Terroir nədir?

Bölmələr: // Şərh yaz


Terroir (teruar) fransızcadan bir çox ölkələrin dilinə keçib. Coğrafi, geoloji, hidroloji, iqlim və s. amillərin təsirindən bitkidə yaranan xüsusiyyətlərin mühitinə deyilir.  Tərcüməsi asan deyil. Çünki, terroir yalnız fiziki deyil, həm də mədəni mövhumdur. Eyni torpaqda və coğrafi mühitdə iki fərqli cəmiyyət fərqli terroirlar yarada bilər. Çünki, insan faktoru və insanın etdiyi seçimlər də bitkiyə təsir göstərir. 

Fransızcadan "terre" - torpaq sözündəndir. Eyni etimoloji kökə malik olsalar da bu sözü territoriya sözü ilə qarışdırmaq olmaz. Territoriya fiziki anlam olduğu halda terroir-a yuxarıdakı amillərdən başqa müəyyən bir insan toplusunun tarix boyu əldə etdiyi və nəsildən nəsilə ötürdüyü bacarıqları, bilikləri və təcürbəni də aid etmək olar. Qısa şəkildə buna bir yerin özünəməxsusluğu və ya orijinallığı demək olar.  

İlk olaraq bu mövhum şərab və üzüm ilə əlaqədar yaransa da, sonradan kofe, şokolad, tütün, çay, pomidor və s. kimi "bitkilərə" də şamil edilib. Konyak və absint kimi içkilərin də terroir-ı var. Hətta əldə hazırlanmış pendirin də terroir-ı olduğu deyilir. 

Terroir-ın önəmliliyi ondadır ki, eyni bitki və ya eyni üzüm başqa yerdə yetişdirilsə də heç cür eyni dadı, ətri və başqa özünəməxsusluğu verə bilməz. Bu da belə şərabları və başqa məmulatları unikal edir. Misal üçün fransız Chardonnay üzümü Azərbaycanda yetişdirilərək şərab istehsal edilsə şərabın dadı fransız Chardonnay şərabının dadı kimi olmayacaq. 

Bizdə bu mövhum daha çox coğrafi xarakter daşıyır. Məsələn Gədəbəy kartofu, Göyçay narı və ya Sabirabad qarpızı coğrafi yerlərə və torpaqların keyfiyyətinə istinad edir. Amma misal üçün əgər göyçaylılar neçə onilliklər boyu xüsusi növ nar şərabı istehsal etsəydilər, bu həmin nar şərabının terroir-ı olacaqdı. Ona görə də terroir yerlibazlıq deyil, maraqlı və bir qədər patriotik mövhumdur. 

0 comments:

Post a Comment