaranıb. Ümumiyyətlə, çizkeykin ABŞ-da avropalı mühacirlər tərəfindən hazırlandığı deyilir və hazırda başqa növləri var. Nyu-York çizkeyki Filadelfiya qaymaqlı pendirindən (Philadelphia cream cheese) hazırlanır. Filadelfiya pendir brendi ilk dəfə 1880-ci ildə Nyu-Yorkda buraxılmağa başlayıb (qaymaqlı pendir isə ABŞ-da 1872-ci ildən istehsal olunmağa başlayıb). 

Nyu-York çizkeyki də bundan sonra hazırlanmağa başlanıb. Bu çizkeyki hazırlamaq üçün Filadelfiya pendirinə şəkər, yumurta və qaymaq vurulur və sonra sobada su vannasında bişirilir. Qaymaq adətən yüksək yağlı, haradasa 36-48%-lik olur.

Ən sevdiyim çizkeyk növlərindən biri Polşa çizkeyki Sernik Wiedeński, yəni Vyana Çizkeykidir. Bunun resepti çox güman ki, 17-ci əsrdən sonra yaranıb. Belə düşünməyimə səbəb əvvəlki postlarda dediyim kimi Vyana şəhərinin Vyana döyüşündən sonra "kofe evləri şəhərinə" çevrilməsidir. Daha sonralar 18-ci əsrdə Vyanada yaranan desertlər Polşaya yol tapıb orada dəyişə bilərdi. Hazırlanması üçün tvoroqdan istifadə olunur. Ona görə də bizə daha yaxın çizkeyk variantıdır.

0 comments:

Post a Comment