Səfərim
19-cu əsr (1800-cü illər) Şuşayadır. Səyahətim həmin dövrdə Şuşaya səfər
etmiş missionerlərin yazdıqları və digər 19-cu əsr qərb nəşrlərinin əsasındadır. (Bütün
nəşrlərin asanlıqla tapılması üçün adlarına linklər daxil etmişəm.)
Ingilis
John Bellows (1831-1902) 1893-cü ildə Şuşada olanda yazırdı ki, Şuşa tartar, yəni
türk dilində şüşə deməkdir - təpə üzərində uzaqdan ağ göründüyünə görə belə
deyilir.
Əhalisi
Bu əhali
artımını (2000-dən 13000-50000-ə) başqa mənbələrə (misal üçün
rus mənbələrinə) baxmadan izah etmək çətindir. Burada üç səbəb ola bilər:
- Qeydlər və hesablamalar düzgün
olmaya bilər. Birinci qeyd digər rəqəmlərdən çox aşağı olsa da nisbətən doğru
ola bilər. 1824-cü ildə Şuşa nisbətən gənc şəhər idi və 2000-lik əhalisinin olması ağlabatandır. 50000 isə şişirdilmiş rəqəmə bənzəyir.
- Çar İmperiyasının tərkibinə
daxil olduqdan sonra Şuşa əhalisinin sayının miqrasiya nəticəsində çox sürətlə
artması mümkündür. Təxminən 50 - 70 ildən sonra 25000-lik şəhər olması 40 ildən
sonra 50000-lik şəhər olmasından daha uyğun görünür.
- Ola bilsin ki, birinci qeyddən
başqa bütün digər mənbələr ətraf kəndlərin və rayonların əhalisini də qeydə
alıb.
|
Şuşa tatarı (türkü). Müəllif: Metzmacher, Vereşaginin eskizləri əsasında. 1864-65 Mənbə: Le Tour Du Monde |
Vasiliy Vereşagin Şuşa və əhalisi haqqında
1864-65-ci
illərdə Qafqaza səyahət edən rus rəssamı Vasiliy Vereşagin yazır ki, Şuşa Qafqazın digər şəhərlərindən özünəməxsusluğu ilə fərqlənir. Yerevanda, Naxçıvanda və Gəncədə bütün tikililər Levant evlərinə bənzəyir. Bu şəhərlərdə evlər aşağı hündürlüklü və balacadır, tikilməsi üçün torpaq və kərpicdən istifadə olunub, pəncərələr çox azdır, alçaq damlar divarların və yaşıllıqların arxasında itir, küçələr dar, çirkli və əyridir və demək olar ki, heç vaxt üzəri daşla örtülmür. Şuşa isə başqa cürdür. Onun evləri sırayla düzülmüşdür, böyükdür, gözəldir və çoxlu miqdarda pəncərələrlə işıqlanır. Tikililər üçün şəhərin yerləşdiyi qayalardan daşlar çıxarılaraq istifadə olunub. Küçələr daha genişdir və plitələr ilə örtülüb. Evlərin damı Avropa evlərinin damlarına bənzəyir: onlar kiçik taxta lövhəciklərdən düzəldilib.
|
Şuşada ev. Müəllif: Clerget, Vereşaginin eskizləri əsasında. 1864-65. Mənbə: Le Tour Du Monde
|
Şuşa əhalisinin əcdadlarının
bir zamanlar Persiya (İran) taxt-tacına iddia etmiş Heydəri (Gaidari) və Nemət (Neemet)
üçün mübarizədə olduğunu yazır.
Bu iddiaçılar artıq neçə əsrdir ki, qəbirdədir.
Adları demək olar ki, yaddan çıxıb. Fərqi yoxdur.
Heç səbəbini də başa düşmədən nəsilbənəsil bir tərəf Heydəri üçün, digər tərəf
isə Nemət üçün məqsədsiz və əsassız dalaşmaq fürsətini əldən buraxmayaraq əcdadlarını
təqlid edirlər. Onların dalaşqan xasiyyəti yerli hakimiyyətə yaxşı məlumdur: yerli
hakimiyyət adətən bir tərəfin görüş yerinə gəldiyini bildikdə asan olmasa da digər
tərəfi oradan çıxardır.
Maraqlıdır
ki, Persiya tarixində biri Heydər olmaqla taxt-tac üçün iki iddialının qarşıdurması
1576-cı ildə I Təhmasibin ölümü ilə baş verib. İki yarım-qardaş Heydər Mirzə
(şahın sevimlisi) və İsmayıl Mirzə (şahın 20 il həbsdə saxladığı) bir-birinə
düşmən kəsilir. Bu qarşıdurmada yaşca kiçik olmasına baxmayaraq özünü şah elan
edən 21 yaşlı Heydər Mirzə öldürülür. 39 yaşlı İsmayıl Mirzə isə II Ismayıl adı ilə taxta çıxır. Lakin
o da 1 il sonra ölür. Onun yarım-bacısı tərəfindən zəhərləndiyi güman edilir. Vereşagin
Şuşalıları gördükdə o hadisədən haradasa 300 il keçmişdi. İnsanlar isə hələ də olub
keçənlərin təsiri altında yaşayırdı. Nemət adı ola bilsin ki, Şuşadakı digər
tayfanın adı olub.
Bazarların cəmiyyətin ən vacib maraqlarının müzakirə olunduğu, həm əhəmiyyətsiz xəbərlərin, həm də ən ağır siyasi xəbərlərin yayıldığı balaca parlamentə bənzədiyini deyir. Şuşa əhalisinin Məhərrəmlik mərasiminin və insanların özünə xətər yetirməsinin də
şahidi olur və bunu detallı şəkildə qələmə alır.
Qarabağ xanlığının taxt-tacına iddialılardan biri olan Cəfərqulu xan (İbrahim Xəlil xanın nəvəsi, böyük oğlu Məmməd Həsən ağa Cavanşirin oğlu) və onun oğlu Hidayət ağayla Şuşada ünsiyyətdə olur və hətta Cəfərqulu xanla isti münasibət qurur. Onun İbrahim Xəlil xanın öldürülməsində rolu olduğunu yazır. Cəfərqulu xan Vereşaginin səfərindən bir müddət sonra 1867-ci ildə vəfat edir. Çox güman ki, Vereşagin bundan heç vaxt xəbər tutmur.
|
Gənc tatar (türk) aristokrat. Müəllif: Vereşagin. 1864-65. Mənbə: Le Tour Du Monde |
Vereşagin Şuşa aristokratlarının hamısının ova öz "nökəri" ilə gəldiyini və nökərlərin qulluqçu olduğunu deyir. Ov zamanı bir ayıya güllə atsalar da öldürə bilmirlər, amma çoxlu sayda vəhşi keçi öldürürlər.
O, Qarabağda hər bir bəyin tövləsi olduğunu yazır. Qarabağ atlarının Nadir şahın ölümündən sonra Pənah xan tərəfindən gətirildiyini və bu atların ərəb və türkoman atlarının qarışığı olduğunu qeyd edir. Cəbrayıl atlarının Qarabağ atlarından daha böyük və güclü olduğunu, amma Qarabağ atı kimi gözəl olmadığını yazır.
Vereşagin Gəncəyə gedən qapının yaxınlığında böyük və köhnə bir evin olduğunu və bu evin Qarabağın sonuncu xanı Mehdiqulu xanın (İbrahim Xəlil xanın ikinci oğlu ondan sonra taxta çıxıb - 1845-ci ildə vəfat edib) qızının (Natəvan xanım - 1832 - 1897) olduğunu yazır. Atasının ona çoxlu var-dövlət saxladığını və onun tövləsinin "xanın atları" kimi tanınan Qarabağ atları ilə dolu olduğunu söyləyir. Natəvan xanımın evi hələ də dururmu?
Qısa tarixi
Vereşagin Şuşa şəhərini Pənah xanın tikdiyini və xanlığının paytaxtı etdiyini yazır.
The Encyclopaedia Britannica, Or Dictionaryof Arts, Sciences, and General Literature (20-ci cild), 1860: Şuşanın əsası Nadir Şah
(1688-1747) tərəfindən qoyulub.
The Encyclopedia Britannica, 1891: 1789-cu ildə Pənah (Pana) xan
tərəfindən qurulan Şuşa qalası bir tərəfdən divarları ilə, digər üç tərəfdən isə
təbii şəkildə müdafiə olunur. 1795-ci ildə Şuşa Persiyalı Ağa Məhəmmədin
mühasirəsinə uğurla dayanır, lakin bundan iki il sonra təslim olmağa məcbur
olur. 1805-ci ildə Qarabağın İbrahim xanı Rusiyanın müdafiəsini istəyir, amma
anneksasiya yalnız 1822-ci ildə başa çatır. İndiki (1891) Şuşa rayonu keçmiş
Qarabağ xanlığının yalnız bir hissəsini təşkil edir.
Şuşanın əsasının Nadir Şah tərəfindən qoyulması digər mənbələrlə uyğunlaşmır. Pənah xanın şəhərin əsasını qoyması daha doğru məlumata bənzəyir. Amma ola bilsin ki, şəhərin əsasını 1789-cu ildən daha öncə qoyub.
Coğrafiyası
Bible Society Record, 23-25-ci cildlər, 1878:
Müqəddəs ata Edwin M. Bliss-in hesabatından. Qafqaz hər biri təbiətinə və
sakinlərinə görə fərqli olan üç hissəyə bölünüb. (I) Qərbində Tiflis yerləşən və
şərq civarında Bakı yerləşən Kür hövzəsi, (II) bu hövzə ilə Qara Dəniz arasında
yerləşən dağlıq ərazi, (III) Araratın yüksəklikləri və Qarabağ. Bunlardan
birincisi ən önəmlisidir. Kürün sahili boyunca Tiflisdən başqa böyük ölçülü şəhər
yoxdur. Lakin cənubda, Qarabağın sərhədlərində, hər ikisi önəmli olan
Yelizavetpol (Gəncə) və Şuşa yerləşir. Mən Yelizavetpoldan keçdim. Çox hissəsi
sınıq-salxaq və köhnə olsa da hündür ağacları olan geniş meydan və izdihamlı
bazarı buranın hələ də ticarət üçün geniş mərkəz olduğunu göstərirdi. Şuşanı
görməyi planlaşdırırdım, lakin Rəştə yola düşəcək gəmiyə minmək və vaxtında
Bakıya çata bilmək üçün ora getmədim. Səyahətçilərdən və digərlərindən öyrəndiklərimə
görə Şuşa xeyli fəallığı olan şəhərdir və Rusiya hakimiyyəti bir vaxt oranın
mineral zənginliklərini açmağa hazır olarsa və ya başqalarına bunu etməyə icazə
verərsə, onda Şuşanın ölçüsü və əhəmiyyəti sürətlə artacaq.
Missionerlər
1822-ci
ilin imperial icazəsi ilə Basel cəmiyyəti Qafqazda xristian missiyasını yerləşdirmək
üçün Şuşanı seçir. Şuşa hər tərəfdən dərin uçurumlar və dərələr ilə əhatə
olunmuş yüksək dağlarda yerləşən bir şəhər kimi təsvir olunur. Şuşanın sərin dağ
bulaqları olduğu və havasının çox təmiz və sağlam olduğu qeyd olunur.
Buraya
ilk gələn missionerlər Dittrich, Zaremba və Hohenacker olur. Zaremba və
Dittrich Şuşaya 23 yanvar 1824-cü ildə çatırlar. Basel-də yerləşən Komitə
Dittrichlə söhbətləşmək istədiyindən onu geriyə çağırmaq üçün yerinə
Hohenacker-i göndərir. Hohenacker ora
mayın 23-ü çatır. Dittrich isə aprelin 12-si 1825-ci ildə Basel-ə çatır.
Dittrich
Woehr, Pfander və Haas-la Şuşaya yola düşürlər. Haas və
Dittrich digər ikisindən ayrılıb Moskvaya gedir. Daha sonra Komitə Judt-u çapçı
kimi Şuşaya göndərir (o oraya aprelin 2-si 1830-cü ildə çatır) və tələbə olan və rus dilini öyrənən
Sproemberg, daha sonra isə Hoernle, Schneider və Kreis gəlirlər.
Missionerlər
tezliklə özlərinə ev tikir, məktəb binası ucaldır, kitab cəmiyyəti və çap işi
qurur və yerli dialektləri öyrəndilər. Bir çox dini yazıları tərcümə və çap edib
paylayırlar. Missionerlərin istifadə etdikləri dillər əsasən fars və
Persiyada da (İranda) müəyyən qədər istifadə
olunan Trans-Qafqaz türk dili idi.
Missionerlərdən
ikisi ətraf torpaqlara səfər edərək müsəlmanlarla işləyir. Onlar Şəki,
Şirvan, Bakı, Dağıstan, Dərbənd, Naxçıvan və İrəvana səfər edirlər. Digərləri
isə Şuşanın bazarlarında olan adamlarla çalışır. Bir müddət sonra çap işi
dayandırılır. Kitablar və traktlar Moskvada çap olunmağa başlayır.
Yerlilərlə
və ətraf torpaqlarla mehriban münasibətlər qurulur. İlk narahatlıq 1826-cı ildə
Persiya şahzadəsi Abbas Mirzə Şuşaya hücum etdikdə yaşanır. O şəhəri 6 həftə
mühasirədə saxlayır. Rus qoşunlarının yaxınlaşdığını eşidən persiyalılar qaçır.
Bu təhlükə sonra da (mühasirə ilə əlaqədar) vəba xəstəliyi ilə əvəz olunur.
Missionerlərdən yalnız Zaremba vəba xəstəliyinə tutulsa da tezliklə sağalır.
İngilis
John Kitto 1829-cu ildə Şuşadan keçdikdə oradakı missionerlərin Dittrich, Hohenacker,
Haas, Zaremba və Pfander olduğunu deyir və çapçı John Abercrombie-nin adını
da çəkir. Şuşa şəhərinin şəhərə deyil, böyük kəndə bənzədiyini yazır. Şəhərdəki
yeganə yaxşı evin alman missionerləri tərəfindən tikildiyini qeyd edir.
Missionerlər
ilk növbədə müsəlmanlarla işləmək istəsələr də ermənilərin vəziyyəti ilə tanış
olduqdan sonra diqqətlərini onlara yönəldirlər. Ermənilərin məktəbləri yox idi,
aralarında çox az adam dini yazıları oxuya bilirdi və daha azı da başa düşürdü
(kilsə dilinin fərqliliyindən). Missionerlərə görə onlar özlərini "qeyri-xristian" kimi aparırdılar.
Bu da müsəlmanlarla iş üçün çox böyük çətinlik yaradırdı. Müsəlmanlar ermənilərə
baxıb xristianlığın doğru yol olmadığını düşünürdülər. Onlar erməniləri göstərib
deyirdilər: “Budur sizin xristianlarınız: onlar bizdən nə ilə üstündürlər?”
|
Şuşada məscid (Yuxarı Gövhər Aga Məscidi). Müəllif: H. Clerget, Vereşaginin eskizləri əsasında. 1864-65. Mənbə: Le Tour Du Monde |
Missionerlər
bütün cəhdlərinə baxmayaraq müsəlmanların dinlərini dəyişməsinə müvəffəq ola
bilmirlər. Diqqətlərini ermənilərə çevirirlər. Məhz ermənilərlə işə görə və
erməni kilsə rəhbərlərinin şikayəti nəticəsində 1835-ci ildə missionerlərin
işinə xitam verilir.
Hoernle-nin xatirələrindən
Hoernle 1832-ci ilin martında Basel-i tərk
edərək həmin ilin noyabrında Şuşaya çatır. Hoernle və Wolters-in ora çatması ilə Şuşada olan missionerlərin sayı altıya çatır. Onlardan
ikisi, Dittrich və Haas evli olduğundan ümumlikdə Şuşada həmin vaxt səkkiz
avropalı olur (Judt və Sproemberg daxil olmaqla). Sproemberg, Wolters və Hoernle müsəlmanlarla işləyir. Judt isə çap işi ilə məşğul
olur.
Oralarda üç dildə
danışırlar: erməni, tartar türk dili və fars dili. Hoernle türk və fars dillərini
öyrənir. O, birinci türk dili ilə başlayır. Bu çox çətin bir iş idi. Matveyin
İncilinin bir-iki fəslindən başqa ona kömək edəcək bir qrammatika, lüğət və ya
başqa kitab yox idi. Onun köməkçisi erməni Mirzə Farux öz dili ilə birlikdə
türk və fars dillərini yaxşı başa düşürdü, amma onlar arasında ünsiyyət vasitəsi
yox idi. Mirza Farux sözləri ayrıca yazıb tələffüz etməli idi. Hoernle sözləri
yaxşı öyrənənə qədər onu tutuquşu kimi təqlid etməli idi. Yavaş-yavaş həmin fəsilləri
heç nə başa düşmədən oxumağı öyrənmişdi. Növbəti addım oxuduğunun mənasını
öyrənmək idi.
Xalçaçılıq
Bir
çox nəşr Şuşada xalçaçılığın əsas sənayelərdən olduğunu vurğulayır. Aşağıdakı mənbə
xalçaçılığın çox detallı təsvirini verib. Mətn həmin nəşrdən tərcümədir.
Scottish Geographical Magazine, 1892: “...Xalça toxumaq əsasən
qadınların işidir və çox az tartar (türk) evi var ki, orada xalça toxumaq üçün
xana tapılmasın. Qadınlar bu işlə yalnız qazanc üçün deyil, həm də vaxt keçirmək
üçün məşğul olurlar. Qazanc doğrudan da vacib deyil. Qadın işçilər gün ərzində
12 saat iş üçün 5-12 qəpik alanda razı qalırlar. Satış üçün toxunan xalçalarda
çox vaxt pambıqdan istifadə olunur.
Xalça
sənayesinin əsas ocağı Şuşadır. Şuşa demək olar ki, bu sənətin monopoliyasına
sahibdir. Xristianlar və tartarlar (türklər) arasında olan inamsızlıq usta
yanında toxumağı öyrənmək üçün çətinlik yaradır. Bir xristian öz ailəsindən
kimisə tartar ailəsində şagirdlik etməyə göndərməz. Tartarlar isə qızlarının bu
işi usta yanında öyrənməsini istəməzlər, çünki, 10 yaşlı qız evlilik yaşına
çatmış hesab olunur və valideynləri onun üçün ər tapmağa çalışırlar. Xalçaçılıq tartarların tanıtdığı (təqdim etdiyi) bir incəsənətdir və bu işdə öz üstünlüklərini
saxlayırlar. Şagirdlik üçün çətinliklə bərabər, xristianlar yaxşı qiymətə yun əldə
etməkdə də çətinlik çəkirlər. Tartarlar çoxlu qoyun saxlayırlar. Yunu onlardan ucuz
ala bilmək üçün təhlükəli olsa da onların düşərgəsinə (oylağına) yunqırxma
zamanı baş çəkmək lazımdır. Düşərgədə yaz yununun bir pudunu 2-3 rubla almaq
olar. Payız yunu isə bundan iki dəfə artıq qiymətə satılır. Broker (əlaqələndirici)
vasitəsilə alınsa isə yaz yunu 5-6 rubla, payız yunu isə 7-8 rubla satılır.
Tartarlar yunlarını çirkli halda, heyvan qalıqlarına bulaşmış halda satırlar.
Yun istifadə olunmazdan əvvəl yuyulmalıdır, təmizlənməlidir və əyirilməlidir. Adətən
1 pud yunu əyirmək 10 qəpiyə başa gəlir. Sonra isə iplər burulur və boyanır. Heyvan
və tərəvəz boyaları yaxşıdır və ən əsası boyaqotudur. Amma mineral boyalar,
misal üçün süni alizarin, daha aşağı keyfiyyətlidir. Xalçaların müxtəlif adları
var və naxışından və ölçüsündən asılı olaraq fərqli qiymətlərlə satılır:
- Xalı (Khaly)– otağın ortası üçün istifadə olunan xalçadır və eni 2
metr, uzunluğu 5-7 metrdir. 60-120 rubl arası qiyməti var.
- Yan (Yan) – eni bir 1 metrdir. Divarların arasındakı döşəməni və
ortadakı xalçanı örtmək üçün istifadə olunur. İki yan bir xalı qiymətinədir.
- Ğiyaba (Ghiaba) – bu sözdən xalıdan tutmuş yana qədər bütün xalçalar
üçün istifadə olunur.
- Taxtüstü (Takhtustu) – 1.8 metr eni və 3 metr uzunu olan xalçadır.
Yatağın birləşik olduğu divardan asılır.
- Ceynamaz (Jeinamaz) – dua zamanı üzərində diz çökmək üçün istifadə olunan kiçik
xalçadır.
Naxışlar
təmsil etdikləri əşyalarla fərqlənir, misal üçün balıq (balykh - fish), buta
(almond - badam).
Şuşanın
xalçaları Qafqazda ən yaxşı olsa da Persiya xalçalarından və Təkkədən daha aşağı keyfiyyətli
hesab olunur, çünki, yunun keyfiyyəti aşağıdır. Buna baxmayaraq Şuşa xalçaları axır
zamanlarda Sankt-Peterburqa və Konstantinopola ixrac edilib. Şuşanın ildə təxminən 20 min funt-sterlinqlik xalça istehsal etdiyi hesablanıb.
O qədər
də dəyərli olmayan keçə (palaz – palassy) əsl xalçalardan fərqləndirilməlidir.
İki cür palaz var: zolaqlı (yerpalazı) və fiqurlu (kilim). Palazın qiyməti eyni
ölçülü xalçanın yarı qiyməti qədərdir. Toxucular adətən sifarişçinin gətirdiyi
materialdan xalça toxuyur.”
|
Şuşada tatar (türk) evinin oturma (qonaq) otağı. Çox güman ki, döşəmə xalça ilə örtülüb. Müəllif: H. Clerget Vereşaginin eskizləri əsasında. 1864-65. Mənbə: Le Tour Du Monde |
Le Tour Du Monde, 1869: Vereşagin 1864-65-ci ildə Şuşada olduqdan sonra: Xalça toxumağı görmək mənə bir neçə dəfə nəsib olub. Çox böyük xalçalar adətən evdən kənarda toxunur. Bütün ailə, ana və qızları, xalçanın arxasında əyləşirlər. Onların barmaqları heyranedici bir sürətlə ipləri zəncirvari müxtəlif rəngli kiçik düyünlərlə hörərək hərəkət edir. Sonra o düyünlərin uclarını uzun qayçı ilə kəsirlər. Xalça sənəti bundan ibarətdir. Avropada çox tanınmış və axtarılan Şərq xalçalarının hazırlanması da eyni üsulladır.
İpəkçilik
Şuşanın
ipəkçiliyi də inkişaf etmiş olub.
Scottish Geographical Magazine, 1892:
Keçmişdə
xeyli sayda yerli ipək karxanaları var idi. Lakin son zamanlarda bunlar hər
yerdə yoxa çıxmağa başlayıblar. Onların yerində buxarla işləyən Avropa modeli
ipək (dəzgahları) karxanaları quraşdırılmışdır. Belə ipək karxanaları Cəbrayıl,
Hadrut, Nuxa, Ordubad, Akulis, Şuşa və digər yerlərdə var. Şuşa və Cəbrayıl
rayonlarında haradasa 20 ipək karxanası var. Bəzilərində qadınlar işləyir. İş
günü 14-16 saatdır. Maaş günü 20-30 qəpik arası dəyişir. Sanitariya vəziyyəti
ürəkaçan deyil. Xeyli sayda barama, xam ipək və ipək ipləri Rusiyaya, Persiyaya və
Avropaya ixrac edilir.
Diplomatic and Consular Reports, 1892: Haradasa
30 il əvvəl Artersi yaxınlığında və Lənkəran yaxınlığında Bakı rayonunda geniş
miqyasda ipək yetişdirilirdi. Orada hələ də böyük tut ağacı bağlarının
qalıqları durur, amma xəstəlik baş qaldırdığına görə tərk ediliblər. Şuşa, İrəvan
və Yakatali (Zaqatala?) rayonlarında isə ipək geniş şəkildə yetişdirilir. Orada da xəstəlik
sənayeyə ciddi zərər vurmuşdu, amma Yaponiyadan və Bağdadın yaxınlığında yerləşən
Mandala-dan gətirilmiş baramanın hesabına sənaye ayaqda qala bilmişdi. İndi xəstəlik
yox olub və ipəkçilik yenidən uğurla davam etdirilir, amma əvvəlki səviyyədə
deyil.
Yemək mədəniyyəti
Hoernle
və Wolters Şuşadan ətraf torpaqlara səyahət etməyə başladıqda bir tartar, yəni
türk qadın onlara qonaqpərvərlik göstərir. Onlar üçün oğlaq kəsir və çörək
bişirir. Onları şahanə şəkildə meyvə və bala qonaq edir.
İngilis
bibliya alimi John Kitto 1829-cu ildə türk kəndində ilk gördüyü yaşayış yerinin
çox sadə olduğunu, torpağa batırılmış iki dirək üzərində qurulduğunu yazır. Sadə
olsa da daimi yaşayış yeri kimi istifadə olunduğunu düşünür. Orada çörək bişirən
iki qadın görür. Onlardan yaşlısı işarələrlə Kitto-ya başa salır ki, bu yer
onundur. Kitto yazır:
Bişirmə prosesi çox sadədir. Üstəlik mən
işin sürətli görülməsinə və təsadüfi şəraitə görə bunun müqəddəs kitablarda qeyd
olunan çörəkbişirmə metodu olduğunu güman etməyə meylliyəm. Qabarıq metal lövhə
üç daşın üzərinə qoyulur. Onun altında od yanır. Xəmir çox nazik qatlara
yayılır və metal lövhənin üzərinə qoyulur. Hər qat haradasa bir-iki dəqiqə
bişirilir. Ona görə də çörək nazik alınır. Şuşada, indi yazdığım yerdə, belə
çörək bizim adi gündəlik çörəyimizdir. Çörək qəhvəyi bükmə kağızı kimi nazikdir və yumşaqdır. Bildiyimiz kimi persiyalılar
belə çörəyi süfrədə salfet kimi istifadə edir və sonra yeyirlər. Çörək çox dadlıdır.
Bişirəndə onu çevirmək lazımdır. Bu da İncildən bir sətri mənim yadıma saldı: “Efraim
çevrilməmiş çörəkdir.” – Huşə VII. 8. (10)
|
Şuşada tatar (türk) evinin oturma (qonaq) otağı. Müəllif: Metzmacher Vereşaginin eskizləri əsasında. 1864-65. Mənbə: Le Tour Du Monde |
Vereşagin 1864-65-ci illərdə Şuşada olduqda tatar (türk) evinə baş çəkir:
Bizə qəlyanaltı üçün çay və çayla sulanmış plov (ət ilə yağda bişirilmiş çoxlu ədviyyalı düyü) gətirdilər.
Belə
görünür ki, lavaş çörəyi, ət, plov, meyvə və bal Şuşanın və ətraf torpaqların ən əsas
və vacib yemək azuqələrindən olub. Bir neçə ensiklopediya Şuşada meyvə
yetişdirildiyi qeyd edir.
Yekun
Xristian jurnallarından və kitablarından belə məlum olur ki, 10-dan artıq missioner Şuşa və ətraf torpaqlarda on ildən bir qədər artıq müddətdə fəaliyyət göstərirlər. Onlar Şuşaya maraqlı bir dövrdə, bu torpaqlar Rusiya imperiyasına birləşdirildikdən qısa bir müddət sonra gəlirlər. İmperator I Aleksandr bu torpaqların müsəlmanlarının xristianlaşdırılmasına razılıq verir.
Missionerlərin hər biri maraqlı insan imiş. Misal üçün Zaremba savadlı artistokrat imiş və on iki dildə danışa bilirmiş. Missionerlər yerli dilləri öyrənir və yerli əhali ilə münasibət qururlar. Onlar hətta çətin tarixi bir anı – Şuşanın 6 həftəlik mühasirəsini – yaşamış olurlar. Daha sonra vəba xəstliyinin yayılmasının və insanların vəfatının şahidi olurlar.
Orada olduqları müddətdə çox güman ki, Qasım bəy Zakiri Şuşada görüblər və onunla ünsiyyətdə olublar. Şuşa balaca olduğundan rastlaşmaya bilməzdilər. Vereşagin Şuşaya səfər etdikdə missionerlərin oradakı fəaliyyətinin üstündən 30 il keçmişdi və yəqin ki, onları artıq heç kim xatırlamırdı.
|
Şuşada istehkamlaşdırılmış yaşayış yeri. Müəllif: Clerget, Vereşaginin eskizləri əsasında.1864-65. Mənbə: Le Tour Du Monde |
İngilis John Kitto Şuşaya səfər edərkən şəhərdəki yeganə yaxşı evin alman missionerlərinin olduğunu deyir. Maraqlıdır bu ev iki müharibədən və neçə illik işğaldan sonra hələ də dururmu? Orada bu missionerlərlə əlaqədar tarix muzeyi yaratmaq mümkündürmü?
Bəs Şuşanın xalçaçılıq və ipəkçilik sənayesini yenidən bərpa etmək mümkündürmü? Pənah xanın və digərlərinin qəbirləri dururmu?
Bu suallara cavab tapmaq ümidilə.
İstinadlar:
- John Bellows: letters and memoir. 1904.
- Le Tour Du Monde. 19-20-ci cildlər. 1869.
- Christian missions: or amanual of missionary geography and history. 1846.
- Missionary Register. 1827.
- Missionary Register. 19-cucild. 1831.
- The Encyclopedia of Missions. 1891.
- The Magazine of ChristianLiterature, 7-ci cild, birinci buraxılış. 1892-93.
- The Jubilee Memorial of the
Religious Tract Society. 1850.
- Memoirs of John Kitto ... Compiled Chiefly from His Letters and Journals. 1856.
- The Church Missionary Intelligencer. 1854.
- The Church Missionary Review, 17-ci cild. 1866.
- Memoir of ... C.T. Hoernle ...compiled from his diaries and other papers. 1884.